XIX əsrin sonu və XX əsrin əvvəllərində Rusiya imperiyası, Qafqazda etnik qarşıdurmaları qızışdırmaqla, azərbaycanlılara qarşı erməni silahlı birləşmələrini dəstəkləmişdir. Bu siyasət nəticəsində Bakı, Şuşa, Naxçıvan, İrəvan və Zəngəzurda azərbaycanlıların yaşadığı kəndlərə hücumlar təşkil edilmiş, kəndlər yandırılmış və əhali kütləvi şəkildə qətlə yetirilmişdir. Rusiyanın Azərbaycan xalqına qarşı yürütdüyü şovinist və irqçi siyasət, təkcə tarixi keçmişin qaranlıq səhifəsi deyil, həm də bu gün də davam edən sistemli bir yanaşmadır. Bu siyasət, azərbaycanlıların hüquqlarının pozulmasına, mədəniyyətlərinin sıxışdırılmasına və fiziki zorakılıqlara məruz qalmalarına səbəb olmuşdur. Rusiyanın son dövrlərdə Azərbaycana qarşı atdığı addımlar qonşuluq münasibətlərinə yaraşmayan davranışlarla müşayiət olunur. Ötən ilin dekabrında Aktau yaxınlığında baş verən AZAL təyyarəsinin qəzaya uğraması və onun Rusiya tərəfindən vurulması hadisəsi hələ də unudulmayıb. Təəssüf ki, Moskva bu məsuliyyəti üzərinə götürməkdən yayınır, günahı etiraf etmir və hadisədə əli olanları cəzalandırmır. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklər, Rusiya hüquq-mühafizə orqanlarının irqçi və şovinist davranışlarının bariz nümunəsidir. Avqustun 7-dən 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına “Shahed” dronları ilə hücum edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə zərər vurub. Yanğın qısa müddətdə söndürülüb. Hücum zamanı şirkətin dörd əməkdaşı ağır yaralanıb. Xatırladaq ki, avqustun 6-da Rusiya Odessa vilayətindəki “Orlovka” kompressor stansiyasına da hücum etmişdi. Bu stansiya vasitəsilə ABŞ-dan maye təbii qaz (LNG) və Azərbaycan qazı daşınırdı. Tam əminliklə demək olar ki, enerji obyektlərimizə edilən hücumlar təsadüfi deyil, eyni zamanda, Kremlin Azərbaycana qarşı təzyiq və şantaj siyasətinin bir hissəsidir. Bu cür hadisələrin ardıcıl baş verməsi deyilənləri bir daha təsdiqləyir. Rusiya bu davranışı ilə həm də özü imzaladığı sənədlərə etinasız yanaşdığını ortaya qoyur. Nə 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə, nə də ölkələrimiz arasında formalaşmış tarixi qonşuluq münasibətlərinə hörmət göstərilir. Belə addımlar həm beynəlxalq hüquqa, həm də ikitərəfli münasibətlərin mahiyyətinə ziddir və hər iki ölkənin maraqlarına uyğun gəlmir.
Bu gün Rusiya rəhbərliyi, daxili sabitliyi qorumaq adı ilə, fərqli etnik və dini kimlikləri potensial təhdid kimi görən bir siyasət yürüdür. Ukraynada müharibədə canlı qüvvə çatışmazlığı ilə üzləşən Kremlin rəhbərliyi miqrantları döyüşə cəlb etmək üçün insanlıqdan uzaq metodlara əl atır. Narkotiklərlə, saxta ittihamlarla və ailə üzvlərinin taleyi ilə hədələnən miqrantlar məcburən razılıq verməyə vadar edilirlər. Müharibəyə göndərilənlər aldatılır, vəd edilən kompensasiyalar verilmir, geri döndükdən sonra isə yenidən təzyiqlərə məruz qalaraq cəbhəyə çağırılırlar. Bu siyasətin qurbanları yalnız miqrantlar deyil, həm də milli mənsubiyyətinə görə Rusiya vətəndaşı olan qeyri-ruslarda təqib və ayrı-seçkiliklə üzləşirlər. Bu hadisələr artıq sadəcə müəyyən bölgələrlə məhdudlaşmır. Ölkənin müxtəlif yerlərində oxşar vəziyyətlər müşahidə olunur.
Bəli, imperiya təfəkkürlü siyasət yürüdən Rusiyanın Azərbaycanın bölgədə formalaşdırdığı yeni geosiyasi reallıqlardan narahat olduğu açıq şəkildə görünür. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi tarixi Zəfər və regionda yeni status-kvonun formalaşması Moskvanın maraqlarına uyğun gəlmir. Çünki Azərbaycan artıq təkcə regionda deyil, həm də beynəlxalq miqyasda söz sahibi olan, müstəqil qərarlar verən güclü aktora çevrilib. Bu da uzun illər bölgəni öz təsir dairəsində saxlamağa çalışan Rusiya üçün narahatedici amildir. Müşahidəçilərin fikrincə, son 35 il ərzində Azərbaycan-Rusiya münasibətlərində müəyyən diplomatik gərginliklər yaşansa da, hazırkı qədər açıq-aşkar düşmənçilik ritorikası əvvəlki dövrlərdə qeydə alınmayıb. Bu gərginliyin kökündə isə Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi, hərbi və iqtisadi nailiyyətləri, regionda artan nüfuzu və müstəqil qərarlar verməsi dayanır. Rusiya isə bu reallığı qəbul etməkdə çətinlik çəkir və təsir dairəsindən çıxan Azərbaycanı müxtəlif vasitələrlə təzyiq altına salmağa çalışır. Lakin müasir Azərbaycan artıq güclü və öz yolunu seçmiş bir dövlətdir.
Hazırda Kreml ölkəmizə qarşı birbaşa hərbi və ya iqtisadi müdaxilə edə bilmədiyi üçün əlində olan digər təsir alətlərindən istifadə edərək, təzyiqlər göstərməyə çalışır. Bu, bəzən informasiya müharibəsi, bəzən siyasi təxribatlar, bəzən də Ermənistanı dəstəkləməklə özünü göstərir. Moskvanın açıq və gizli manevrləri Azərbaycanın suveren siyasətini əngəlləməyə yönəlib. Lakin Rusiya anlamalıdır ki, Azərbaycan artıq asılı və idarəolunan bir ölkə deyil. Müstəqil dövlət olaraq öz yolunu seçib və bu yolda onu heç bir xarici təzyiq dayandıra bilməz.
Rəsmi Bakı beynəlxalq münasibətlərdə daim prinsipial, açıq və ardıcıl mövqeyi ilə seçilir. Azərbaycan öz maraqlarını və regional sabitliyi əsas tutaraq, bütün tərəfdaşlarına qarşı bərabər və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür. Hazırda sanksiyaların ağırlığı altında qalan, başladığı müharibə ilə beynəlxalq aləmdə təklənmiş və siyasi izolyasiyaya məruz qalan Rusiya isə bu reallığı düzgün qiymətləndirməli, Azərbaycana qarşı əsassız ittihamlar və təzyiqlərlə yox, konstruktiv dialoq yolu ilə münasibətləri tənzimləməyə çalışmalıdır. Mövcud gərginliyi dərinləşdirmək əvəzinə, Moskva öz səhvlərindən nəticə çıxarmalı və əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidir.
Şəmsiyyə Əliqızı, “İki sahil”