Turan Topalova: Məqsədimiz sadəcə xaricdə təhsil vermək deyil, həmin bilikləri və bacarıqları Azərbaycanın inkişafına yönəltməkdir
Müasir dövrün dinamik və çevik çağırışları fonunda ölkələrin davamlı inkişafında təhsilli, innovativ və çevik düşüncəli insan kapitalı əsas hərəkətverici qüvvə kimi çıxış edir. Bu baxımdan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı siyasəti ölkəmizin insan kapitalının inkişafına yönəlmiş mühüm strateji alətlərdən biridir. Bu gün Elm və Təhsil Nazirliyi qlobal rəqabətə davamlı peşəkarların yetişdirilməsi məqsədilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı uğurla icra edir. Proqram çərçivəsində gənclərə dünya səviyyəli təhsil imkanlarının yaradılması, onların müasir və gələcək əmək bazarının tələblərinə uyğun formalaşdırılması hədəflənir. Bu kontekstdə Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova qəzetimizə müsahibəsində proqramın əhatə dairəsi, seçim meyarları, prioritet istiqamətləri və gələcək perspektivlərindən ətraflı söz açdı.
- Xaricdə təhsil proqramının hazırkı mərhələdə əsas prioritetləri və hədəfləri hansılardır?
- Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə xaricdə təhsillə bağlı Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadılıb. Proqrama əsasən, hər il 500 nəfərədək vətəndaşın xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində nüfuzlu ali təhsil müəssisələrində təhsil alması nəzərdə tutulur. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, bu ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edir. Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Dövlət Neft Fondunda bu məqsədlə nəzərdə tutulan vəsait hesabına həyata keçirilir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
- Yeni proqram sənədində hansı ölkələr və ixtisaslar üzrə təqaüdlərə üstünlük verilir və bu seçim hansı meyarlara əsaslanır?
- Xüsusi bir meyar mövcud deyil. Sadəcə, namizəd müraciət edən zaman Elm və Təhsil Nazirliyi tərəfindən hər təsdiqlənən universitet və proqramların siyahısı - müvafiq siyahı üzərindən seçim etməli və sənədlərini doğru şəkildə təqdim etməlidirlər. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində yalnız əyani təhsil maliyyələşdirilir. Cari tədris ili üzrə təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Nəticə etibarı ilə, siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahələri əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər. Namizədlər, eyni zamanda, 2025-ci ilin “Times Higher Education” və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər. Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Dövlət Proqramına qəbul 2 mərhələdən ibarətdir. Bunlar sənəd qəbulu və müsahibə mərhələləridir. 2022-2028-ci illər üzrə Dövlət Proqramına sənədlərin qəbulu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" Elektron Ərizə Sistemi “portal.edu.az” (bundan sonra – elektron ərizə) üzərindən sənəd qəbulu həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak hüququ qazanırlar.Sənəd qəbulu mərhələsində namizədlər hər üç təhsil səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə tələb olunan sənədləri toplayaraq portal.edu.az üzərindən müraciətlərini həyata keçirirlər. “2022-2026 Dövlət Proqramı”na müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı müvafiq elandan və Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028 Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydalarının 3.2.2-ci bəndindən əldə edilə bilər. Müsahibə mərhələsində ekspertlər tərəfindən namizədin təhsil almaq istədiyi ixtisas üzrə bilik və bacarıqları, məntiqi mühakimə yürütmək və kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti qiymətləndirilir. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır. Qeyd edək ki, Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 6 (altı) ay qalmış Elm və Təhsil Nazirliyinin və Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytında yerləşdirilir.
- 2022–2025-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində indiyədək neçə nəfər gənc bu fürsətdən yararlanıb və onların təhsil aldıqları ölkələr üzrə bölgü necədir?
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə TOP10-da yer alan 13 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.Proqram çərçivəsində dünyanın 16 ölkəsinə aid 76 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb. Ölkələr üzrə isə Böyük Britaniya, ABŞ, Türkiyə Respublikası, İtaliya Respublikası, Çin Xalq Respublikası daha çox üstünlük təşkil edənlər sırasındadır.
- Proqram məzunlarının Azərbaycana qayıtdıqdan sonra məşğulluğu və cəmiyyətə inteqrasiyası necə təmin olunur? Onlara dəstək mexanizmləri varmı?
- Namizəd Dövlət Proqramı təqaüdçüsü seçildikdən sonra onunla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Bu müqaviləyə əsasən, təqaüdçünün də öhdəlikləri mövcuddur. Bunlardan biri də onun təhsilini uğurla başa vurduqdan sonra 2 ay ərzində Vətənə qayıdıb, 5 il əmək fəaliyyəti ilə məşğul olmaqdır. Müqavilənin qeyd olunan şərti pozulduqda müvafiq hüquqi tədbirlər görülür. Təhsillərini uğurla başa vuraraq ölkəyə qayıdan və iş axtarışında olan məzunlarımız üçün də müəyyən qədər təşviqedici tədbirlər icra olunur ki, onlar bu imkandan yararlansınlar.Onların işlə təminatı Dövlət Proqramının şərtlərinə daxil olmasa da mütəmadi Dövlət Proqramı tərəfindən böyük karyera sərgisi təşkil olunur. Ötən il 109 məzunumuz prosesdə iştirak etdi. Sərgidən sonra da məzunlarımız işlə təmin olunub.
- Yerli ali təhsil müəssisələri ilə xarici universitetlər arasında əlaqələr hansı səviyyədə qurulub və bu əməkdaşlığın nəticəsi olaraq hansı ikili diplom proqramları fəaliyyət göstərir?
- “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı uğurla həyata keçirilib. Bu proqramlar vasitəsilə ümumilikdə 1041 nəfər tələbə qəbul olunub, onlardan 266 nəfəri artıq məzun adını qazanıb.
Bakalavriat səviyyəsində proqramlar:
Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) ikili diplom proqramı çərçivəsində 400 nəfər təhsil almaq hüququ qazanıb, onlardan 319 nəfəri məzun olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında mühəndislik və kənd təsərrüfatı ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) proqram çərçivəsində 330 nəfər qəbul olunub, 39 nəfəri məzun olub.
Magistratura səviyyəsində proqramlar:
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında təhsil və insan kapitalının inkişafı ixtisası üzrə 127 nəfər tələbə təhsil almaq hüququ qazanıb, 83 nəfəri proqramı tamamlayıb.
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, verilənlərin analizi və elektrik mühəndisliyi üzrə ikili diplom proqramına 124 nəfər qəbul olunub, 83 nəfəri məzun olub.
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya sahəsində ikili diplom proqramı üzrə 20 nəfər təhsil almaq hüququ qazanıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti arasında bərpaolunan enerji mənbələri üzrə ikili diplom proqramına 40 nəfər qəbul olunub.
- Xaricdə təhsil alan tələbələrin ölkə ilə əlaqələrinin qorunması, onların bilik və bacarıqlarının gələcəkdə istifadə olunması üçün hansı davamlı əlaqə mexanizmləri mövcuddur?
- Proqram iştirakçısının hər semestr və tədris ili başa çatdıqdan sonra tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayış və qiymət cədvəlinə (transkript) əsasən akademik borcu olub-olmadığı monitorinq edilir. Bundan əlavə, Proqram iştirakçıları akademik uğurlarını və nailiyyətlərini Dövlət Proqramı ilə (foto, video format) bölüşürlər. Bura, həmçinin Proqram iştirakçılarımızın təşkil etdikləri tədbirlər, ölkə təmsilçiliyi, beynəlxalq konfranslarda iştirak və təmsilçilik də aiddir.
- Vətəndaşlar tərəfindən xaricdə təhsil proqramına dair verilən əsas sual və narahatlıqlar nələrdir və bu sualların aradan qaldırılması üçün nazirlik tərəfindən hansı addımlar atılır?
- Suallar sənəd qəbulu ərəfəsində daha çox olur. Əksər suallar qaydalar, necə müraciət etmək, hansı sənədlər tələb olunur, sənədlərin doğru şəkildə təqdim olunması, maliyyələşmə qaydaları və s. kimi istiqamətlərdə ünvanlanır. Sənəd qəbulu dövründə sualları cavablandırmaq üçün sosial media platformaları üzərindən gündəlik canlı yayın sessiyaları təşkil edilir. Aktiv dəstək kimi elektron poçt ünvanı mövcuddur. Bundan başqa, hər həftə vətəndaş qəbulları həyata keçirilir.
-Son dövrlərdə təhsil sahəsində qlobal dəyişikliklər–süni intellektin tətbiqi, onlayn təhsil imkanları kimi trendlər nəzərə alınaraq proqramda hansı müasir yanaşmalar əksini tapıb?
-Hazırda mövcud qaydalar çərçivəsində Dövlət Proqramı fəaliyyətini davam etdirir. Gələcək üçün müəyyən yeniliklər nəzərdə tutulur. Bu barədə məlumatlar mövcud olduqda və təsdiq əldə etdikdə ictimaiyyətə elan olunacaqdır.
Yaqut Ağaşahqızı, “İki sahil”