11 sentyabr 2025 01:26
104

Ermənistan konstitusiyasına dəyişiklik qaçılmazdır

Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin paraflanması Azərbaycanın diplomatik üstünlüyünü bir daha təsdiqlədi. Nikol Paşinyan da sülh sənədinə imza atmaqla faktiki olaraq Azərbaycanın şərtlərini qəbul etmiş oldu. Bəli, məhz Vaşinqton görüşü sayəsində sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Qərarda keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar etibarsız elan edildi. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırıldı. Bu da beynəlxalq aləm tərəfindən təqdir olundu. Bununla da Qarabağ və Şərqi Zəngəzur məsələsini “dondurulmuş münaqişə”yə çevirmək istəyənlərin cəhdləri iflasa uğradı, həmçinin Qarabağ münaqişəsi birdəfəlik tarixin arxivinə göndərildi. Həm də Azərbaycanın sülh prosesindəki fundamental iki şərtindən biri yerinə yetirildi. Yeri gəlmişkən qeyd edək ki, Minsk qrupunun ATƏT tərəfindən ləğv olunmaması gələcəkdə Ermənistana Azərbaycana qarşı yenidən ərazi iddialarına düşməyə əsas verə bilərdi.

Qeyd edək ki, hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün bir şərti qalır. Sülh sazişinin imzalanması üçün Ermənistan həm də konstitusiyasına düzəliş edərək, Azərbaycana olan ərazi iddialarını aradan qaldırmalıdır. Çünki bu, hər şeydən əvvəl, Azərbaycanın ərazi bütövlüyünün tam hüquqi tanınması ilə yanaşı, həm də davamlı sülhün təminatı üçün zəruri şərtdir. 

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində demişdi ki, bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər: “Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İctimai Televiziya”ya müsahibəsində bildirib: “Vaşinqtonda heç bir Konstitusiya müzakirə olunmayıb və bizim üçüncü bir ölkə qarşısında onu dəyişmək kimi öhdəliyimiz yoxdur”. “Əvvəllər Ermənistan Respublikası başqa ölkələrin, başqa dövlətlərin sayəsində mövcud olub. Bu gün Ermənistan Respublikası özünün sayəsində, vətəndaşlarının sayəsində mövcuddur”, - deyən Nikol jurnalistlərlə söhbətində isə yeni konstitusiya məsələsinə aydınlıq gətirib. O, hakimiyyətin yeni konstitusiyanın qəbulu ilə bağlı gündəliyinin olduğunu bildirib: “Mən son tarix kimi 2027-ci ili göstərmişəm, biz hazırda layihə üzərində işləyirik və o hazır olanda referendum keçirəcəyik”.  Bu isə o deməkdir ki, sülh müqaviləsinin imzalanması həmin vaxta qədər uzanacaq.

Paşinyan, həmçinin vurğulayıb ki, əgər bizim Konstitusiya Məhkəməsi ratifikasiya prosesində Azərbaycanla indi paraflanmış və sonradan imzalanacaq sülh sazişinin Konstitusiyaya zidd olduğuna qərar verərsə, şəxsən mən əsas qanuna əlavə və dəyişikliklərin təşəbbüskarı olacağam. N.Paşinyanın bu sözləri bir daha göstərir ki, o, bu prosesi uzunmüddətli plan kimi görür və məqsəd sadəcə, formal dəyişikliklər aparmaq deyil, ölkənin yeni reallıqlara uyğunlaşdırılmasıdır. Son məlumatlara görə, Konstitusiya İslahatı Şurası tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslara başlayacaq. Bəli, imzalanacaq sülhün yolu məhz Ermənistan konstitusiyasından keçir.

Amma hazırda görünən odur ki, Paşinyanın bu addımlarını qəbul etməyənlər də var. Belə ki, hazırda müxalifət fraksiyası Nikol Paşinyanın impiçmentini müzakirə edir. Serj Sarkisyanın dəstəsi (“Şərəfim Var”) iddia edir ki, etimadsızlıq ifadə etməklə uğur qazanmaq və baş naziri vəzifədən uzaqlaşdırmaq olar. Hətta Milli Məclisdə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, biz ruhdan düşməməliyik, mübarizə aparmalıyıq, çünki bu hakimiyyətin kənarlaşdırılması bizdən birləşməyi tələb edir. “Ermənistan mənəm” təşəbbüsünün rəhbəri Nairi Sarkisyan jurnalistlərlə görüşündə bəyan edib ki, biz Ermənistanın təməllərini sarsıdan və gündəlik “bomba qoyan” hakimiyyətdən tez bir zamanda qurtulmaq üçün səylərimizi əsirgəməyəcəyik. Yeri gəlmişkən, belə qüvvələrlə əməkdaşlıq edən bütün ermənilərin partiarxı, katolikos II Qaregin də öz ampluasındadır. Bütün bunlar bir daha həm də ondan xəbər verir ki, onlar avqustun 7-8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin sammitinin nəticəsində liderlər tərəfindən Birgə Bəyannamənin imzalanmasını, sülh sazişinin paraflanmasını, habelə "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) və strateji tərəfdaşlıq xartiyası üzrə əldə edilmiş razılıqları qəbul etmək istəmirlər. Yəni  onlar, eləcə də ölkə xaricindəki bəzi revanşist qüvvələr "Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişini imzaladı” deyərək, Paşinyanı devirmək və yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. Amma politoloq Mikayel Nahapetyan hazırda Paşinyanın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün zəmin olmadığını deyib.

Onlar unutmasınlar ki, bu kimi avantürist addımlarla Azərbaycan-Ermənistan arasında sülh prosesini dayandırmaq mümkün deyil. Necə deyərlər, artıq proses başlayıb və geri dönməz xarakter alıb. Sadəcə, həmin qüvvələr bunu müəyyən qədər yubada bilərlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”