06 sentyabr 2025 00:36
121

Özəl televiziyaların «Herostat şöhrəti» biabırçılığı

Ucuz və mənasız televiziya verilişləri cəmiyyətə həm mənəvi, həm də əxlaqi problemlər yaşadır

Prezident İlham Əliyev: Biz heç vaxt milli-mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik

Ölkəmizdəki bəzi televiziya kanallarında yayımlanan bir çox verilişlər var ki, sanki məqsədli şəkildə tamaşaçı əsəbi ilə oynamağa hesablanıb. Eyni zamanda, burada açıqca hiss edilir ki, bu tip verilişlərdə ailə institutuna qarşı planlaşdırılmış bir hücum mövcuddur. Reytinq qazanmaq naminə ən müqəddəs hissləri belə ayaq altına atmaq əslində televiziya aparıcılığı deyil, ucuz şöhrət qazanmağın bir vasitəsidir. Burada məşhur «Herostat şöhrəti» ifadəsi yada düşür. Qədim Romada bir qul məşhurlaşmaq və hamının diqqətini cəlb etmək üçün məşhur məbədi yandırır. Bunun anlamı odur ki, oğurluqla, quldurluqla, hətta əxlaqsızlıqla məşhurlaşmaq asandır. Ancaq istedadla, qəhrəmanlıqla məşhurlaşmağa isə bpcarıqistedad və şəxsiyyət gərəkdir. İndi bəzi televiziya kanallarımız tamaşaçının diqqətni cəlb etmək üçün intellektual verilişlərdən çox ucuz verilişlərə üstünlük verirlər.

Əslində, mətbuat kommersiya vasitəsidir, yoxsa cəmiyyətin ideoloji avanqardı sualı müstəqilliyini yeni qazanan və bir ictimai sistemdən digərinə keçid dövrünü yaşayan ölkəmizdə aktualdır. Qənaətimizcə, mətbuatın kommersiya vasitəsi olmasından çox ideoloji vasitə olması xüsusi önəm daşıyır. Ona görə ki, yarandığı ta qədim dövrlərdən mətbuatın bir ali vəzifəsi olmuşdur: Kütlənin səviyyəsini onun düşünən beyinlərinin, ziyalılarının səviyyəsinə qaldırmaq. O yerdə ki, qəzetlər, televiziyalar bu vəzifənin öhdəsindən gələ bilmirlər, orada ideoloji aşınmaların və sapmaların baş verməsi faktları mövcuddur.

Bu gün cəmiyyətdə bir ideoloji mübarizə gedir. Mübarizənin bir tərəfində milli-mənəvi dəyərlərimizi qoruyanlar, digər tərəfində ona qənim kəsilənlər durur. Həmin ictimai mənzərə əslində belə görünür: ziyalı ilə cahil, əxlaqsız ilə namuslu, peşəkarlarla, qeyri- peşəkarlar açıq müstəvidə savaş aparırlar. Təəssüf ki, cəmiyyət uzun illər məhz ikincilərin hərəkətlərinə o qədər loyal yanaşdı ki, onlar da bu münbit şəraitdən istifadə edərək bütün mənəvi dəyərləri ayaqlar altına atmağa imkan tapdılar.

Hazırda şou-biznes adlı ifrat mədəniyyətsizlikdə at oynadanlar istedadlarına deyil, həyasızlıqlarına güvənənlərdir

Rusların bir atalar sözü var: «Həyasızlıq ikinci xoşbəxtlikdir.» Bu mənada, indi şou-biznes adlı ifrat mədəniyyətsizlikdə at oynadanlar istedadlarına deyil, həyasızlıqlarına güvənənlərdir. Bu işdə təbii ki, bəzi telekanallarımız və mətbuatımız ziyalının tərəfini çox az tutur. Çünki orada çalışanların böyük əksəriyyəti qeyri-peşəkarlardır. Maneken, baytar, müğənni, aktyor, sürücü, tibb bacısı və sair... Bax belədir telekanallarımızın kadr ehtiyatları. Əslində, peşəkar jurnalistlərin qəniminə çevrilmiş bəzi telekanallardan ziyalı mövqeyi, intellektual verilişlər gözləmək də mümkün deyil. Əvəzində efirlərdə küçə əxlaqı tüğyan edir. Həmin əxlaqı aşılayanlar anlasınlar ki, bu, bir bumeranqdır. Hədəfə çatmayanda qayıdıb özlərinə dəyəcək.

Bu gün Azərbaycan cəmiyyətinin məhz kütlənin səviyyəsini yüksəldən mətbuata və televiziyalara ehtiyacı daha çoxdur. Bəzi qonşularımız, başda Ermənistan olmaqla hələ də ölkəmizə qarşı revanşist hisslərlə yaşayırlar. Ona görə də biz güclü olmalıyıq və məhz buna məhkumuq. Bunun yolu isə təbii ki, elmdən, yüksək təhsildən, ziyalı və intellektual cəmiyyətdən, milli- mənəvi dəyərlərə bağlılıqdan keçir. Böyük qüsurdur ki, bəzi ölkə televiziyalarında şou-verilişlər maarifləndirici və intellektual verilişləri birəbeş nisbətdə üstələyib. Həmçinin, cəmiyyətin düşündürücü mövzusu olan ailə haqqında xüsusi verilişlər hazırlayırlar. Ən təəccüblüsü isə odur ki, həmin verilişlərdə ailəsi olmayan və yaxud cəmiyyətdə mənfi imici ilə tanınanlar «ekspertlik» edərək insanlara ailə-əxlaq dərsi keçirlər.

Bu, bir həqiqətdir ki, Azərbaycanın dilini, tarixini, milli-mənəvi dəyərlərini, əxlaqını qoruyan və onu zənginləşdirən məhz sözün həqiqi mənasında jurnalistlər olublar. Amma bu reallıq indi hiss olunmur. Biz bu fikirlərimizlə iddia etmirik ki, qloballaşmanın və müasirliyin əleyhinəyik. Biz deyirik ki, qloballaşma təhsilin yuksəlməsi, ziyalı cəmiyyətin qurulması ilə təmin edilir. Bu işdə mətbuatın fəaliyyətini düzgün istiqamətləndirmək həyati məsələdir. Əks halda, cəmiyyətdə nümunə göstəriləsi insanlarımız- ziyalılar qəhətə çəkiləcək.

Milli- mənəvi dəyərlərə sadiq gənc ölkəsinin gələcək qəhrəmanıdır

Bəzi ekspertlər iddia edirlər ki, bazar iqtisadiyyatında hər bir özəl televiziyanın öz dəst- xətti var və buna qarışmaq düzgün deyil. Lakin bu iddialarda da ciddi arqumentsizlik hökm sürür. Ona görə ki, bazar iqtisadiyyatı heç də mənəvi dəyərlərin ayaqlar altında tapdalanması demək deyildir. Məhz bu ali məqamı diqqətdə saxlayan Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev öz sosial-mədəni siyasətində həmişə milli-mənəvi dəyərlərimizin qorunmasını prioritet məsələ kimi önə çıxarıb. Prezident çıxışlarında bu barədə deyib ki, biz heç vaxt milli- mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik.

Ölkəmizin başçısı həmçinin bildrib ki, on illərdir milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirib: « Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur.»

Daha bir önəmli faktı xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fond həqiqi ziyalıların, istedadlı insanların qayğısına qalmaqla bərabər, klassik şair və ədiblərimizin əsərlərini, dini araşdırmaçılarımızın məqalələrini nəşr etdirməklə gənclərimizin mənəvi köklərinə daha güclü bağlanmasına çalışır. Elə bu uğurlu siyasətin nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ilə dövlət başçısının milli həmrəyliyi, ordumuza sonsuz sevgi, məhəbbət, ən nəhayət gənclərimizin Vətən uğrunda qəhrəmanlıqları bütün dünyanı heyran etdi.

Bir sözlə, bu gün Prezident İlham Əliyevin həqiqi ziyalılara göstərdiyi diqqət və qayğı, onların sənətinə verdiyi yüksək qiymət də cəmiyyətimizdə birmənalı olaraq milli- mənəvi dəyərlərə sadiqliyin nümunəsidir. O, həqiqi ziyalıların, istedadlı insanların qayğısına qalmaqla bərabər, onların hörmət və nüfuzunun artması istiqamətində real addımlar atıb. Xüsusən ölkə başçısı elan edib ki, biz mədəniyyətimizi və mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik. Təbii ki, hər birimiz bu işdə cənab Prezidentə dəstək olmağa borcluyuq.

Elçin Zaman. «İki sahil»