09 avqust 2025 14:39
138

PFL: “Qarabağ”ın oyunu təxirə salına bilər

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Bank Respublika Arena"da baş tutmalı olan “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.