2023-cü ilin sentyabr ayının 19,20-də 23 saatlıq Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Vətən sevdalısı leytenant Əli Rüstəm oğlu Babazadə xalq tərəfindən heç vaxt unudulmur, onun adı çəkiləndə kiçik də, böyük də iftixar hissi keçirdir. Zaman-zaman da belə olacaq. Çünki Əli ömrünü Vətəninə, xalqına verməklə əbədiyyət qazanıb. Məhz Əli kimi mərd, igid oğulların sayəsində indi qalib vətəndaş olmağın səadətini yaşayırıq.
Vətəni alınmaz qalaya çevirib ölümsüzlüyə qovuşan şəhid Əlinin yarımçıq arzularını cücərdəcək oğlu Yaqub bizə əmanət qalıb. Sözsüz, onun xətri hər bir azərbaycanlı üçün çox əzizdir. Yaqubun 10 yaşı tamam oldu. Onun dəvəti ilə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova şəhid övladının doğum günü tədbirində iştirak ediblər. YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yaquba ürəkdən gələn təbrikini söyləyib, gələcək həyatında xoşbəxtlik, sağlam ömür sürməyi arzulayıb və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təbriklərini ona çatdırıb.
10 yaşını qeyd edən Yaqub atası kimi Vətəninə, elinə bağlı, sədaqətli övlad olacağını səmimi şəkildə dilə gətirib və atasına həsr etdiyi şeri böyük qurula oxuyub.
Daha sonra şəhidin müqəddəs məzarının ziyarəti zamanı Həbib Cəfərov çıxışında deyib ki, Əli kimi Vətən övladların qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. İndi biz qalib xalq olaraq bütün dünyada tanınırıq. Qəhrəman Əli, onun kimi Vətəni sevən oğlu ilə qürur duyuruq.
Şəhidin valideynləri Dilbər ana, Rüstəm kişi, qardaşı Yusif, bacısı Nəzakət xanım və Yaqubun anası Günay xanım göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü