06 noyabr 2025 15:36
109

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Astanada Beynəlxalq Forumda iştirak edir

2025-ci ilin 6-7 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində “Milli statistika sistemlərinin rəqəmsal transformasiyası” mövzusunda  Beynəlxalq Forum və Forum çərçivəsində Qazaxıstanın dövlət statistika qurumunun yaradılmasının 105 illiyi mərasimi keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

“İki sahil” xəbər verir ki,  Forum zamanı innovativ informasiya texnologiyalarının tətbiqi (süni intellekt, maşın öyrənməsi və s.), məlumatların idarə olunmasına yeni yanaşmalar, onların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi də daxil olmaqla rəsmi statistikanın modernizasiyası, eləcə də kadr potensialının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, texniki infrastrukturun və statistik proseslərin transformasiyasının zəruriliyi, artan çağırışların birgə həlli yolları və istifadəçi ehtiyaclarının ödənilməsi imkanlarına dair aktual məsələlərlə bağlı müzakirələr aparılır. Tədbir milli statistika sistemlərinin rəqəmsal transformasiyası, məlumatların keyfiyyəti və müasir dünyada onların artan keyfiyyəti, rəsmi statistikada irihəcmli məlumatlardan istifadə potensialı, dövlət idarəetməsində süni intellekt texnologiyalarından istifadə, istifadəçi və məlumat istehsalçıları ilə kommunikasiya mövzularında sessiyalardan ibarətdir.   

Tədbirin 1-ci günü Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Toğrul Əcəlov təqdimatla çıxış edərək Azərbaycanda keyfiyyətin idarə olunması sisteminin tətbiqi, metaməlumatlar və şəffaflıq, keyfiyyətə nəzarət cədvəlləri, ev təsərrüfatları büdcələri tədqiqatında və istehlak qiymətləri indeksinin hesablanmasında ilkin məlumatların keyfiyyətinin yoxlanılması, inzibati məlumatlar və onların statistik məlumatların keyfiyyətində rolu sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.