İngiltərənin "Çelsi" klubunun son üç il ərzində akademiya yetirmələrinin satışından əldə etdiyi gəlir 250 milyon funt-sterlinqi keçib.
“İki sahil” BBC-yə istinadən xəbər verir ki, bu, Armando Broxanın Premyer Liqanın digər təmsilçisi "Börnli"yə keçidindən sonra reallaşıb.
Noni Madueke, Corce Petroviç və digər oyunçuların transferləri Premyer Liqa təmsilçisinin xalis mənfəətini artırıb. Klub bu yay gəlirini 300 milyon funt-sterlinqə yüksəltməyi planlaşdırır.
Akademiya məzunları ilə yanaşı, Meyson Mauntun (55 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib) Yan Maatsenin (37,5 milyon avro qarşılığında "Aston Villa"ya transfer olunub), Konor Qallaherin (34 milyon avro qarşılığında "Atletiko Madrid"ə keçib) və Lyuis Hollun (28 milyon avro qarşılığında "Nyukasl"a transfer olunub) satışı da "Çelsi"nin büdcəsini əhəmiyyətli dərəcədə artırıb.
London klubu həmçinin son üç mövsümdə yeni oyunçulara 1,25 milyard funt-sterlinq xərcləyib.
Qeyd edək ki, "Çelsi" daha əvvəl UEFA-nın maliyyə feyr-pleyi qaydalarına əməl etmədiyi üçün 26,7 milyon funt-sterlinq məbləğində cərimələnmişdi. Klub növbəti mövsümlərdə də maliyyə feyr-pleyi qaydalarına əməl etməsə, cərimə məbləğinin 51,2 milyon funt-sterlinqə qədər artacağı bildirilib.