Azərbaycanın yeritdiyi siyasət ABŞ-da böyük uğur qazandı
Rusiyanın Sankt-Peterburq elitası artıq Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanacaq mümkün sülh sazişindən vahiməyə düşüb. Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı ekspert Dmitri Solonnikov Rusiyanın dövlət telekanalına açıqlamasında bildirib ki, Nikol Paşinyan belə bir sənədə imza atarsa, bu, Ermənistan xalqı üçün xəyanət, dövlət üçünsə “təməl daşı”nın sökülməsi kimi qəbul olunacaq.
Diqqətçəkən məqamdır ki, Dmitri Solonnikov sülh prosesini Erməni Apostol Kilsəsinə qarşı aparılan islahatlarla eyni sıraya qoyub. Onun sözlərinə görə, bu iki proses birləşəndə, Ermənistanın həm mənəvi, həm də tarixi dayaqları dağıdılır. Onun düşüncəsinə görə, Ermənistanın “təməlini” qorumaq üçün yeganə yol – müharibə, işğal və keçmişin kabuslarını saxlamaqdır…Əslində, bütün bu isterika bir sadə həqiqəti göstərir: İrəvanla Bakı arasında sülh Moskvanın yaxın buraxmadığı qorxulu yuxusudur. Solonnikov Ermənistan toplumu adından həyasızlıqla danışaraq “sülhü” “xəyanət” adlandırır.
Rəsmi Moskvanın iki ölkəni əsrlərlə bir-birinə düşmən etməkdə əsas məqsədi türk dövlətlərini ayrı salmaq, Azərbaycan və Ermənistanı daim “qapaz” altında saxlamaq idi. Lakin Nikol Paşinyan hakimiyyətə gələn gündən ölkəsini qonşu dövlətlərlə düşmən görmək istəmir, anti-Rusiya təbliğatı təşkil edir, ölkəsinin iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışırdı. Bu, hamının gözü qarşısında baş verirdi. Baş nazir Avropa və ABŞ-la münasibətləri möhkəmləndirəndən sonra əsas məqsədinin reallaşması üçün özünə güclü dəstəkçilər qazandı. Bunun gələcəyinin nə ilə bitəcəyini anlayan Kreml mənsubları Azərbaycana və Ermənistana təzyiqləri artırmaqla, hərdən gözağartması verməklə və hədələməklə onları köhnə mövqelərə qaytarmağa cəhd etdə də heç biri alınmadı. Xüsusilə Azərbaycana qatı düşmənçilikdən belə çəkinmədi. Sərnişin təyyarəsini vurdu. 38 insanın ölümünə bais oldu, üzr istəməyi belə özünə rəva görmədi, vurduğu ziyanı kompensasiya etmədi. Hazırda da ərazisindəki azərbaycanlıları öldürməklə, döyməklə, həbsxanalara atdırmaqla məşğuldur. Məgər zorla dostluq, tərəfdaşlıq olur? Məhz buna görədir ki, dünyada Rusiyanı “etibarsız və təhlükəli tərəfdaş” adlandırırlar. Kremlin qanlı əməllərinin nəticəsidir ki, bu gün qanlı imperiyalar varisi olan Rusiya meydanda tək və çıxılmaz vəziyyətdə qalıb. Heç kəsə xoş niyyətlə yanaşmayan peşəkar işğalçı cildini dəyişsə də əməlini dəyişə bilmir. Nəhayət, keçmiş “qırmızı” imperiyanın varisləri hegemon ideyalarından əl çəkməli, insanlıqla bir araya qayıtmalıdırlar.
ABŞ-da Azərbaycanın Ermənistanla bir araya gəlmələri Kremldəkilərə bir ciddi dərs olmalıdır. Düşünməlidirlər ki, uzaq və yaxın ölkələr onlara nə üçün etibar etmirlər, niyə öz məsələlərinə yaxın buraxmırlar? Dünyada tək və müttəfiqsiz qalmalarının səbəbi və günahkarı kimdir? Bu suallara soyuq başla cavab arasalar onda düzgün nəticəyə gələrlər. Çünki bunları başa düşmək mürəkkəb məsələ deyil və özlərini ağıllı hesab edənlər daha tez başa düşməlidirlər.
Yüz illər boyu aranı qarışdıran, xalqları bir-birinə düşmən edən qanlı imperiya artıq son nəfəsindədir. Unudulmaz yazıçı-dramaturqumuz Cəfər Cabbarlının “1905-ci ildə” pyesində sətialtı bildirilir ki, ermənilərlə azərbaycanlıları bir-birinə qırdıran rus imperiyası idi. Müəllifin “Atan kazaklardır” məşhur ifadəsi də buna işarə vururdu. İndi zaman dəyişib, xalqlar öz cəlladının çirkin və yırtıcı sifətini görüblər. Rusiyanın qəddar caniləri axıtdıqları qan dənizinin içində boğulmaqdadır. Tamamilə məntiqəuyğundur.
Vəli İlyasov, “İki sahil”