Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Birliyin, gücün və ədalətin təntənəsi – Şanlı Zəfər” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını uğurla davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. O bildirib ki, bu Qələbə xalqın birliyi, ordumuzun gücü və dövlət başçısının uzaqgörən siyasəti sayəsində mümkün oldu. Ramiz Hüseynov qeyd edib ki, bu Zəfər yalnız hərbi uğur deyil, həm də milli ləyaqətin və ədalətin bərpasıdır. Bu, Heydər Əliyev ideyalarının İlham Əliyev reallığında təntənəsidir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi iradəsinin, milli həmrəyliyinin və dövlətinə sədaqətinin rəmzidir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionda sülhün, sabitliyin və iqtisadi gücün əsas dayağına çevrilib və bu Zəfər Azərbaycanın suverenliyinin, milli gücünün və dövlət müdrikliyinin təntənəsidir.
Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Qarabağ ordenli qazi Ehtiram Məmmədov, şəhid atası Sovet Şükürov və şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva çıxışlarında Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqın sarsılmaz iradəsindən və şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağından bəhs ediblər. Onlar vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixə xalqın lideri və qalib sərkərdə kimi yazılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan sənayesi və iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsi xalqımızın tarixində milli oyanış, mənəvi dirçəliş və dövlət iradəsinin parlaq təzahürü kimi qalacaq.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.