04 noyabr 2025 18:28
141

Naxçıvanda sahibkarlığa dəstək genişlənir

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının növbəti mərhələsini xarakterizə edən mühüm bəyanatdır. Nazir sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi yükünün yüngülləşdirilməsi və biznes təşəbbüslərinin stimullaşdırılması istiqamətində son dərəcə vacib məsələlərə toxunub”.

Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev “İki sahil”ə  açıqlamasında bildirib.

Deputat qeyd edib ki, xüsusilə vurğulanmalı məqamlardan biri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə əlavə vergi güzəştlərinin təklif edilməsidir. Bu qərar Naxçıvanın sosial-iqtisadi inkişafına, regionda investisiya mühitinin genişlənməsinə və yerli bizneslərin dayanıqlığının artırılmasına yeni imkanlar açacaq.

Onun sözlərinə görə, hazırda Naxçıvan iqtisadiyyatı strateji keçid dövründən keçir və dövlətin bu istiqamətdə göstərdiyi ayrıca dəstək regionun potensialının tam reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Vergi güzəştləri sahibkarların likvidliyini artıracaq, yeni iş yerlərinin açılmasını sürətləndirəcək və xüsusilə kiçik və orta biznesin möhkəmlənməsinə real təsir göstərəcək.

Deputat əlavə edib ki, nazirin çıxışında nağdsız əməliyyatların stimullaşdırılması, ƏDV qeydiyyat həddinin artırılması və ictimai iaşə sahəsində vergi dərəcələrinin optimallaşdırılması kimi məsələlərə toxunulması iqtisadiyyatın şəffaflaşması, rəqabətliliyin gücləndirilməsi və biznes dövriyyəsinin daha sağlam əsaslara keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qəzənfər Abdullayev vurğulayıb ki, bu islahatlar xüsusilə Naxçıvanda sahibkarların fəaliyyət imkanlarını genişləndirəcək, regionun iqtisadi aktivliyini artıracaq və yeni investisiyaların cəlb olunmasına ciddi təkan verəcək.

Deputatın sözlərinə görə, həyata keçiriləcək dəyişikliklər qeyri-neft sektorunun payının artmasına, regionlarda iqtisadi aktivliyin yüksəlməsinə, yeni investisiya axınının stimullaşdırılmasına, məşğulluğun genişlənməsinə və vergi bazasının sağlam şəkildə böyüməsinə xidmət edəcək.