Bu ilin avqustunda Vaşinqtonda paralel şəkildə iki mühüm diplomatik proses baş verdi. Bir tərəfdə ABŞ prezidenti Donald Tramp Avropa liderlərini və Ukrayna prezidentini oval ofisə dəvət edərək, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etdi və münaqişənin mümkün həlli üçün mümkün yollar müzakirə edildi. Digər tərəfdə isə Azərbaycan və Ermənistan liderləri eyni ofisdə Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması və ABŞ-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığa aparan sənədin imzalanması ilə diqqət mərkəzinə çıxdılar. Donald Tramp və Avropa liderlərinin görüşü zamanı Azərbaycan və Ermənistan liderlərinin görüş də müsbət istiqamətdə xatırlandı.
Bu hadisələr postsovet məkanında iki fərqli münaqişənin – Ukrayna böhranı və Cənubi Qafqazdakı Azərbaycan-Ermənistan qarşıdurmasının diplomatik gedişlər fonunda yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
ABŞ-nin təşəbbüsü və əsas məqsədi
Tramp administrasiyası hər iki məsələyə eyni vaxtda diqqət ayırmaqla göstərdi ki, ABŞ qlobal təhlükəsizlik sisteminin mərkəzində qalmaq istəyir. Ukrayna müharibəsi Avropanın, Azərbaycan-Ermənistan münaqişəsi isə Cənubi Qafqazın təhlükəsizliyini birbaşa müəyyənləşdirir. Vaşinqton bu iki xətti paralel şəkildə idarə etməklə həm Moskva ilə dialoqun, həm də regional müttəfiqliklərin açarını əlində saxlamağa çalışır.
Avropanın məhdud rolu
Görüş zamanı Avropa İttifaqı Ukrayna böhranında əsasən maliyyə dəstəyi və silah dəstəyi, maksimum təhlükəsizlik, eyni zamanda, humanitar yardım mexanizmləri ilə çıxış edirdi. Lakin Trampın Putinlə birbaşa danışması göstərdi ki, böhranın həlli yalnız Vaşinqton, Moskva və Kiyev arasında mümkündür. Bu, qismən Avropanın geosiyasi nüfuzunu zəiflədən məqamdır və Ukrayna məsələsində qərarvermə gücünün əsasən transatlantik mərkəzdə cəmləndiyini ortaya qoyur.
Putin üçün diplomatik dividendlər
Rusiya lideri hərbi əməliyyatlarda əldə etdiyi məhdud irəliləyişləri diplomatik müstəvidə daha geniş uğura çevirməyə çalışır. ABŞ prezidenti ilə birbaşa dialoq Moskvanın qlobal statusunu qorumağa imkan verir. Ukraynanın xəritəsinin yenilənməsi məsələsinin masaya gətirilməsi isə Rusiyanın ən azı müəyyən ərazilərdə faktiki nəzarətinin beynəlxalq səviyyədə tanınması ehtimalını artırır.
Zelenski üçün məğlubiyyət faktoru – ABŞ-nin diplomatik direktivləri
Görüşdə “ənənəyə” uyğun olaraq Ukrayna prezidenti uzun müddət “ərazi bütövlüyündə güzəşt olmayacaq” prinsipini müdafiə edib. Amma ABŞ prezidenti tərəfindən yeni xəritənin təqdim olunması göstərir ki, Vaşinqton dəstəyini şərtsiz saxlamır. Zelenski üçün bu, həm daxildə siyasi mövqelərin zəifləməsi, həm də beynəlxalq müstəvidə mövqelərin zəifləməsi deməkdir. Ukraynanın əsas diplomatik çətinliyi budur ki, onun təhlükəsizliyi artıq yalnız öz qərarlarından deyil, ABŞ-Rusiya razılaşmasından asılı hala gəlib.
Ermənistanın “nə sülh, nə müharibə” hesabı
Eyni vaxtda Ermənistan da Vaşinqtonda ciddi diplomatik sınaq qarşısında qaldı. Paşinyan hökuməti uzun müddət Qərbin dəstəyinə bel bağlayaraq, sülh prosesində üstün mövqe qazanacağına ümid edirdi. Lakin nəticə əksinə oldu: Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalandı və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirdi ki, 907-ci düzəliş ləğv edildi. Bu, Ermənistan üçün diplomatik balansın itirilməsi hesab olunsa da, əslində, real balansa qayıtmaq idi.
Azərbaycanın Vaşinqtonda qazandığı ən mühüm nəticələrdən biri 907-ci düzəlişin ləğv olunmasıdır. Bu düzəliş 1992-ci ildən bəri ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırırdı. Onun ləğvi Azərbaycanın həm Vaşinqtonla münasibətlərini, həm də beynəlxalq hüquqi statusunu gücləndirir.
Bundan başqa, memorandumun imzalanması Azərbaycanın enerji, təhlükəsizlik və iqtisadi sahələrdə ABŞ ilə daha sıx əməkdaşlığını təmin edir. Bu, Azərbaycanın regional lider mövqeyini təsdiqləyən real nəticədir.
Diplomatik dəyişim
Nəticədə, iki paralel proses - Ukrayna böhranı və Cənubi Qafqaz sülhü göstərdi ki:
- Ukrayna məsələsində Rusiya döyüş meydanında işğalçı mövqeyini leqallaşdırmaq istəyir və əlində olanları diplomatik masada üstünlük qazanmaq üçün istifadə edir, ABŞ kompromis axtarışındadır. Ukrayna isə faktiki olaraq məğlub mövqedədir.
- Cənubi Qafqaz məsələsində Azərbaycan diplomatiya masasında qalib çıxıb, ABŞ isə Bakının təkliflərini səmimi qəbul edir. Ermənistanın dövlət siyasətinə gəldikdə isə 35 ildən sonra doğru olanı edib, öz dövlətçiliyi üçün önəmli qərar qəbul ediblər. Bu barədə elə ötən günlərdə Paşinyan xalqa müraciətində bildirdi ki: “8 avqustdan etibarən bölgədə “yeni həyat” başlayıb”.
Bəli, Ermənistan üçün yerdə qalan prosses odur ki, sülhə sadiqlik göstərib Prezident cənab İlham Əliyevin təbiri ilə desək, ev tapşırığını vaxtında həll etsin.
ABŞ-nin balanslı yanaşması
ABŞ hər iki prosesdə fərqli yanaşma nümayiş etdirir:
- Ukrayna məsələsində Vaşinqton kompromisə getməyə məcburdur, çünki uzunmüddətli müharibə həm maliyyə, həm də siyasi baxımdan ABŞ və Avropa üçün ağır yükdür.
- Azərbaycan-Ermənistan məsələsində isə ABŞ qətiyyətlə rəsmi Bakının yanında dayanır, çünki Azərbaycan regionda haqlı mövqe nümayiş etdirir, eyni zamanda, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından etibarlı tərəfdaşdır.
Vaşinqton görüşləri göstərdi ki, diplomatiya hərbi uğurlar qədər əhəmiyyətlidir. XXI əsrin geosiyasi oyununda yalnız hərbi güc deyil, diplomatik manevr qabiliyyəti də həlledicidir. Ukrayna nümunəsi göstərdi ki, səhv hesablamalar diplomatik məğlubiyyətlə nəticələnə bilər. Ermənistan nümunəsi isə sübut etdi ki, balanssız siyasət ölkəni təcridə aparır. Azərbaycan isə əksinə, müharibədə qazandığı uğuru diplomatiya masasında təsdiqləməyi bacardı və regionun aparıcı aktoru olduğunu təsdiqlədi.
Nicat QULİYEV,
Naxçıvan Televiziyasının baş redaktoru