16 oktyabr 2025 16:56
245

Vüqar Rəhimzadə: Füzuli şəhərinin timsalında dünya Azərbaycanın müasir şəhərsalma təcrübəsinin şahidinə çevrilir

Tarixi Zəfərimizin beşinci ildönümündə azad edilmiş ərazilərimizdə görülən işlərin miqyasından, sakinlərinə qovuşan şəhər, kənd və qəsəbələrin say tərkibindən, bir sözlə,  Böyük Qayıdış Proqramının uğurlu icrasından böyük qürur hissi ilə bəhs edirik.  Dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən  31 iyul 2023-cü il tarixli Sərəncamı ilə  işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Bu  bayram günlərini qeyd edərkən  şəhidlərimizin xatirəsinə  dərin ehtiramımızı ifadə edirik. Bu günə görə  onlara borcluyuq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarıda daim vurğuladığı kimi, dövlətin nə qədər gücü,  silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O sinəsini qabağa verir, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.

Bu gün şəhidlərimizin  ruhu şaddır. Canları, qanları ilə tarix yazan şəhidlərimizin hər birinin həyat yolu bir dastana çevrilib. Onların qəhrəmanlığı, şücaəti unudulmazdır. 30 il ərzində Ermənistan silahlı qüvvələri təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.  Ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğalçı Ermənistan  silahlı qüvvələri ilə döyüşdə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını yüksək qiymətləndirib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı  təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixini səhifələdikcə  sahibinə qovuşan torpaqlarımızın 30 ilin dağıntılar dövrünü arxada qoyub hazırda bərpa-quruculuq mərhələsini yaşamasından böyük sevinc hissi keçiririk. Xalqımız bu günləri böyük səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Füzuli  rayonu yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısı İlham Əliyevin  xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm  layihələr icra edilib.  Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda nəzərdə tutulan üç hava limanından biri məhz bu rayonun ərazisindədir. İlk istifadəyə verilən  də Füzuli Beynəlxalq Hava Limanıdır. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən bu hava limanının 2021-ci ildə  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Cəmi 8 ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, bu ərazinin strateji əhəmiyyətini də  təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin ötən beş ildə Füzuli rayonuna 20-dən artıq səfəri olub. Tarixi Zəfərimizdən sonra ilk səfər də məhz  16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına oldu. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  reallaşdırdıqları həmin səfər çərçivəsində Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı, Füzuli-Şuşa avtomobil yolunun- Zəfər yolunun təməlqoyma mərasimində iştirak etdi.

  Milli Məclisin deputatı bildirib ki, hazırda azad edilmiş ərazilərimizdə, o cümlədən Füzulidə bərpa-quruculuq işləri soydaşlarımızın qayıdışı ilə müşayiət olunur. 2023-cü il avqustun 18-də Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlandı və bu proses hazırda artan templə davam edir. İlkin mərhələdə şəhərə 144 ailə köçürüldü. Həmin ailələr həmin vaxtadək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələr idi. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salındı. Bu günədək  Füzuliyə 824 ailə, 3141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min soydaşımız Füzuli rayonunda yaşayacaq.

Vüqar Rəhimzadə azad Qarabağda və Şərqi Zəngəzurda görülən işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatı kimi  dəyərləndirib. Bildirib ki, bu torpaqların ev sahibliyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları da bu reallıqların təqdimatında və təbliğində əhəmiyyətli rol oynayır. Birinci Azərbaycan Milli Şəhərsalma Forumu Ağdamda, ikincisi Zəngilanda baş tutub, üçüncü isə hazırda  Xankəndi şəhərində  keçirilir. Oktyabrın 15-də Xankəndi şəhərində öz işinə başlayan Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.