30 sentyabr 2025 00:56
95

Dünyanın iqtisadiyyat nəhəngləri Azərbaycana investisiya yatırmağa hazırdırlar

Bu, həm Prezidentin Nyu –Yorka səfərində, həm də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda öz təsdiqini tapdı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Xüsusilə dövlətimizin başçısının Nyu-Yorkda keçirdiyi görüşlər, apardığı  müzakirələr Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu və mövqeyini bir daha nümayiş etdirdi. Eyni zamanda, bu səfər Azərbaycanın xarici ölkələr və qlobal şirkətlərlə əməkdaşlığı üçün yeni imkanlar yaratdı.

Analitiklərin fikrincə, Nyu-Yorkda ölkəmizin başçısını BMT-nin Baş katibi Antonio Quterreşin şəxsən qarşılaması Azərbaycanın son illərdə həyata keçirdiyi təşəbbüslərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Baş katib çıxışında avqust ayında Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmaları «bütün dünya üçün müsbət hadisə» adlandırdı.  Bu, artıq Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə beynəlxalq auditoriyanın dəstəyinin göstəricisidir.

Azərbaycan Prezidentinin BMT-də keçirdiyi görüşlər çoxşaxəli vacib  gündəmi əhatə edirdi. O, Avropa Şurasının Baş katibi, Keniya,  İraq və Finlandiya prezidentləri, həmçinin Yunanıstanın Baş naziri ilə ayrı-ayrılıqda görüşdü. Bu dialoqlar Azərbaycanın həm Avropa, həm də digər qitələrdəki tərəfdaşları ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır. Nyu-York səfərinin ən önəmli istiqamətlərindən biri də qlobal maliyyə institutlarının rəhbərləri ilə görüşlər oldu. Prezident İlham Əliyev burada  dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə müzakirələr apardı. Onlardan biri «Blackstone» şirkətidir. Şirkət alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyüklərindəndir. 1985-ci ildə təsis olunmuş «Blackstone»un idarəçiliyində hazırda 1 trilyon dollardan çox aktiv var. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları sahələrində fəaliyyət göstərir. Görüşdə şirkətin rəhbəri Conatan Qrey Azərbaycandakı islahatların beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev səfər zamanı «Neuberger Berman» şirkətinin  sədri Corc Volkerlə də görüşərək onunla fikir mübadiləsi aparıb. Sözügedən şirkət 1939-cu ildə yaradılıb. Hazırda  yarım trilyon dollardan çox aktiv idarə edir. C. Volker görüşdə Dövlət Neft Fondu ilə 2016-cı ildən davam edən səmərəli əməkdaşlığın Azərbaycan maliyyə sektorunun inkişafına töhfə verdiyini qeyd edib. Ölkəmizin başçısı isə bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Kanadada yerləşən və qlobal miqyasda alternativ investisiyaların idarə olunmasında aparıcı mövqeyə sahib olan  «Brookfield Asset Management» şirkətinin baş icraçı direktoru Brüs Flətt Prezident İlham Əliyevlə görüşündə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və inkişaf perspektivləri barəd məlumatlı olduğunu bildirib.  O, bərpaolunan enerji potensialına böyük maraq göstərdiklərini və Vaşinqton razılaşmalarının bölgədə iqtisadi əməkdaşlığa yeni imkanlar açacağını vurğulayıb. Şirkətin nəhəngliyi onun qədimliyindən və idarə etdiyi invesitsiyanın həcmindən də görünür. 1899-cu ildə yaradılan bu şirkət  hazırda 1 trilyon dollardan çox aktiv idarə etməklə infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji və özəl kapital sahələrinə sərmayə yatırır.

Digər əhəmiyyətli görüş isə ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə reallaşıb. Görüş zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib. O cümlədən Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Həmçinin Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunulub, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Kuş Çoksi biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Prezident İlham Əliyevin keçirdiyi bu işgüzar görüşlər ölkəmizin  yalnız siyasi mərkəz deyil, həm də qlobal maliyyə və investisiya şirkətlərinin də marağında olduğunu nümayiş etdirir. Çünki bu gün  Azərbaycan beynəlxalq investorlar üçün şəffaf və risklərin az olduğu ölkədir. Xüsusilə bərpaolunan enerji sektorunda əməkdaşlıq imkanlarının müzakirəsi Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi strategiyasının qlobal sərmayədarlar tərəfindən dəstəkləndiyini göstərir.

 Məlumdur ki, hər bir ölkənin iqtisadi inkişafı üçün investisiya qoyuluşu mühüm əhəmiyyət kəsb edir. İnvestisiya cəlbi üçün isə əlverişli şəraitin olması vacibdir. Ona görə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. İndi ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Bu məqsədlə də  sentyabrın 22 –23-də.Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim etdi. İki gün davam edən Forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olundu.

Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində bildirib ki, Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb: «Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir... Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir. Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib».

Ölkəmiz  son illər xüsusilə yaşıl enerji sahəsini inkişaf etdirməyə başlayıb və ənənəvi enerji ilə yanaşı, bu istiqamətdə də bir sıra dövlətlərlə əməkdaşlıq edir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur. Heç şübhəsiz ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da əməkdaşlıq və sərmayə cəlbi imkanlarının genişləndirilməsində yeni bir mərhələ olacaq. Forum çərçivəsində nüfuzlu beynəlxalq şirkətlərlə imzalanmış bir sıra vacib müqavilələr artıq bunu deməyə əsas verir.

Elçin Zaman, «İki sahil»