Dövlət başçısı İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində onu da qeyd etdi ki, əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir
«Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.» Dövlət başçısı İlham Əliyev ötən il iqtisadi məsələlərə həsr olunmuş müşavirdə bu çağırışı da etmişdi ki, xarici sərmayələrin cəlb olunması, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində, xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə parklar, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyası Azərbaycanı böyük investisiyalar məkanına çevirdi. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü və gələcək inkişafın əsasını qoydu. Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması ölkəmizə investisiya axınını sürətləndirdi. Azərbaycan elə ik günlərdən xarici investorlar üçün cəlbedici ölkəyə çevrildi. Bu fakt daim xüsusi qeyd edilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində də bu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır. Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşdü, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratdı.
Təbii ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın bu və ya digər sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, ölkəmizin müxtəlif mövzularda beynəlxlq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunması malik olduğumuz zəngin təcrübənin, davamlı uğularımızın, təkmil inkişaf modelmizin təqdimatıdır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilməsi dövrün tələblərinə uğyun olaraq qarşıya qoyulan çağırışların həyata keçirilməsindən, islahatlar prosesinin davamlı xarakter daşımasından irəli gəlir. Cənab İlham Əliyev hər zaman bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Dövlətimizin başçısı müraciətində belə bir əminliyi ifadə edir ki, Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacaq.
Dayanıqlı inkişafın təmin edilməsi üçün ölkəmizdə bütün imkanlar mövcuddur. 1993-2003-cü ildə yaradılan möhkəm iqtisadi təməl ondan sonrakı dövrün aydın məntərəsinin yaradılmasında öz sözünü dedi. Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində bu hədəfi də açıqlamışdı ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinin davamı kimi dəyərləndirildi.
Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri neft kapitalının insan kapitalına çevrilməsi oldu. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyi gündəmə gətirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə Regional inkişaf proqramları təsdiqləndi. İlk proqramın əhatə etdiyi 2004-2009-cu illər üçün nəzərdə tutulan bütün hədəflərin uğurlu icrası növbəti üç sənədin qəbulunu zərurətə çevirdi. Artıq dörd Dövlət Proqramı uğurla icra edilib və tarixi Zəfərimizin reallıqları əsasında bütün regionları, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib və icra edilir.
Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin təmin edilməsi dayanır. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli içtifadəsi, enerji diplomatiyasını uğurla həyata keçirməsi bu sahədə biri-birindən mühüm addımların atılmasını təmin edir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bunun üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Bircə faktı qeyd etmək kifayətdir ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. 2020-ci ilin dekabrında isə bu layihə tam tərkibdə istifadəyə verildi. Bu günün əsas çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm ölkəmizin, həm də yeni layihələrdə iştirak edəcək ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə olacaq. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində qeyd edir ki, Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın «yaşıl iqtisadiyyatı»nı qurur.
İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan gələcəkdə səmərəli istifadə Azərbaycanın dayanıqlı inkişafına böyük stimul olacaq. Hər bir bölgənin hansı iqtisadi imkanlara malik olduğu həm iqtisadi rayonların yeni bölgüsündə, həm də sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə öz əksini tapıb. Qarabağımızın və Şərqi Zəngəzurumuzun tezliklə böyük investisiyalar məkanına çevriləcəyini böyük qürur hissi ilə qeyd edirik. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu çağırışı etmişdir ki, bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.
Reallıq budur ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə başlayan dünya iqtisadi sisteminə inteqrasiya prosesi daha da sürətlənir. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatların və qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratdığını rəqəmlər də təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bu statistik rəqəmi açıqladı ki, 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Hazırda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqları görmək üçün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın atdığı addımlara və uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması nəticəsində regionda bərqərar olan dayanıqlı sülh yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir. Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artmış və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlmişdir. Qeyri-neft məhsulları ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində infrastruktur əhəmiyyətli rol oynayır. Regionlarda infrastrtuktur layihələrinin icrası sabihkarlığın inkişafında da öz sözünü deyir. Diqqət yetirsək görərik ki, azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlayarkən ilk diqqət göstərilən məsələ infrastrtukturun layihələrinin icrası oldu. Onu da qeyd edək ki, ölkədə müasir istehsal infrastrtukturunun qurulması da uğurlarımızı şərtləndirən amillər sırasındadır. Hazırda ölkəmizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınıb. Onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.
İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyət başlandığı ilk gündən bu çağırışı etmişdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanlaroın gündəlik həyatında da özünü təsdiqləməlidir. Ölkəmizin iqtisadi inkişafını nümayiş etdirən bəzi rəqəmlərə nəzər salaq. Belə ki, 2025-ci ildə 2017-ci illə müqayisədə dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilmişdir.
Dövlət başçısı İlham Əliyev qeyd edilən müraciətində Azərbaycanın əlverişli coğrafi mövqeyinin ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirdiyini önə çəkərək onu da əlavə edir ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Təbii ki, iqtisadi uğurlarımızı bir yazıda əhatə etmək qeyri-mümkündür. Möhkəm təməl uğurların davamlılığını şərtləndirir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini təmin edir. Azərbaycan ən islahatçı, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi dünyanın diqqətindədir. Bu uğurlarımıza söykənərək dövlət başçısı İlham Əliyev belə əminliyi ifadə etdi ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir.
Yeganə Əliyeva, «İki sahil»