05 sentyabr 2025 23:56
103

Gənclərin işıqlı yolu elm və təhsildən keçir

Bənövşə Dursunəliyeva: Mənim üçün təhsil sadəcə məktəb və universitet divarları arasında qazanılan bilik deyil, həyatın hər anında insanı formalaşdıran vasitədir

Təhsil hər bir cəmiyyətin inkişafının əsası, gənclərin isə gələcəyinin açarıdır. Təhsilə verilən dəyər, dövlətin həyata keçirdiyi gənclər siyasəti və onlara yaradılan imkanlar həm bilik və bacarıqlarının inkişafına, həm də cəmiyyətdə öz mövqelərini möhkəmləndirməsinə şərait yaradır. Bu gün uğurlu gənclər həm təhsil, həm də ictimai fəaliyyətlərdə fəallıqları ilə seçilərək dövlətimizin etimadını doğruldurlar. Belə gənclərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu, SABAH qruplarında təhsilini davam etdirmiş, rektorun fəxri fərmanı ilə təltif olunmuş, “Gələcək Təhsil Liderləri” müsabiqəsinin qalibi və ADPU TV-də aparıcı-müxbir kimi fəaliyyət göstərmiş Bənövşə Dursunəliyevadır. Onunla təhsilin önəmi, gənclər siyasəti və gələcək hədəflər barədə söhbət edəcəyik.

-Bənövşə xanım, sizin üçün təhsilin həyatda rolu və önəmi nədən ibarətdir?

-Mənim üçün təhsil sadəcə məktəb və universitet divarları arasında qazanılan bilik deyil, həyatın hər anında insanı formalaşdıran gücdür. Təhsil insana yalnız bilik qazandırmır, həm də onun dəyərlərini, dünyagörüşünü, həyata baxışını dəyişdirir. Araşdırmağı və düzgün qərar verməyi öyrədir. Bu gün dünyada hər şey çox sürətlə dəyişir və ayaq uydurmaq üçün insan daim öyrənməlidir. Təhsilsiz inkişafdan danışmaq çətindir. Mən hər zaman düşünmüşəm ki, insanın özünü dərk etməsi, gələcək hədəflərini müəyyənləşdirməsi məhz təhsil sayəsində mümkündür. Bu səbəbdən də mənim həyatımda təhsil əsas dayaqlarımdan biridir.

- Universitetə qəbul olduğunuz gün sizə hansı hissləri yaşatdı?

-Universitetə qəbul olduğum gün həyatımda ən yaddaqalan günlərdən biri idi. O gün həm sevinc, həm də məsuliyyət hissi eyni anda məni bürümüşdü. Ailəmə, müəllimlərimə və özümə qarşı məsuliyyətimin daha da artdığını dərk etdim. Hər bir tələbənin arzusu olduğu kimi, illərlə çəkdiyim zəhmətin bəhrəsini görmək mənə böyük güvən verdi. Mən hələ də o sevinci xatırlayanda eyni həyəcanı hiss edirəm.

- İbtidai sinif müəllimliyi ixtisasını seçməyinizin səbəbi nə idi?

-Uşaqlara olan sevgim və onların saf dünyası ilə ünsiyyət qurmaq bacarığım məni bu ixtisasa gətirdi. İbtidai sinif müəllimliyi sıradan bir peşə deyil, gələcək nəsillərin təməlinin qoyulduğu yerdir. O, uşağa sadəcə oxumağı-yazmağı deyil, həyatın ilk dəyərlərini də öyrədir. İşimi vicdanla və ədalətlə görməyi sevirəm, bu keyfiyyətlər isə müəllimlik peşəsinin ayrılmaz hissəsidir. Çünki müəllim yalnız bilik ötürən deyil, həm də şagirdlərin həyat yolunda ilk ədalət meyarını formalaşdıran şəxsdir. Hazırkı təhsil sistemimizdə inklüzivliyə verilən diqqət də onu göstərir ki, hər bir uşaq humanist yanaşmaya və bərabər şansa layiqdir. Mən də seçdiyim ixtisasla bu prinsiplərə uyğun şəkildə uşaqlara dayaq olmaq istəmişəm. Hər zaman düşünmüşəm ki, uşaqlara ilk yazını, ilk oxunu, ilk həyati dərsləri öyrədən müəllim onların həyatında silinməz iz qoyur. Bu, böyük məsuliyyət və eyni zamanda, böyük şərəfdir. Mən də bu şərəfli missiyanın bir parçası olmaq istədim.

-SABAH qruplarında təhsil sizə hansı üstünlükləri qazandırdı?

-ADPU SABAH qruplarında təhsil mənim üçün böyük fürsət oldu. Hətta mənim tələbəlik illərimin ən yaddaqalan hissəsidir deyərdim. SABAH-da oxumaq mənə yeniliklərə açıq olmağı, yaradıcılığı və fərqli düşünməyi qazandırdı. Ən əsası isə biz sağlam rəqabətli bir mühitdə formalaşırdıq. Burada həm öyrənmək, həm də əylənmək üçün imkanlar vardı. Əlavə təqaüdün verilməsi tələbələrin motivasiyasını daha da artırırdı. Xarici dildə kommunikasiya bacarıqlarımızı inkişaf etdirmək üçün xüsusi imkanlar yaradılırdı ki, bu da bizi beynəlxalq mühitə daha hazır edirdi. Üstəlik, ölkənin qabaqcıl professor-müəllimlərindən dərs almaq mənə həm bilik, həm də təcrübə baxımından çox böyük üstünlüklər qazandırdı. SABAH-da hər bir tələbəyə fərdi yanaşma göstərilməsi bizdə təşəbbüskarlığı və liderlik bacarıqlarını artırdı. Mən də bu mühitdə həm akademik, həm də şəxsi inkişafımı gücləndirdim.

-Rektorun Fəxri Fərmanı ilə məzun olmaq sizdə hansı duyğular yaratdı?

-Minlərlə tələbə arasından universiteti rektorun fəxri fərmanı ilə bitirən tələbələrdən biri olmaq mənim üçün qürur və sevinc idi. Çünki bu fərman mənim tələbəlik illərində göstərdiyim zəhmətin və əzmin dəyərləndirilməsi idi.

- "Gələcək Təhsil Liderləri” müsabiqəsində qalib olmaq sizin üçün hansı imkanların açılmasına səbəb oldu?

-Layihənin birinci mövsümünün qaliblərindən biri olmaq akademik həyatımda yeni imkanların açılmasına səbəb oldu. Müsabiqənin atmosferi olduqca rəqabətli idi – hər mərhələdə həm komanda, həm də fərdi şəkildə mübarizə aparırdıq. Bu proses mənim liderlik, problemləri həll etmə, qərarvermə və komanda ilə işləmə bacarıqlarımı daha da inkişaf etdirdi. Qazandığım təcrübə, tanış olduğum peşəkar insanlar mənim təhsil sahəsinə baxışımı daha da dəyişdirdi. Ən önəmlisi isə qalibiyyətim sayəsində 1 illik mentorluq və peşəkar inkişaf proqramına qoşulmaq şansı qazandım. Bu müsabiqə mənə göstərdi ki, əzm və düzgün istiqamət olduqda gənclər öz potensiallarını üzə çıxara bilərlər.

- Sizcə, gənclərə yaradılan şərait onların inkişafına hansı təsirləri göstərir?

-Mən düşünürəm ki, son illərdə Azərbaycanda gənclərin inkişafı üçün geniş imkanlar açılıb. Təhsil, mədəniyyət, elm və idman sahələrində gənclərə dəstək göstərilməsi onların öz potensiallarını reallaşdırmasına kömək edir. Xüsusilə mübadilə proqramları, yerli və beynəlxalq təşkilatlarda təcrübə və könüllülük proqramları gənclərə həm bilik, həm də praktiki bacarıqlar qazandırır. Məncə, belə imkanlar gənclərin cəmiyyətdə daha fəal, məsuliyyətli və yaradıcı mövqe tutmasına böyük təsir göstərir.

Məni ən çox sevindirən məqam gənclərin hər sahədə fəal iştirak etməsi və uğurlar qazanmasıdır. Elm, idman, incəsənət, texnologiya – hər yerdə gənclərimizin imzasını görmək mümkündür. Bu, gələcəyimiz üçün böyük ümid və inam yaradır. Mən gənclərin bu fəallığını ölkəmizin ən böyük sərvəti hesab edirəm.

-Gənclərə göstərilən etimadı və inamı siz necə hiss etmisiniz?

-Mənim üçün ən böyük motivasiya gənclərə olan etimadı hiss etməkdir. Universitetdə, layihələrdə və müsabiqələrdə gənclərin sözünə dəyər verilməsi, onlara etibar olunması çox önəmlidir. Bu etimad bizə göstərir ki, cəmiyyət bizdən müsbət gözlənti içindədir və biz bu gözləntiləri doğrultmalıyıq.

-ADPU TV-də aparıcı və müxbir kimi fəaliyyətiniz sizə nə qazandırdı?

-ADPU TV komandasında aparıcı və müxbir kimi çalışmaq mənim üçün çox maraqlı təcrübə idi. Rektordan, rəhbər şəxslərdən, eləcə də xarici professorlardan tədbirlər zamanı birbaşa müsahibə almaq mənim peşəkar ünsiyyət bacarıqlarımın formalaşmasına böyük təsir göstərdi. Ən önəmlisi, ictimaiyyət qarşısında sərbəst çıxış etməyi və özümə daha çox güvənməyə başladım. ADPU TV mənim üçün sadəcə, bir media fəaliyyəti deyildi, həm də özümü daha yaxşı ifadə etmək və ünsiyyət mədəniyyətimi inkişaf etdirmək üçün böyük bir məktəb idi.

-Təhsil aldığınız müddətdə iştirak etdiyiniz beynəlxalq layihələrdən ən yaddaqalanı hansıdır?

-Ən yaddaqalanı 76-cı Beynəlxalq Astronavtika Konqresidir. Layihə çərçivəsində yazdığım məqalə Beynəlxalq Astronavtika Federasiyası tərəfindən qəbul olundu. Məqalə kosmosa və mühəndisliyə həvəsli 10-11 yaşlı şagirdlər üçün STEAM əsaslı kosmik təhsili daha maraqlı edən bir interaktiv dərslikdən bəhs edirdi. Hətta dərsliyin ilkin prototipini şəxsən dizayn edərək münsiflər heyəti qarşısında təqdim etmişdim. Təqdimatım yüksək dəyərləndirildi, çıxış zamanı ingilis dili biliyim sayəsində əlavə üstünlük də əldə etdim.

- Gəncliklə bağlı sizi narahat edən və dəyişməsini istədiyiniz hansı problemlər var?

-Məni narahat edən əsas məsələ bəzi gənclərin öz potensiallarının fərqində olmamaları və ya tam istifadə etməmələridir. Çox vaxt gənclər vaxtlarını düzgün dəyərləndirmir, bu isə onların inkişafına mane olur. Bundan əlavə internet və sosial şəbəkə asılılığı da sosial münasibətlər baxımından mənfi təsirlər yaradır. Dəyişməsini istədiyim bir digər nüans ali təhsil müəssisələrində təcrübənin və praktiki bacarıqların azlığıdır. Nəzəri biliklər çoxdur, lakin real həyatda tətbiq etmək imkanı azdır.

-Mütaliə sizin həyatınızda hansı rolu oynayır və sizcə, gənclərdə kitab oxumağa marağı artırmaq üçün nə etmək lazımdır?

-Mütaliə mənim həyatımda ən vacib vərdişlərdən biridir. Kitablar mənə güclü düşüncə və mənəvi zənginlik qazandırır. Təəssüf ki, bu gün bəzi gənclərdə mütaliəyə maraq azalıb. Məncə, kitab festivalları, müzakirə klublarında iştirak etmək və kitabxanalara tez-tez getmək bu marağı artıra bilər. Gənclər ən azından öz maraq dairələrinə uyğun janr və mövzuda kitab əldə edib kəşf edə bilərlər. Mən özüm hər dəfə kitab oxuyanda yeni bir dünya kəşf etdiyimi hiss edirəm.

-Gələcəkdə magistratura və təhsil menecmenti üzrə hansı hədəfləriniz var?

-Gələcəkdə əsas hədəfim magistratura təhsilimi təhsil menecmenti sahəsində davam etdirməkdir. Mən istəyirəm ki, beynəlxalq səviyyədə bilik və bacarıqlar qazanıb ölkəmizin təhsil siyasətinə töhfə verim. Hazırda bunun üçün çalışıram. Bu yolda əzmkar olmağı qarşıma məqsəd qoymuşam.

-Özünüzü 10 ildən sonra Azərbaycan təhsilində hansı mövqedə görürsünüz və həmyaşıdlarınıza hansı tövsiyələri vermək istərdiniz?

-Özümü ölkəmizin təhsil sahəsində qabaqcıl təhsil liderlərindən biri olaraq görmək istəyirəm. Gələcək nəsillərin daha keyfiyyətli təhsil almalarını arzulayıram. Həmyaşıdlarıma tövsiyə edirəm ki, məqsədlərinizdən heç vaxt  imtina etməyin, çünki arzular yalnız zəhmətlə gerçəkləşir. Ən əsası isə inkişaf etməkdən çəkinməyin, çətinliklər qarşısında geri addım atmayın və daim öz üzərinizdə işləyin. Çünki gələcəyimizi formalaşdıran biz özümüzük.

Yaqut Ağaşahqızı, “İki sahil”