Fəxriyyə İbrahimova: İdeal müəllim yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran insandır
Müəllimlik — sadəcə bir peşə deyil, həm də insanın mənəvi dünyasını, düşüncə mədəniyyətini formalaşdıran müqəddəs bir sənətdir. Bu sənəti ömrünün mənasına çevirən, illər boyu təhsilin inkişafına sədaqətlə xidmət edən müəllimlər arasında Fəxriyyə Ənvər qızı İbrahimova xüsusi yer tutur.
Onun gərgin əməyi sayəsində layiq görüldüyü “Ən yaxşı müəllim”, “Ən yaxşı 100 müəllim” adları, “Tərəqqi” medalı və “Qabaqcıl təhsil işçisi” döş nişanı — sadəcə mükafat deyil, bir ömrün işıqlı izinin, zəhmət və səbrin rəmzidir. Onunla müsahibəmizdə bu missiyanın sirlərinə, öyrətməyin fəlsəfəsinə və təhsilə həsr olunmuş mənəvi yoluna nəzər saldıq.
-Özünüzü oxucularımıza təqdim edin.
-Mən Fəxriyyə İbrahimova 1964-cü ildə Ağcabədi şəhərində anadan olmuşam. 1981-ci ildə orta məktəbi bitirib akademik Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə qəbul olmuşam. 1986-cı ildə həmin institutun “Riyaziyyat və əlavə fizika” ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. 11 il rayonumuzda işləmişəm. Artıq 29 ildir ki, Bakı şəhərinin Nəsimi rayonundakı 14 nömrəli tam orta məktəbdə çalışıram. Bir sözlə, pedaqoji fəaliyyətimin 40-cı ilini davam etdirirəm. Bu tədris ilindən həm də 19 nömrəli tam orta məktəbdə metodist vəzifəsində çalışıram.
– Niyə məhz bu peşəni seçdiniz?
–Anam, əmim və dayım müəllim olublar. Onlar mən təhsil aldığım Ağcabədi şəhərindəki 7 nömrəli məktəbdə ixtisasları üzrə müəllim işləyiblər. Mən onların hər birindən təlim-tərbiyə almışam. Anam Gözəl müəllimə qabaqcıl və savadlı pedaqoq idi. İşindəki yüksək fəaliyyətə görə Təhsil Nazirliyinin ona təqdim etdiyi Fəxri Fərmana heyranlıqla baxardım, anamla fəxr edərdim. Anam savadlı ibtidai sinif müəllimi idi, çünki riyaziyyatı çox yaxşı bilirdi. Söz düşəndə deyərdi: “Mənim arzum riyaziyyat müəllimi olmaq idi.” Atası Böyük Vətən müharibəsində həlak olmuşdu. O, anasına kömək üçün yaxınlıqda yerləşən pedaqoji texnikumla kifayətlənmişdi. Ailədə hər birimizin dəqiq fənlərə həvəs göstərməyimizin səbəbi yəqin ki, anamız və hər zaman hörmətlə andığımız cəfakeş müəllimlərimizdir. Bəlkə elə bu səbəbdən böyük bacım və mən riyaziyyat müəllimi olduq. Əlbəttə, çox ağıllı, yüksək dünyagörüşü və savadı olan atamın həyatımızdakı rolu da danılmazdır. Digər tərəfdən, insanları öyrətmək, onların həyatında iz buraxmaq istəyi düşünürəm ki, bu peşəni seçməyimin təsadüfi olmadığını göstərir.
-Müəllimlik fəaliyyətinizə başladığınız ilk illəri necə xatırlayırsınız?
-Fərqlənmə diplomu ilə bitirdiyim institutun rektorundan burada fəaliyyətimi davam etdirmək təklifi alsam da, doğma məktəbdə şagirdlərə həvəslə riyaziyyat elminin sirlərini öyrətmək istəyim daha güclü idi. Təhsil aldığım Ağcabədi şəhər 7 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başladım və bu mənim üçün böyük sevinc idi. Riyaziyyat müəllimim Abbasəli İbrahimovla və digər sevimli müəllimlərimlə birlikdə çalışmaq mənə qürur hissi bəxş edirdi. Onların da mənimlə işləməkdən məmnun olduqlarını hiss edirdim. O zaman orta məktəblər 10 illik idi və mənə 10-cu siniflərdə riyaziyyat və informatika dərsləri tapşırılmışdı. Məktəb və sosial mühit mənə çox doğma idi. İşimə gəlincə, mən heç vaxt hazırlıqsız məktəbə getməmişəm. Savadlı olmaq müəllim üçün birinci şərtdir, lakin hər dərsə tam hazır olmaq müəllimin özünə inamını artırır. O illərin şagirdləri də fərqli idi – müəllimə hər mövzuda sual verib, sanki onun biliyini sınayırdılar. Bu, həm məsuliyyəti, həm də öz üzərində işləmək zərurətini artırırdı.
-Müəllimlik peşəsinin çətinlikləri nədən ibarətdir?
-Müəllimlik peşəsi böyük səbir, davamlı öyrənmə və yaradıcılıq tələb edir. Hər bir şagirdin fərqli düşünmə və öyrənmə tərzi olduğundan bu fərqliliyə uyğunlaşmaq bəzən çətinlik yaradır. Lakin bu çətinliklərin öhdəsindən gəlmək üçün hər zaman yeniliklərə açıq olmuşam, müasir təlim metodlarından, interaktiv üsullardan və yeni texnologiyalardan faydalanmağa çalışmışam.
-Şagirdlərinizi hər zaman nəyə tövsiyə etmisiniz?
-Məktəbdə oxuduğum illərdə həm çalışqan, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik idim. Məktəb şagird təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Oxumaqdan yorulmazdım, araşdırmaqdan zövq alardım və bütün fənləri məsuliyyətlə, yüksək səviyyədə öyrənməyə çalışırdım. Şagirdlərimə də həmişə çalışqan, məqsədli və dürüst olmağı tövsiyə etmişəm. Uğur yalnız biliklə deyil, həm də əzmlə əldə olunur. Onlara səhvlərdən qorxmamağı, daim sual verməyi, səhv etdikdə isə ruhdan düşməməyi öyrətmişəm. Deyirəm ki, doğru nəticəyə nail olana qədər çalışmaq lazımdır.
-Peşə fəaliyyətiniz dövründə unuda bilmədiyiniz, yaddaşınızda xüsusi iz buraxmış hansı anlar olub?
-Fəaliyyətim dövründə unuda bilmədiyim çox, saya gəlməyən anlar var. Çünki maraqlı olan, məni təəccübləndirən hadisələr yadımdan çıxmır. Əlbəttə ki, yaddaşımda xüsusi iz buraxmış anların içində şagirdlərimin uğurları , mənim 2002-ci ildən başlayaraq vaxtaşırı qatıldığım müsabiqələrdə qalib olmağım , Prezidentimizin Sərəncamı ilə keçirilən “Ən yaxşı 100 müəllim” müsabiqəsində ikinci dəfə qalib olmağım, təltiflərim və xüsusilə 2016-cı ildə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməyim mənim üçün böyük qürur və fəxarət mənbəyidir. Uğurlarım və təltiflərim işlərimdə motivasiya qığılcımlarımdır. Yaxşı ki, bu sənəti seçmişəm. Bu mükafatlar mənim əməyimə verilən dəyərlərdir.
-Müxtəlif beynəlxalq və yerli təlimlərdə, seminar və forumlarda iştirak etmisiniz. Bu tədbirlərdən öyrəndiyiniz hansı bilikləri dərhal tədris prosesində tətbiq etmisiniz?
– İştirak etdiyim təlimlər arasında xüsusilə dərslərdə texnologiyaların səmərəli istifadəsi, interaktiv təlim metodları və qrup işlərinin düzgün təşkili ilə bağlı proqramlar mənim üçün çox faydalı olub. Bu bilikləri dərhal tədris prosesimdə tətbiq etmişəm. Şagirdlərin dərsdə fəal iştirakını artırmaq üçün yeni üsulları davamlı şəkildə sınamışam. WEB 2.0 alətlərindən mütəmadi və uğurla istifadə edirəm. Rəqəmsal bacarıqlarımı inkişaf etdirərək dərslərdə elektron resurslardan səmərəli yararlanmağa, müxtəlif mövzulara aid təqdimatlar və slaydlar hazırlayarkən innovativ vasitələrdən istifadə etməyə çalışıram. Bu alətlərlə hazırlanan oyun və yarış formatlı dərslər şagirdlərdə öyrənməyə marağı artırır, həm əyləncəli, həm də effektiv öyrənmə mühiti yaradır.
-Müasir təhsil texnologiyaları ilə bağlı təcrübəniz var. Sizcə, bu yeniliklər Azərbaycan təhsilinin gələcəyinə necə təsir göstərəcək?
–Müasir təhsil texnologiyaları dərslərin keçirilmə formasını tamamilə dəyişir, onları daha interaktiv, maraqlı və səmərəli edir. Bu texnologiyalar şagirdlərin analitik və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirir, onların tədqiqatçılıq və problem həll etmə qabiliyyətini artırır. STEM, hibrid dərs modelləri və süni intellekt əsaslı tədris vasitələri gələcəyin təhsili üçün mühüm addımlardır. Hesab edirəm ki, bu yeniliklər Azərbaycan təhsilində bilikli, yaradıcı, texnoloji cəhətdən savadlı və peşəkar gənc nəslin formalaşmasına böyük töhfə verəcək.
-Siz həm də metodist kimi fəaliyyət göstərirsiniz. Bu iş pedaqoji təcrübənizə hansı yeni çalarlar gətirib?
– Xaraktercə daim axtarışda olan, yeniliklərə açıq bir insanam. Metodist kimi fəaliyyət göstərmək həm məsuliyyətli, həm də şərəfli bir işdir. Bu fəaliyyət texniki və nəzəri baxımdan yüksək peşəkarlıq tələb edir. Metodist kimi çalışmaq mənə dərs planlamasında sistemlilik qazandırdı, müəllimlərə metodiki dəstək vermək və 40 illik təcrübəmi bölüşmək imkanı yaratdı. Bu iş sayəsində pedaqoji fəaliyyətim daha da zənginləşdi, mən isə öz işimdə daha geniş baxış bucağına sahib oldum.
-Sizin şagirdləriniz dəfələrlə olimpiadalarda və müsabiqələrdə uğurlar qazanıblar. Müəllim üçün şagirdlərinin belə nailiyyətləri nə deməkdir?
- Şagirdlərin uğuru müəllim üçün ən böyük mükafatdır. 2015–2016-cı tədris ilində İstək Liseyində keçirilən “Lütfi Zadə adına Bakı şəhəri I məktəblilərarası Məntiq Olimpiadası”nda VI a sinif şagirdim Nahid Hüseynov gümüş medala layiq görüldü. Elə həmin il aprelin 12–20-də 6-cı sinfimlə birgə Beynəlxalq “Su Qoruqçuları” adlı ekodərsdə iştirak edərək diplom aldıq. Uğurlarımıza 2022–2023-cü tədris ilində 9c sinif şagirdimin buraxılış imtahanında riyaziyyat fənnindən maksimum 100 bal toplamasını da əlavə edə bilərəm. Bu il həm xaricdə, həm də ölkəmizdə ali təhsil alan və maksimum nəticələr göstərən şagirdlərimizlə fəxr edirəm. Hər bir uğur mənim üçün həm fərəh, həm də gələcək fəaliyyətim üçün motivasiya mənbəyidir. Bu, müəllimlik sənətinin dəyərini göstərən ən gözəl nümunədir.
-Sizcə, XXI əsrin ideal müəllimi hansı keyfiyyətlərə sahib olmalıdır?
-Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi bu gün ən prioritet məsələlərdən biridir və bu istiqamətdə əsas rol müəllimə məxsusdur. İdeal müəllim yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran insandır. Onun fəaliyyəti şagirdin bilik səviyyəsinə, dünyagörüşünə və dəyərlərinə birbaşa təsir göstərir.
XXI əsrin ideal müəllimi:
* savadlı və emosional zəkaya malik,
* yaradıcı və müasir texnologiyalara, rəqəmsal bacarıqlara bələd,
* daim özünü inkişaf etdirən,
* şagirdlərlə səmimi münasibət qura bilən,
* rol-model olan bir şəxsdir.
Belə müəllim yalnız peşəkar bilik və bacarıqlara deyil, həm də kommunikasiya və pedaqoji mədəniyyətə, dəyərlərə və mənəvi keyfiyyətlərə sahib olmalıdır. İnkişaf və innovasiyaya açıq, motivasiyaedici və liderlik qabiliyyətinə malik olan müəllim ideal müəllimdir. Nəticədə ideal müəllim müasir dövrün tələblərinə cavab verən, dəyərlərə sadiq və daim inkişaf edən şəxsdir. Belə müəllimlərin sayı artdıqca, təhsilin keyfiyyəti də yüksələcək.
-Uğurlu pedaqoji fəaliyyətinizdə ailə dəstəyinin rolunu necə qiymətləndirirsiniz?
-Ailə dəstəyi mənim üçün çox önəmlidir. Ailəm mənə həmişə dayaq olub, çünki işimə nə dərəcədə bağlı olduğumu və məsuliyyətimi hiss ediblər. Həyat yoldaşım, qızım və oğlum mənəvi dəstək verməsə, özgüvən yaratmasa və çətin anlarda mənə motivasiya olmasa, irəli getmək daha çətin olardı. Eyni zamanda, ailəmin təhsilə verdiyi dəyər də mənim müəllimlik yoluma müsbət təsir göstərib.
-Təhsil sahəsində uzun illərin təcrübəsinə əsaslanaraq, gələcək gənc müəllimlərə hansı tövsiyələri verərdiniz?
-Gənc müəllimlərə tövsiyəm budur ki, heç vaxt öyrənməkdən və dəyişməkdən çəkinməsinlər. Hər bir şagirdin fərqli bir dünya olduğunu unutmasınlar. Səbirli olsunlar, sevdikləri işi peşəyə çevirsinlər və daim öz üzərlərində işləsinlər.
-Sonuncu dərs gününüzü necə təsəvvür edirsiniz?
-Dünyanı dərk edən insan üçün hər şeyin başlanğıcı və sonu olması məntiqi və induktiv nəticədir. Xoşbəxt o adamdır ki, özündən sonra yaxşı iz buraxa, yetirdiyi vətəndaşlar və şəxsiyyətlərlə hörmətlə xatırlansın. Sonuncu dərs günümü həssas olmağıma baxmayaraq, təmkinli və qürurlu təsəvvür edirəm. Şagirdlərimlə son dərsi keçirib onlara uğurlar arzulayacağam. Aldığım sevgi və minnətdarlıq hissi illərlə çəkdiyim zəhmətin ən gözəl mükafatı olacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”