Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.
“İki sahil” xəbər verir ki, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verdi.
Bildirildi ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.
Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verildi.
Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Milli Məclis Zəfər Gününün 5-ci ildönümü ilə bağlı beynəlxalq parlament təşkilatlarına bəyanat göndərib