18 oktyabr 2025 01:25
162

İdman, diplomatik və mənəvi gücün birgə təzahürü - III MDB Oyunları

Prezident İlham Əliyevin idman sahəsinə verdiyi diqqət, infrastrukturun sistemli qurulması və beynəlxalq standartlara cavab verən arenaların yaradılması Azərbaycanın nümunəvi modelini formalaşdırıb

Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında səsləndirdiyi mühüm məsələlərdən biri də bu il Azərbaycanda keçirilmiş III MDB Oyunları oldu. Dövlət başçısının bu beynəlxalq tədbirə verdiyi yüksək qiymət təkcə idman hadisəsinə deyil, həm də onun siyasi və mənəvi mahiyyətinə yönəlmişdi. Prezident bildirdi ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Bu fikirlər Azərbaycanın beynəlxalq siyasət fəlsəfəsinin əsas mahiyyətini əks etdirir. III MDB Oyunlarının yüksək səviyyədə təşkili və dövlət rəhbərliyinin ona verdiyi dəyər ölkəmizin həm idman, həm də diplomatik məkandakı nüfuzunu təsdiqlədi. Bu tədbir Azərbaycanın suverenliyinin, müstəqil siyasətinin və regional əməkdaşlığa verdiyi töhfənin təcəssümü kimi dəyərləndirildi. Azərbaycan MDB məkanında dostluq və qarşılıqlı hörmət dəyərlərini möhkəmləndirən lider ölkə olduğunu bir daha sübut etdi.

III MDB Oyunları Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər arasında öz formatı və məzmunu ilə seçildi. Qarabağ və Şərqi Zəngəzurda suverenliyin bərpa edilməsindən sonra ilk dəfə keçirilən bu miqyaslı yarışlar dünyaya nümayiş etdirdi ki, Azərbaycan artıq regionda sülhün, sabitliyin və əməkdaşlığın mərkəzinə çevrilib. Müharibədən qalib çıxan xalq indi öz gücünü mədəni, idman və humanitar dəyərlərin inkişafına yönəldir.

Prezident İlham Əliyevin idman siyasəti hər zaman dövlət strategiyasının mühüm hissəsi olub. İdman infrastrukturlarının yaradılması, beynəlxalq standartlara uyğun arenaların qurulması və gənclər siyasəti ilə bu sahənin birləşdirilməsi nəticəsində Azərbaycan nümunəvi model formalaşdırıb. III MDB Oyunlarının uğurlu təşkili bu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Düşənbədəki Sammitdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər MDB məkanında yeni əməkdaşlıq fəlsəfəsinin əsas tezislərini formalaşdırdı. Bu yanaşma Azərbaycanın beynəlxalq siyasətində “yumşaq güc” konsepsiyasının parlaq ifadəsidir. İdman vasitəsilə diplomatik əlaqələrin gücləndirilməsi, gənclər arasında dostluq mühitinin təşviqi və mədəni inteqrasiyanın dərinləşməsi müasir sülh gündəliyinin mühüm istiqamətlərindəndir.

III MDB Oyunları Azərbaycanın beynəlxalq imicinə də əlavə dəyər qazandırdı. Dünyanın 20-dən çox ölkəsindən gələn idmançılar və qonaqlar Azərbaycanın inkişaf etmiş infrastrukturunu, qonaqpərvərliyini və təşkilatçılıq səviyyəsini yaxından gördülər. Bu yarışlar Azərbaycanı yalnız idman dövləti kimi deyil, eyni zamanda, tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoqu təşviq edən bir ölkə kimi təqdim etdi.

Prezident İlham Əliyevin Düşənbədə səsləndirdiyi fikirlər MDB məkanında bərabərhüquqlu əməkdaşlığın və qarşılıqlı hörmətin vacibliyinə dair strateji mesaj kimi səsləndi. Azərbaycan heç bir hegemon gücün təsiri altında olmadan, əməkdaşlığı qarşılıqlı maraqlar üzərində quran siyasət yürüdür. III MDB Oyunları bu siyasətin humanitar ifadə forması idi və onun uğuru Azərbaycana beynəlxalq etimadı daha da gücləndirdi. Azərbaycanın ev sahibliyi etdiyi hər beynəlxalq tədbir iki məqsədə xidmət edir – ölkənin inkişaf səviyyəsini nümayiş etdirmək və xalqlar arasında dostluq dəyərlərini təşviq etmək. III MDB Oyunları bu baxımdan müasir dövlət siyasətinin həm ideoloji, həm də praktik təzahürü oldu. Azərbaycan bu yarışlarla bir daha sübut etdi ki, sülh və tərəfdaşlıq qarşılıqlı inam və hörmət üzərində qurulur.

MDB məkanında idman yarışlarının təşkili yalnız fiziki rəqabət deyil, həm də ortaq tarix və gələcəyə yönəlik birliyə əsaslanan münasibətlərin təntənəsidir. Azərbaycanın bu yarışları yüksək səviyyədə keçirməsi ölkəmizin idarəçilik modelinin, təşkilati potensialının və beynəlxalq nüfuzunun göstəricisidir.

Bu gün Azərbaycan idman sahəsində regionun lideridir. Qazanılan nailiyyətlər, dünya miqyasında tanınan idmançılar və üçrəngli Bayrağımızın beynəlxalq arenalarda dalğalanması ölkəmizin gücünü və iradəsini simvolizə edir. III MDB Oyunları bu prosesin yeni mərhələsini formalaşdırdı – Azərbaycanın həm idman dövləti, həm də siyasi mərkəz kimi rolunu möhkəmləndirdi. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın beynəlxalq tədbirlərə yanaşması təkcə təşkilati deyil, dəyərlər əsaslıdır. Dövlət başçısı MDB məkanında əməkdaşlığın qarşılıqlı hörmət və inam üzərində qurulmasının sabitlik və inkişaf üçün vacibliyini vurğuladı. Azərbaycan bu fəlsəfəni həm siyasi platformalarda, həm də humanitar tədbirlərdə ardıcıl şəkildə nümayiş etdirir.

III MDB Oyunları gənc nəslin tərbiyəsində, sağlam həyat tərzinin və vətənpərvərlik ruhunun təşviqində də mühüm rol oynadı. Gənclər bu yarışlarda təkcə idman bacarıqlarını deyil, həm də qarşılıqlı anlayış və hörmət prinsiplərini nümayiş etdirdilər.

Nəticə etibarilə, III MDB Oyunları Azərbaycanın idman, diplomatik və mənəvi gücünün birgə təzahürünə çevrildi. Bu yarışlar MDB məkanında dostluğun, etimadın və əməkdaşlığın simvolu kimi yadda qaldı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə bu uğurun siyasi və mənəvi dəyərini beynəlxalq miqyasda təsdiqlədi. Azərbaycan bu gün regionun yalnız qalib dövləti deyil, həm də sülhün, dostluğun və tərəfdaşlığın aparıcı dayağıdır.

Nigar Orucova, "İki sahil"