06 sentyabr 2025 01:24
111

Diplomatiyamız türk dünyasının birliyinə yol açır

Mədəni və tarixi yaxınlıq, ortaq dəyərlər və strateji maraqlar

XXI əsrin geosiyasi reallıqları dünya düzənində yeni güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Bu gün beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq, iqtisadi inteqrasiya və mədəni yaxınlıq əsasında qurulan birliklər qlobal siyasətdə mühüm rol oynayır. Bu mənada türk birliyi ideyası son onilliklərdə tədricən nəzəri müstəvidən praktik əməkdaşlıq platformasına çevrilməkdədir. Qədim tarixə və ortaq mədəniyyətə söykənən türk xalqlarının birliyi bu gün artıq siyasi iradə, strateji maraqlar və iqtisadi layihələrlə möhkəmlənir. Azərbaycan isə bu prosesdə həm coğrafi mövqeyi, həm də siyasi liderliyi ilə əsas aparıcı qüvvələrdən biridir. Prezident İlham Əliyevin son illərdə türk dünyası ilə bağlı həyata keçirdiyi xarici siyasət kursu, ardıcıl diplomatik səfərlər və beynəlxalq təşəbbüslər Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyini formalaşdırır. Bu istiqamətdə xüsusilə Türkmənistana edilən son rəsmi səfər, Özbəkistanla yüksələn əməkdaşlıq dinamikası, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və ümumilikdə türk dövlətləri ilə dərinləşən əlaqələr, Azərbaycan diplomatiyasının türk birliyi ideyasını reallaşdırmaqda oynadığı mühüm rolu göstərir.

Xəzərdən Türk dünyasına açılan qapı

Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.    Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər türk dövlətləri arasında yeni əməkdaşlıq formatlarının təməlini qoydu. Yüksəksəviyyəli görüşdə cənab Prezident bildirdi ki, bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin üçtərəfli görüşü, göstərir ki, bu ölkələr təkcə regional deyil, qlobal miqyasda strateji tərəfdaşlığa doğru irəliləyirlər.

Türkmənistanın işğaldan azad olunmuş Füzuli şəhərində məscid inşa etmək qərarı isə münasibətlərimizin sırf siyasi və iqtisadi müstəvidən çox-çox irəli getdiyini göstərir. Bu, qardaşlığın rəmzi, həmrəyliyin ifadəsi və mənəvi dəstəyin parlaq nümunəsidir. Füzuli ilə Türkmənistanın Arxadağ şəhərinin “qardaşlaşması” da yalnız iki şəhər arasındakı münasibət deyil, ümumtürk birliyinin mədəni və humanitar istiqamətdə genişlənməsinin simvoludur.

Özbəkistanla yüksələn əlaqələr

Son illərdə Azərbaycan-Özbəkistan münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşan səmimi münasibətlər dövlətlərarası əlaqələrin ruhunu müəyyən edən əsas amildir. Bu, təkcə liderlər səviyyəsində deyil, bütün xalqın gündəlik həyatında özünü göstərir – Qarabağın bərpasında Uluqbəy adına məktəb, Ağ şəhərdə “Özbəkistan” parkı, Xankəndidə tikiş fabriki kimi nümunələr xalqlarımızı daha da yaxınlaşdırır. İqtisadi tərəfdaşlığın sürəti isə göstərir ki, münasibətlər yalnız simvolik jestlərlə məhdudlaşmır. Rəqəmlər ortadadır: Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf, birgə sərmayə layihələri və investisiya fondunun yaradılması münasibətlərin davamlı və strateji olduğunu sübut edir. Azərbaycanın enerji infrastrukturu ilə Özbəkistanın sənaye potensialı, Orta Dəhliz üzərində yaranan yeni tranzit imkanları hər iki dövlətin gələcək inkişafını təmin edəcək əsas sütunlara çevrilir. Siyasi müstəvidə isə Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatındakı birgə fəaliyyəti, MDB və BRICS+ platformalarında göstərdikləri koordinasiya artıq regional deyil, qlobal səviyyədə də türk dünyasının səsini gücləndirir. Burada təkcə qarşılıqlı dəstək deyil, həm də ortaq strateji baxış dayanır. Bu baxış Avrasiya məkanında sabitliyin möhkəmlənməsinə, yeni nəqliyyat və enerji xətlərinin qurulmasına, gənc nəsillərin inteqrasiyasına xidmət edir. Ən önəmlisi isə budur ki, Azərbaycan–Özbəkistan münasibətləri xalqların ürəyində qardaşlıq duyğusu ilə, dövlətlərin siyasi iradəsində isə strateji tərəfdaşlıq prinsipi ilə möhkəmlənir. Bu sintez gələcəyin türk birliyinin real təməl daşlarından biridir.

İki dövlət, bir millət

Türk birliyindən danışarkən, təbii ki, Azərbaycan-Türkiyə münasibətləri xüsusi yer tutur. Bu münasibətlər təkcə ikitərəfli dostluq və qardaşlıq deyil, həm də bütün türk dünyasının birliyinə nümunə göstəriləcək strateji müttəfiqlik modelidir. 2020-ci ilin Vətən Müharibəsindən sonra Şuşa Bəyannaməsinin imzalanması bu münasibətləri formal müstəvidə də müttəfiqlik səviyyəsinə qaldırdı. Azərbaycan ilə Türkiyə arasındakı siyasi dialoq, iqtisadi layihələr, enerji və nəqliyyat dəhlizləri üzrə birgə təşəbbüslər, hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində ortaq proqramlar türk birliyinin reallığa çevrilməsində mühüm rol oynayır. Bakı və Ankara birlikdə Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirir, digər türk dövlətlərinin də prosesə fəal qoşulmasına stimul verir. Türkiyə Prezidentinin tez-tez vurğuladığı kimi, “iki dövlət, bir millət” formulu artıq praktik müstəvidə bütün türk dünyasına yayılan bir modeldir. Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyəsi, eyni zamanda digər türk dövlətləri üçün inteqrasiyanın strateji perspektivini göstərir.

TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 faiz artıb

2021-ci ildən adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlanan qurum bu gün türk dünyasının siyasi platforması kimi fəaliyyət göstərir. Burada Azərbaycan xüsusi rol oynayır. Ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilib, strateji istiqamətlər müəyyən olunub. XXI əsrin siyasi xəritəsində Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni-mənəvi bir platforma deyil, həm də sürətlə inkişaf edən iqtisadi əməkdaşlıq məkanı kimi ön plana çıxır. Azərbaycan Dövlət Gömrük Komitəsinin son hesabatı bunu bir daha təsdiqləyir: cari ilin yanvar–iyul aylarında ölkəmizin TDT-yə üzv dövlətlərlə ticarət dövriyyəsi ötən illə müqayisədə 8,3 faiz artaraq 4,2 milyard ABŞ dollarına çatıb. Bu rəqəm Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin artıq 14,6 faizini təşkil edir. Bu faktlar göstərir ki, Azərbaycan artıq türk dünyasında ticarət münasibətlərində balanslı və çoxşaxəli siyasət yürüdür.

Bu tendensiya həm də TDT çərçivəsində iqtisadi sinerjinin getdikcə gücləndiyini nümayiş etdirir. Türk dövlətləri yalnız malların qarşılıqlı dövriyyəsini artırmaqla kifayətlənmirlər, eyni zamanda sənaye, elm, texnologiya və innovasiya sahələrində ortaq layihələr həyata keçirirlər. Bu istiqamətdə birgə tədqiqat institutlarının yaradılması, texnologiya transferi mərkəzlərinin təşkili və innovativ həllərin tətbiqi xüsusilə diqqətəlayiqdir. Azərbaycanın da fəal iştirakı ilə reallaşan bu təşəbbüslər türk dünyasını daha rəqabətədavamlı iqtisadi məkana çevirir. Texnologiya, enerji və logistika sahələrində ortaq addımlar yaxın gələcəkdə həm regional, həm də qlobal bazarlarda TDT ölkələrinin çəkisini artıracaq. Beləliklə, ticarət dövriyyəsindəki 8 faiz artım yalnız statistik rəqəm deyil, türk dövlətləri arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən əlamətdar bir göstəricidir. Azərbaycan bu prosesdə həm körpü rolunu oynayır, həm də regional inteqrasiyanın öncüllərindən biri kimi çıxış edir.

Ortaq kimlik və gələcək nəsillər

Türk birliyi yalnız siyasi və iqtisadi platforma ilə məhdudlaşmır. Burada mədəniyyət, dil, ədəbiyyat, incəsənət və təhsil sahələrindəki əməkdaşlıq mühüm rol oynayır. Azərbaycan türk dünyasında mədəni inteqrasiyanın güclənməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Bakıda və digər şəhərlərdə keçirilən türk dünyası mədəniyyət günləri, sərgilər, elmi konfranslar və ortaq təhsil proqramları bu istiqamətdə mühüm addımlardır. Xüsusilə gənc nəslin ortaq dəyərlər əsasında yetişdirilməsi, türk xalqları arasında tarixi yaddaşın qorunması və gələcəkdə daha möhkəm birlik üçün zəruri əsas yaradır. Bu baxımdan, Azərbaycan türkologiya mərkəzlərinin fəaliyyətinə, ortaq əlifba və dil məsələlərinə, təhsil mübadiləsi proqramlarına böyük önəm verir.

Nəticə etibarilə, türk birliyi ideyası əsrlər boyu türk xalqlarının arzusunda olduğu böyük bir amal idi. Bu amal indi reallığa çevrilir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, türk dövlətləri ilə ardıcıl və məqsədyönlü əməkdaşlıq kursu bu birliyin real dayaqlarını möhkəmləndirir. Türkmənistan səfəri, Özbəkistan və Türkiyə ilə əlaqələrin yüksələn xətti, Türk Dövlətləri Təşkilatının güclənməsi – bütün bunlar türk birliyinin gələcəyini təmin edən strateji addımlardır. Azərbaycan bu gün yalnız öz milli maraqlarını deyil, həm də türk dünyasının ümumi maraqlarını qoruyur, birliyi möhkəmləndirir və gələcək nəsillər üçün güclü bir türk dünyasının əsasını qoyur.

Nigar Orucova, “İki sahil”