09 aprel 2026 18:12
165

Azərbaycan təcrübəsi qlobal təhlükəsizlik və münaqişələrin həlli ilə bağlı nümunədir

“Müasir beynəlxalq təhlükəsizlik sistemi dərin transformasiya mərhələsindən keçir. Əvvəllər lokal xarakter daşıyan münaqişələr bu gün daha mürəkkəb və uzunmüddətli forma alaraq xarici aktorları cəlb edir, iqtisadi əlaqələri pozur və bütöv regionların dayanıqlığını sarsıdır. Bu fonda klassik nizamlanma mexanizmlərinin — diplomatik vasitəçilikdən tutmuş beynəlxalq institutlara qədər — effektivliyinin mövcud çağırışların miqyasına uyğun gəlmədiyi daha aydın görünür”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, artıq bir neçə ildir davam edən Rusiya-Ukrayna müharibəsi göstərir ki, münaqişə necə tez bir zamanda uzunmüddətli qarşıdurmaya çevrilə bilər və bu, ağır humanitar və iqtisadi nəticələrə gətirib çıxarır. Oxşar tendensiyalar Yaxın Şərqdə də müşahidə olunur. İran, İsrail və ABŞ arasında gərginliyin artması artıq ikitərəfli çərçivəni aşaraq çoxsəviyyəli proksi qarşıdurma xarakteri alır. Hər iki halda əsas problem aydın və yekun siyasi-hüquqi nəticənin olmamasıdır. Məhz bu kontekstdə Azərbaycanın təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz münaqişələrin həllinə fərqli yanaşma — beynəlxalq hüquq, siyasi iradə və strateji ardıcıllığın sintezinə əsaslanan model nümayiş etdirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı ilə səciyyələnən keçmiş Qarabağ münaqişəsi uzun illər ərzində “dondurulmuş münaqişə” nümunəsi kimi təqdim olunurdu. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinin mövcudluğuna baxmayaraq, onların icrası üçün real mexanizmlər formalaşdırılmamışdı. Bu isə beynəlxalq münasibətlər sistemində ciddi problemin, yəni hüquqi bazanın mövcudluğu ilə onun təmin olunması arasında uçurumun  bariz nümunəsi idi. Bu məsələ dönüş nöqtəsi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsinin baş verməsi oldu. Azərbaycan qısa müddətdə ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Burada mühüm məqam yalnız hərbi nəticə deyil. Əsas odur ki, bu qələbə beynəlxalq hüquqa əsaslanan aydın siyasi-hüquqi çərçivə daxilində əldə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, əgər beynəlxalq hüquq işləmirsə, dövlətlər onun icrasını özləri təmin etməyə məcbur olurlar. Bu yanaşma XXI əsrin əsas dilemmasını əks etdirir: hüquqi normalarla onların real tətbiqi arasındakı ziddiyyət.
Sevinc Fətəliyeva qeyd edib ki, 2023-cü ildə keçirilmiş antiterror tədbirləri bu prosesin məntiqi davamı oldu və Azərbaycanın bütün ərazisi üzərində suverenliyi tam bərpa edildi. Beləliklə, münaqişə təkcə faktiki deyil, həm də hüquqi baxımdan yekun həllini tapdı ki, bu da onu müasir münaqişələrin əksəriyyətindən fərqləndirir. Azərbaycan təcrübəsinin təhlili göstərir ki, bu model müasir beynəlxalq təhlükəsizlik sistemi üçün universal əhəmiyyət kəsb edən bir sıra prinsipləri ortaya qoyur:  
Birincisi, beynəlxalq hüququn aliliyi yalnız bəyanat səviyyəsində qalmamalı, onun icrasını təmin edən real mexanizmlərlə müşayiət olunmalıdır. Əks halda, bu prinsiplər praktiki nəticə vermir;
İkincisi, aydın strateji məqsədin mövcudluğu həlledici amildir. Azərbaycan münaqişənin “idarə olunan qeyri-sabitlik” mərhələsində saxlanılması deyil, ərazi bütövlüyünün tam bərpası məqsədini ardıcıl şəkildə həyata keçirib;
Üçüncüsü, siyasi liderlik faktoru xüsusi əhəmiyyət daşıyır. Diplomatik, hərbi və informasiya alətlərinin koordinasiyalı şəkildə tətbiqi əldə olunan nəticənin əsasını təşkil edir;
Dördüncüsü, dayanıqlı sülhün təmin olunması üçün revizionizmdən imtina və yeni reallıqların qəbul edilməsi vacibdir. Bu baxımdan, 2022-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Praqada əldə olunmuş razılaşmalar qarşılıqlı şəkildə ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanaraq postmünaqişə dövrü üçün hüquqi baza formalaşdırır. 
“Bu gün dünyanın müxtəlif regionlarında müşahidə olunan uzanan və nəticəsiz münaqişələr fonunda Azərbaycan nümunəsi göstərir ki, effektiv həll yalnız siyasi iradə, milli birlik və beynəlxalq hüquqa söykənən prinsipial yanaşma ilə mümkündür. Məhz buna görə də Azərbaycan təcrübəsi artıq regional çərçivəni aşaraq qlobal təhlükəsizlik və münaqişələrin həlli ilə bağlı daha geniş diskussiyaların mühüm tərkib hissəsinə çevrilir. Bu təcrübə göstərir ki, XXI əsrdə sülh yalnız problemlərin qeydiyyatı ilə deyil, onların qəti və ədalətli həlli ilə təmin oluna bilər”,-deyə deputat vurğulayıb.