04 noyabr 2025 14:00
117

Taleh Kazımov: Gələn il inflyasiyanı hədəf daxilində saxlamaq pul siyasətimizdə əsas məqsəd olacaq

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.

“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək: "Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. AMB-nin son (oktyabr 2025) proqnozlarına görə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63,9 ABŞ dolları və qazın min kub metr üçün qiyməti 288 ABŞ dolları) 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard ABŞ dolları ətrafında profisit olacağı gözlənilir".

Baş bankir maliyyə sektoru üzrə prioritetlərin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"na uyğun həyata keçirildiyi qeyd edib: "Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemlərinin və rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək".

T. Kazımov ötən ildən etibarən tətbiq edilən xüsusi tənzimləmə rejiminin maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətində mühüm təşəbbüslərdən olduğunu vurğulayıb.

"Ümumilikdə, 2026-cı il və ortamüddətli dövr üçün təqdim edilən makro-fiskal çərçivəni optimal və effektiv hesab edirəm. Məlum olduğu kimi fiskal sferada aparılan islahatlar dövlət büdcəsinin, geniş mənada dövlət maliyyəsinin sosial rifaha və iqtisadi aktivliyə təsirlərinin gücləndirməsinə xidmət edir. Eyni zamanda ölkənin müdafiə qabiliyyətinin artırılması, azad olunmuş ərazilərdə bərpa və reinteqrasiya işlərinin davam etdirilməsi, yaşıl və innovativ iqtisadiyyatın inkişafını dəstəkləyir. AMB növbəti ilin büdcəsinin fiskal qayda çərçivəsində hazırlanmasını və xərclərin dayanıqlı prinsiplərə uyğunluğunu müsbət qiymətləndirir. Fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir etməyəcəyi gözlənilir və AMB məcmu tələbin effektiv tənzimlənməsi sahəsində fiskal orqanlarla sıx koordinasiya şəraitində fəaliyyət göstərəcək", - deyə o qeyd edib.