2024-cü ildə ölkəmizdə 5166,3 ton bal və 239,3 kq arı südü istehsal olunub
Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda «Kəlbəcər Bal Festivalı 2025» tədbiri baş tutub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, «Aqrar Tədarük və Təchizat» ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən «Gənc Arıçı» layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Festivalda, həmçinin arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı, bal məhsullarının dequstasiyası və milli mətbəx nümunələri, eləcə də uşaqlar üçün əyləncə zonaları təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.
Hazırda arıçılıq ölkəmizin kənd təsərrüfatı sektorunda perspektivli fəaliyyət sahələrindən hesab olunur. Azərbaycan ərazisi arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitki örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhfə verən ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhfə verir. Respublikamızda mövcud «Boz Qafqaz», «Sarı Qafqaz» arı cinsləri, «Qabaqtəpə» və «Qonaqkənd» arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Bəs ölkəmizdə arçılığın inkişaf potensialı hansı səviyyədədir? Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 30601 təsərrüfatda mövcud olan 579,0 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunmuşdur. İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7,0 manat olmuşdur.
Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında arıçılığın inkişafı üçün geniş potensial var. Artıq bu istiqamətdə işlərə də başlanılıb və müsbət nəticələr mövcuddur. Belə ki, avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərdə «Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası»nın açılışında iştirak edib. Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan rayonlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.
Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı arıçılıq təsərrüfatlarına baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb. Məhz bu diqqətin nəticəsidir ki, Kəlbəcər şəhərinin mərkəzində «Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası» fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların «Made in Azerbaijan» brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.
Elçin Zaman, «İki sahil»