08 avqust 2025 11:55
100

8 Avqust – Beynəlxalq Oftalmoloqlar günü: Görən gözlərə həsr olunmuş peşə

8 avqust 2004-cü ildən başlayaraq Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Həmin günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Artıq neçə illərdir ki, qeyd edilən Beynəlxalq Oftalmologiya Günü təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksək ixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.
Azərbaycanda səhiyyənin digər istiqamətləri ilə yanaşı oftalmologiya sahəsində də inkişaf müşahidə olunur.
 Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım daim dövlətin diqqətindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Mərkəzin Gəncə, Şəki  və Masallı Regional şöbələri göz xəstəliklərinə məruz qalan insanlara yüksək səviyyədə xidmət göstərir.
Yüksək keyfiyyətli, dünya səviyyəli diaqnostik və cərrahi avadanlıqla təchiz edilmiş, peşəkar həkim heyyətli Mərkəz və filiallar daimi əhalinin sağlamlığının keşiyində durur.
 Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir.
 Respublika əhalisinə yüksək səviyyəli oftalmoloji yardımın göstərilməsi çərçivəsinə Mərkəzin Səyyar klinikasının da fəaliyyəti daxildir. Səyyar klinika müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, muxtar elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq, hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Səyyar Klinika avtomobil və dəmiryolu səyyar klinikasından ibarətdir Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə, uşaq baxçalarında kontingentin dispanser müayinəsini aparır.
 Mərkəzin əməkdaşları dünya ölkələrində keçirilən iri miqyaslı oftalmoloji konqres və konfranslarda yaxından iştirak edirlər, çıxışlarında görmə orqanının müxtəlif növ patologiyasının terapiya və cərrahiyyəsində öz şəxsi təcrübəsini, oftalmologiyanın aktual problemlərinin həllinə öz nöqteyi-nəzərini beynəlxalq oftalmoloji cəmiyyətə çatdırırlar.
Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarında təcrübə və hazırlıq keçirlər, gözün müxtəlif xarakterli patologiyalarının müalicəsində istifadə olunan ən müasir üsullara yiyələnirlər və bu təcrübəni öz işində müfəffəqiyyətlə tətbiq edirlər.

Yazgül Abdiyeva
Tibb elmlər doktoru