02 sentyabr 2025 15:42
193

Azərbaycan ŞƏT sammitində: Avrasiyanın yeni güc balansında strateji mərkəz

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci yubiley sammiti 2025-ci il avqustun 31-dən sentyabrın 1-dək Tyanjin şəhərində baş tutaraq sadəcə protokol tədbiri deyil, Avrasiya məkanında geosiyasi mənzərənin yenidən qurulmasının simvolik nümayişinə çevrildi. Qlobal miqyasda müşahidə olunan siyasi və iqtisadi qeyri-sabitlik fonunda yeni güc mərkəzlərinin axtarışı davam edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən xüsusi qonaq qismində sammitə dəvət olunması təkcə diplomatik jest deyildi, həm də Azərbaycanın təşkilatın strateji planlarında əvəzolunmaz tərəfdaş kimi təsdiqlənməsinə xidmət etdi. Çünki Azərbaycan olmadan ŞƏT çərçivəsində nəzərdə tutulan bir çox iddialı layihələrin həyata keçməsi çətin görünür.

Sammitdə müzakirələr son dərəcə konkret xarakter daşıyırdı. Əsas mövzular dayanıqlı nəqliyyat dəhlizlərinin yaradılması, rəqəmsal transformasiya və iqtisadiyyatın inkişafı, kiber təhlükəsizlik, həmçinin regional sabitliyin təmin edilməsi idi. Burada Azərbaycanın mövqeyi isə xüsusi diqqət çəkdi. Rəsmi Bakı özünü yalnız tranzit ölkə kimi deyil, həm də logistika və əməliyyat mərkəzi kimi təqdim etdi. Azərbaycanın əsas mesajı ondan ibarət idi ki, ərazi bütövlüyünün tam bərpa olunmasından və Zəngəzur dəhlizinin açılmasından sonra ölkə Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub xətlərini birləşdirən unikal nəqliyyat qovşağını formalaşdırır. Bu, ŞƏT ölkələri üçün böyük praktiki əhəmiyyət daşıyır. Çin üçün bu yol “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Avropaya çıxışında ən qısa və etibarlı alternativ marşrut hesab olunur. Orta Asiya ölkələri – Özbəkistan, Qırğızıstan və Tacikistan üçün Azərbaycan vasitəsilə Türkiyə limanlarına və Aralıq dənizi hövzəsinə birbaşa çıxış təmin olunur. Rusiya və İran üçün isə Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçməsi onun səmərəliliyini dəfələrlə artırır.

Azərbaycan öz mövqeyini sadəcə sözlə deyil, konkret reallaşdırılmış layihələrlə möhkəmləndirdi. Ələt Beynəlxalq Dəniz Limanı Xəzər regionunun ən müasir və iri limanlarından biridir və buradakı imkanlar sürətlə artırılmaqdadır. Bakı–Tbilisi–Qars dəmir yolu isə Azərbaycanı Türkiyə və Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirir. Bundan başqa, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə optik kabelin çəkilməsi planlaşdırılır ki, bu da Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən informasiya-kommunikasiya mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bu layihələr artıq kağız üzərində deyil, praktik reallıq kimi fəaliyyət göstərdiyindən Azərbaycanın təklifləri xüsusilə qiymətli qəbul olunur.

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Lakin Bakı artıq bu mərhələnin potensialını tam istifadə etdiyini hesab edir və növbəti hədəf müşahidəçi statusunun əldə edilməsidir. Tyanjində keçirilən sammit göstərdi ki, bu məqsəd realdır və yaxın gələcəkdə baş tuta bilər. Bu status Azərbaycan üçün mühüm üstünlüklər yaradacaq: ŞƏT-in iclaslarında iştirak etməklə gündəliyin formalaşmasına təsir etmək, təşkilatın Regional Antiterror Strukturuna birbaşa qoşulmaq, iqtisadi əməkdaşlıq layihələrində yer almaq, investisiya və maliyyə mexanizmlərindən istifadə etmək imkanı yaranacaq. Eyni zamanda, ŞƏT də bundan faydalanacaq. Belə ki, təşkilat Avrasiyanın nəqliyyat xəritəsini tamamlamaqla yanaşı, Cənubi Qafqazda etibarlı tərəfdaş qazanacaq və enerji təhlükəsizliyi baxımından əlavə sabitlik əldə edəcək.

Azərbaycanın müşahidəçi statusu əldə etmək niyyəti artıq əsas oyunçular tərəfindən dəstəklənir. Çin rəhbərliyinin açıq dəstəyi, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi türkdilli üzv ölkələrin mövqeyi Bakının ŞƏT-də yeni mərhələyə keçidini demək olar ki, təmin edir. Beləliklə, Tyanjin sammiti Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də Avrasiyanın geniş coğrafiyasında yeni iqtisadi, siyasi və təhlükəsizlik inteqrasiyası proseslərinin katalizatoruna çevrildi. Azərbaycan artıq bu məkanın passiv iştirakçısı deyil, sabitlik, inkişaf və əməkdaşlıq təmin edən aparıcı güc mərkəzlərindən biri kimi tanınır.

Gülşən Axundova

Müstəqil ekspert

Qadın, İnkişaf, Gələcək İB Sədri