09 sentyabr 2025 01:26
130

Fransa neokolonializmi davam etdirir - 3 saziş, bir nəticə

Matinyon, Numea və Bujival sazişləri zahirən dekolonizasiya prosesinə xidmət edən addım kimi təqdim olunsa da, əslində Fransanın bu prosesi manipulyasiya etmək və kolonial nəzarəti möhkəmləndirmək üçün alətinə çevrilib

Fransanın dekolonizasiya prosesi ilə bağlı atdığı addımlar bu gün də beynəlxalq gündəmdə geniş müzakirə olunur. Xüsusilə Yeni Kaledoniya məsələsində rəsmi Parisin mövqeyi kolonial siyasətin klassik nümunəsi kimi qiymətləndirilir. Əhalinin əhəmiyyətli bir hissəsini təşkil edən yerli Kanak icması uzun illərdir öz müqəddəratını təyin etmək, yəni müstəqillik arzularını gerçəkləşdirmək üçün mübarizə aparır. Lakin Fransa bu istiqamətdə imzalanmış sazişlərdən daha çox prosesi uzatmaq və manipulyasiya etmək vasitəsi kimi istifadə edir.

Bakı Təşəbbüs Qrupundan (BTQ) xatırladıblar ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb:

"Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub".

Bu sənədlər, zahirən kompromis və əməkdaşlıq çərçivəsində təqdim olunsa da, mahiyyət etibarilə kanak xalqının müstəqillik yolunu ləngitmək, onların siyasi iradəsini zəiflətmək və Fransadan asılılığı qorumaq məqsədini daşıyıb. Beləliklə, dekolonizasiya anlayışı öz həqiqi məzmunundan uzaqlaşdırılıb, formal prosedura çevrilib.

Fransanın bu mövqeyi beynəlxalq hüququn prinsipləri, xüsusilə də xalqların öz müqəddəratını təyinetmə hüququ ilə ziddiyyət təşkil edir. Yeni Kaledoniyada yaşayan yerli xalqın azad seçiminə imkan verilmədiyi halda, demokratik dəyərlərdən danışmaq, yaxud bu prosesi beynəlxalq legitimlik çərçivəsində əsaslandırmaq mümkün deyil. Əksinə, belə addımlar rəsmi Parisin neokolonial siyasət yürütməkdə israr etdiyini göstərir.

Matinyon sazişi: Vəd edilən referendumun arxasındakı hesablar

Fransanın kolonial siyasətinə qarşı uzun illər mübarizə aparan kanak xalqının iradəsi nəticəsində 1988-ci ildə imzalanan Matinyon sazişi formal olaraq kompromis addımı kimi təqdim olunsa da, mahiyyət etibarilə dekolonizasiyaya yox, kolonial nəzarətin möhkəmləndirilməsinə xidmət etdi. Sazişdə 10 il sonra referendum keçirilməsi vədi yer alırdı. Lakin Fransa bu müddətdən kanak xalqının siyasi çəkisini zəiflətmək üçün məharətlə istifadə etdi. Metropoliyadan köçü stimullaşdırmaqla, yeni məskunlaşan fransızların sayını artırmaqla və xüsusilə də nikel sənayesinə tam iqtisadi nəzarəti gücləndirməklə kanakların demoqrafik üstünlüyünü tədricən azaltmağa nail oldu. Beləliklə, vəd edilən referendum heç vaxt gerçəkləşmədi və onun əvəzinə 1998-ci ildə Numea sazişi imzalandı.

Numea sazişi: ümidlər və manipulyasiya mexanizmləri

Numea sazişi əvvəlki sənədlərdən fərqli olaraq Yeni Kaledoniyanın gələcəyi ilə bağlı daha açıq imkan kimi təqdim edilirdi. Sazişdə 2018–2022-ci illər arasında üç mərhələli müstəqillik referendumu nəzərdə tutulurdu ki, bu da ilk baxışdan dekolonizasiya istiqamətində mühüm fürsət təsiri bağışlayırdı. Lakin praktikada Fransa həmin prosesə də öz maraqlarını təmin etmək üçün müdaxilə etdi. Əsas manipulyasiya seçici siyahılarının tərtibində özünü göstərdi. Yerli kanakların siyasi çəkisini azaltmaq məqsədilə sonradan məskunlaşan fransızlara da səsvermə hüququ verildi. Bunun nəticəsində referenduma çıxarılan məsələlərdə kanakların üstünlüyü balanslaşdırıldı və müstəqillik arzularının reallaşması süni şəkildə zəiflədildi.

Əslində, həm Matinyon, həm də Numea sazişləri beynəlxalq ictimaiyyətə dekolonizasiya prosesi kimi təqdim olunsa da, gerçəkdə kolonial nəzarətin yeni formaları idi. Bu sənədlərin hər biri Fransa üçün vaxt qazanmaq, demoqrafik və iqtisadi üstünlüklərini möhkəmləndirmək, eyni zamanda, kanak xalqının siyasi iradəsini zəiflətmək vasitəsinə çevrildi.

Pandemiya fonunda zorla keçirilən referendum

2021-ci ildə Yeni Kaledoniyada baş verən hadisələr Fransanın kolonial siyasətinin mahiyyətini bir daha üzə çıxardı. COVID-19 pandemiyasının kanak icmasına ağır sosial və demoqrafik zərbə vurduğu bir vaxtda, yerli ictimaiyyətin və təşkilatların referendumu təxirə salmaq çağırışlarına baxmayaraq, Fransa prosesi davam etdirdi. Bu isə siyasi iradənin açıq-aşkar nəzərə alınmaması demək idi. Nəticədə kanak xalqı səsverməni kütləvi şəkildə boykot etdi və referendumun nəticələri yalnız formal olaraq Fransanın xeyrinə elan olundu. Kağız üzərində Fransa tərkibində qalmaq seçimi üstünlük təşkil etsə də, bu qərar yerli kanak icması tərəfindən legitim sayılmadı və qəbul edilmədi.

Beləliklə, dekolonizasiya prosesi kimi təqdim edilən Numea sazişi əslində Fransanın siyasi manipulyasiya alətinə çevrildi. Demokratiya və xalqların öz müqəddəratını təyinetmə prinsipləri pozuldu, Kanak xalqının iradəsi isə süni şəkildə zəiflədildi. Bu nümunə göstərdi ki, Parisin əsl məqsədi azadlıq və müstəqilliyin reallaşdırılması deyil, kolonial status-kvonun qorunmasıdır.

Bujival sazişi: müstəqillik arzularının yenidən boğulması

2025-ci il iyulun 12-də imzalanan Bujival sazişi də əvvəlkilərdən fərqli olaraq dekolonizasiya istiqamətində yeni imkan kimi təqdim olunsa da, mahiyyət etibarilə Fransanın neokolonial siyasətinin davamı kimi dəyərləndirilir. Bakı Təşəbbüs Qrupunun da vurğuladığı kimi, bu sənəd əslində müstəmləkəçiliyin yeni mərhələsini ifadə edir. Fransa kanak xalqının müstəqillik uğrunda uzun illər apardığı mübarizəni nəzərə almaq əvəzinə, süni şəkildə “Yeni Kaledoniya dövləti” modelini irəli sürməklə dekolonizasiya prosesini faktiki olaraq əngəllədi.

Sazişin şərtləri kanakların siyasi gücünü daha da zəiflətməyə yönəldildi. Seçici siyahılarının yenidən genişləndirilməsi ilə yerli xalqın seçkilərdəki təsiri azaldıldı, yeni gəlmələrin səsvermədə üstünlük qazanmasına şərait yaradıldı. Beləliklə, kanakların öz vətənlərində demoqrafik və siyasi azlığa çevrilməsi istiqamətində ardıcıl siyasət davam etdirildi. Bu, Fransa tərəfindən Yeni Kaledoniyanı öz tərkibində saxlamaq və müstəqillik hərəkatının real nəticələr doğurmasının qarşısını almaq üçün tətbiq edilən planlı strategiya kimi görünür.

Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan Yeni Kaledoniyanın kanak və sosialist milli azadlıq cəbhəsi (FLNKS) hökuməti dialoq təklif etsə də, rəsmi Paris bu çağırışa məhəl qoymadı. Bu da göstərir ki, Fransa problemin həllini qarşılıqlı hörmət və siyasi razılaşma yolu ilə tapmaq istəmir. Əksinə, birtərəfli addımlarla kolonial nəzarəti davam etdirmək, yerli xalqın haqq səsini boğmaq niyyətini ortaya qoyur.

Eyni sxemin təkrarı: Parisin neokolonial israrı

BTQ-də qeyd edib ki, üç sazişi müqayisə edərkən aydın bir sxem görünür.Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.

Matinyon, Numea və Bujival sazişlərini müqayisə etdikdə aydın şəkildə eyni sxem ortaya çıxır. Hər üç sənəd zahirən dekolonizasiya prosesinə xidmət edən addım kimi təqdim olunsa da, əslində Fransa tərəfindən bu prosesi təxirə salmaq, manipulyasiya etmək və kolonial nəzarəti möhkəmləndirmək üçün alətə çevrilib. Paris, BMT tərəfindən tanınmış xalqların öz müqəddəratını təyin etmək hüququnu açıq şəkildə görməzdən gəlir, kanak xalqının müstəqillik arzularına məhəl qoymur.

Üstəlik, Yeni Kaledoniyanın ən böyük siyasi gücü olan FLNKS ilə real danışıqlardan yayınmaq, dialoq təşəbbüslərinə reaksiya verməmək də Fransanın bu məsələdə nə dərəcədə birtərəfli və hegemon mövqe tutduğunu göstərir. Beləliklə, imzalanan sazişlərin hər biri dekolonizasiyaya aparan yolun mərhələsi yox, əksinə, neokolonial siyasətin davamı kimi dəyərləndirilir.

Nigar Orucova, “İki sahil”