26 sentyabr 2025 00:56
113

Azərbaycan regional və beynəlxalq daşımaların ən etibarlı keçid nöqtəsidir

Nyu-Yorkda təşkil olunan Forum bir daha təsdiq etdi ki, Orta Dəhliz həm Azərbaycan, həm də bütün region üçün gələcək onilliklərdə strateji üstünlüklər qazandıra biləcək qlobal layihədir

Nyu-Yorkda keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda VI Xəzər Biznes Forumu əslində Cənubi Qafqaz və Xəzər regionu üçün iqtisadi-siyasi baxımdan yeni strateji yol xəritəsi təqdim edən beynəlxalq platforma oldu. Forumun əsas müzakirə xəttini Orta Dəhliz və Zəngəzur Dəhlizi (TRİPP) təşkil etdi ki, bu da təsadüfi deyil. Çünki son illərdə dünya geosiyasi reallıqlarının dəyişməsi, xüsusən də Asiya ilə Avropa arasında təhlükəsiz, dayanıqlı və qısa nəqliyyat marşrutlarına ehtiyacın kəskin artması Orta Dəhlizi regional və qlobal iqtisadi gündəmin mərkəzinə çıxarıb. Bu marşrutun səmərəli işləməsi isə təkcə infrastrukturun qurulması ilə deyil, həm də siyasi iradənin ortaya qoyulması, sərmayələrin düzgün istiqamətləndirilməsi və beynəlxalq əməkdaşlığın koordinasiyası ilə mümkündür.

Forumda diqqət çəkən məqamlardan biri odur ki, müzakirələr təkcə nəqliyyat və logistika ilə məhdudlaşmadı. Enerji təhlükəsizliyi məsələləri, yaşıl enerji resurslarının inteqrasiyası, maliyyələşmə mexanizmləri və region ölkələrinin iqtisadi sabitliyinə təsir göstərəcək uzunmüddətli investisiya planları da gündəlikdə yer aldı. Xüsusilə Zəngəzur dəhlizinin perspektivləri barədə səslənən fikirlər göstərir ki, bu layihə sadəcə nəqliyyat xətti deyil, bütövlükdə regional inteqrasiyanın, iqtisadi əməkdaşlığın və siyasi sabitliyin simvolu ola bilər.

Nyu-Yorkda təşkil olunan bu forum bir daha təsdiq etdi ki, Orta Dəhliz həm Azərbaycan, həm də bütün region üçün gələcək onilliklərdə strateji üstünlüklər qazandıra biləcək qlobal layihədir. Burada Azərbaycanın oynadığı rol xüsusi önəm daşıyır. Azərbaycan həm tranzit mərkəzi, həm enerji təhlükəsizliyinin təminatçısı, həm də regionun maliyyə-investisiya mühitini formalaşdıran aparıcı dövlət kimi çıxış edir. Bu baxımdan Forumda səslənən fikirlər və gəlinən nəticələr Azərbaycanın beynəlxalq iqtisadi siyasətində yeni mərhələnin başlanğıcını göstərir.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub. Ölkə başçısının Forum iştirakçılarına müraciətində Orta Dəhlizə önəm xüsusi vurğulanır. Dövlət başçısının müraciətində diqqətə çatdırılan əsas məqam ondan ibarətdir ki, Azərbaycan təkcə bu marşrutun coğrafi üzvü deyil, həm də onun ən mühüm hərəkətverici qüvvəsinə çevrilib. Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna illərdir ardıcıl şəkildə qoyulan böyük həcmli investisiyalar – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dəniz donanması və gəmiqayırma zavodu – ölkəmizin qlobal logistika xəritəsindəki çəkisini artırıb.

Prezident İlham Əliyev diqqətə çatdırdığı rəqəmlər də bunu sübut edir. Son üç ildə Azərbaycan üzərindən daşınan yüklərin həcminin 90 faiz artması və tranzit müddətinin nəzərəçarpacaq dərəcədə azalması, ölkəmizin regional və beynəlxalq daşımaların ən etibarlı keçid nöqtəsinə çevrildiyini göstərir. Ən mühümü isə budur ki, 2030-cu ilədək bu göstəricilərin dəfələrlə artacağı proqnozlaşdırılır. Bu isə Azərbaycanın Orta Dəhlizin potensialının reallaşmasında aparıcı rolunu daha da gücləndirəcək.

Bu dinamika fonunda Azərbaycanın öz üzərinə götürdüyü missiya yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Çünki tranzit imkanlarının genişləndirilməsi region ölkələri arasında qarşılıqlı asılılığı artırır, əməkdaşlığı dərinləşdirir və sülhün möhkəmlənməsinə xidmət edir. Məhz bu məntiqlə Azərbaycan Orta Dəhlizi təkcə bir logistika marşrutu kimi deyil, həm də sabitliyin, qarşılıqlı inteqrasiyanın və dayanıqlı tərəfdaşlığın rəmzi kimi təqdim edir.

Beləliklə, Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciət həm Azərbaycanın Orta Dəhlizin real lokomotivinə çevrildiyini nümayiş etdirdi, həm də bu sahədə həyata keçirilən siyasətin regional əməkdaşlıqla qlobal maraqlar arasında körpü funksiyasını yerinə yetirdiyini ortaya qoydu. Azərbaycan bu yolda həm siyasi iradəsi, həm də investisiya gücü ilə Cənubi Qafqazın yeni iqtisadi xəritəsinin formalaşdırılmasında aparıcı mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın Orta Dəhliz və paralel olaraq Zəngəzur dəhlizi istiqamətində atdığı addımların mühüm tərkib hissəsini dəmir yolu layihələri təşkil edir. Prezident İlham Əliyevin VI Xəzər Biznes Forumuna müraciətində diqqət çəkdiyi kimi, 2020-ci ildən başlanmış Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu xəttinin 2026-cı ilin ortalarınadək tam istifadəyə verilməsi planlaşdırılır. Bu layihə təkcə Azərbaycanın daxili infrastrukturunun inkişafı deyil, həm də regionun inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Çünki dəmir yolu üzərindən qurulan yeni nəqliyyat arteriyaları həm yükdaşımaların həcmini artıracaq, həm də beynəlxalq ticarətin təhlükəsizliyini təmin edəcək.

Ən diqqətçəkən məqamlardan biri isə Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlərin aparılmasıdır. Bu isə ABŞ-dan olan tərəfdaşların cəlb olunması layihənin artıq qlobal maraq dairəsinə düşdüyünü göstərir. Bu, həm də regionda yeni əməkdaşlıq formatlarının formalaşmasına imkan yaradır. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihələr əslində qarşıdurma mühitini əməkdaşlıq mühitinə çevirməyi hədəfləyir. Üçüncü seqmentin – Naxçıvan istiqamətinin – xüsusi vurğulanması isə Azərbaycanın coğrafi blokadaları aradan qaldırmaq və ölkənin bütün hissələrini vahid nəqliyyat şəbəkəsinə bağlamaq əzmini nümayiş etdirir. Bu yalnız, Naxçıvanın Azərbaycanın digər bölgələri ilə birləşməsini təmin etməyəcək, eyni zamanda, Orta Dəhliz vasitəsilə Türkiyəyə, oradan isə Avropaya çıxışı gücləndirəcək.

Rəsmi Bakı regionun gələcəyini yalnız milli maraqlar çərçivəsində deyil, həm də ümumi regional inteqrasiyanın və əməkdaşlığın inkişafı müstəvisində görür. Bu, əslində, strateji yanaşmadır. Çünki hər bir böyük layihənin davamlı olması üçün yalnız iqtisadi potensial kifayət etmir, bunun üçün  siyasi məsuliyyət, güclü diplomatiya və tərəfdaş ölkələr arasında etimad mühiti də lazımdır. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir. Çünki qlobal güclər, həmçinin beynəlxalq maliyyə institutları və sərmayəçilər yalnız sabitlik və əməkdaşlıq mühitinə malik regionlara maraq göstərirlər. Azərbaycanın siyasi iradə nümayiş etdirərək Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməyə çalışması, əslində, ölkənin geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcək onilliklər üçün iqtisadi təhlükəsizliyini də təmin edir.

Beləliklə, Forumda səsləndirilən açıqlamalar Azərbaycanın rolunu daha da aydın göstərir: Ölkəmiz bu prosesdə həm iqtisadi lokomotiv, həm də siyasi məsuliyyət daşıyan regional lider kimi çıxış edir. Bu isə yaxın perspektivdə Cənubi Qafqazın qlobal nəqliyyat və enerji xəritəsində mərkəzi mövqeyini möhkəmləndirəcək.

Nigar Orucova, “İki sahil”