29 iyul 2025 09:00
160

Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu mərhələli şəkildə genişlənir

Tunel və körpülərlə dağlar aşılır, bölgələr bir-birinə birləşdirilir

44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror  tədbirləri  nəticəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycan dövlətinin milli prioritetləri sırasına daxil edilib. Bu ərazilərin yenidən dirçəldilməsi, infrastrukturun sıfırdan qurulması, insanların doğma yurdlarına Böyük Qayıdışının təmin olunması strateji və milli əhəmiyyətli məsələdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələri arasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. Çünki yol olan yerdə həyat var,  iqtisadiyyat, məskunlaşma, sosial inkişaf var. Məhz bu səbəbdən Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinə yol tikintisi ilə start verdi. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və şəxsi nəzarəti altında bu istiqamətdə qısa zaman ərzində olduqca böyük miqyaslı işlər görülüb. Hərbi qələbənin ardınca gələn mühüm strateji mərhələ - iqtisadi və sosial quruculuq mərhələsi ölkənin bütün resurslarının cəmləndiyi ümummilli bir səfərbərlik mahiyyəti daşıyır. Qarabağın və Şərqi Zəngəzurun yolları – həm fiziki, həm də rəmzi mənada Böyük Qayıdışın yoludur.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı bu yol infrastrukturunun planlı və sistemli şəkildə icrasını təmin edir. Sözügedən Proqramla yanaşı, Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncam və göstərişlər əsasında bu bölgədəki avtomobil yollarının layihələndirilməsi, tikintisi və istifadəyə verilməsi prosesi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ardıcıl şəkildə həyata keçirilir.  Ümumi uzunluğu 3 382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bu yollardan 1076.1 kilometri respublika əhəmiyyətli, 2306.5 kilometri isə yerli əhəmiyyətlidir. Hazırkı mərhələyə qədər agentlik tərəfindən artıq 315.9 kilometr uzunluğunda 7 avtomobil yolunun tikintisi tam başa çatdırılıb, bir layihənin – 39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun isə 24.2 kilometrlik hissəsi istismara verilib. Bu yollar arasında Tərtər-Suqovuşan-Talış (28.5 km), “Zəfər Yolu” (101 km), Bərdə-Ağdam (44.5 km), Füzuli-Hadrut (12.3 km) və bir sıra digər yollar var. Bu infrastruktur layihələri regionda təhlükəsiz, sürətli, rahat və davamlı nəqliyyat əlaqələrinin bərpa olunmasına xidmət etməklə yanaşı, iqtisadi inkişafın dayanıqlı təməllər üzərində qurulmasını da təmin edir.

Bütün bu yollar yalnız fiziki infrastruktur deyil, həm də bir milli iradənin, ərazi bütövlüyünə sadiqliyin, müasir dövlət quruculuğunun ifadəsidir. İyulun 3-də Prezident İlham Əliyevin iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışı bu baxımdan mühüm tarixi əhəmiyyət daşıyır. Həmin  yolun uzunluğu 101 kilometr olsa da, yeni yolun uzunluğu 81.7 kilometr təşkil edir ki, bu da məsafənin 19.3 kilometr qısaldılması deməkdir. Yolun ilk 48 kilometri 6 hərəkət zolaqlı, qalan 33.7 kilometri isə 4 hərəkət zolaqlıdır. Bu yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunub və müasir beynəlxalq standartlara cavab verir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur qurğuları yaradılıb. Bu layihə çərçivəsində inşa olunan körpülərin ümumi uzunluğu 1557 metrdir. Həm coğrafi-iqlim baxımından mürəkkəb ərazidə, həm də texniki baxımdan mürəkkəb bir layihənin bu qədər yüksək səviyyədə və sürətlə icra olunması Azərbaycanın mühəndis və inşaat potensialının, təşkilatçılıq qabiliyyətinin göstəricisidir.

Digər mühüm strateji yol infrastrukturu layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun da əsas özəlliyi ondan ibarətdir ki, o, yalnız yol layihəsi deyil, eyni zamanda,  Murovdağ tuneli kimi dünya səviyyəli mühəndislik obyektini əhatə edir. Murovdağ silsiləsinin çətin relyefi, sərt iqlim şəraiti bu yolun inşasını mühəndis-texniki baxımdan son dərəcə mürəkkəbləşdirir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan bu strateji əhəmiyyətli layihəni də həyata keçirir. Həmin yolun uzunluğu 100 kilometr, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yol birinci və ikinci texniki dərəcələrə uyğun inşa edilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun Toğanalı-Kəlbəcər hissəsi 56 kilometr, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr uzunluğundadır. 13-cü kilometrlikdən başlayaraq Murovdağ silsiləsini keçən bu yolda yüksəklik 1700 metrdən 3260 metrədək dəyişir. Məhz bu səbəbdən bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tuneli inşa edilir. Tunelin eni 10 metr olacaq və hər istiqamət üzrə 2 hərəkət zolağını əhatə edəcək. Bundan əlavə, bu marşrutda 561.2, 626.9, 500 və 947.9 metr uzunluğunda 4 tunelin də tikintisi həyata keçirilir. Son məlumatlara görə, artıq Murovdağ tunelinin sol yarım hissəsi də birləşdirilib və tunelin bütöv konturu formalaşmağa başlayıb. Bu tunelin istifadəyə verilməsi təkcə mühəndislik uğuru deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun logistik, iqtisadi və sosial inteqrasiyası baxımından dönüş nöqtəsi olacaq. Tunel bölgənin iqtisadi fəallığını artıracaq, yük və sərnişin daşımalarının effektivliyini yüksəldəcək və turizmin inkişafına ciddi stimul verəcək.

Azərbaycan dövləti təkcə magistral yollar deyil, həmçinin kəndlərə, yeni salınan yaşayış massivlərinə gedən yerli yolların da çəkilişinə eyni diqqət və məsuliyyətlə yanaşır. Kənd yollarının bərpası, alternativ yolların açılması, keçilməz dağlıq ərazilərdə asfalt-beton örtüklü yolların inşası bərpa prosesinin əhatəli aparıldığını sübut edir. Yol infrastrukturu həm də tikinti, kənd təsərrüfatı, xidmət və ticarət sahələrinin bərpası üçün ilkin və həlledici rol oynayır. Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşdırılan kənd və qəsəbələrə gedən yollar sürətlə asfaltlaşdırılır, keçidlər və qovşaqlar yaradılır. Yol tikintisi paralel şəkildə elektrik, qaz, su və telekommunikasiya xətlərinin çəkilişi ilə sinxronlaşdırılır. Bu sinxron inkişaf modeli Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi quruculuq prosesinin planlı və sistemli aparıldığını göstərir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bu genişmiqyaslı yol tikintisi prosesi Azərbaycan xalqının gücünü, əzmini və yenidən quruculuq iradəsini nümayiş etdirir. Dövlətin maliyyə resursları, beynəlxalq tərəfdaşlıqlar, yerli inşaat potensialı və innovativ texnologiyalar bu prosesin uğurla və sürətlə aparılmasını təmin edir. Bu yollar, körpülər, tunellər təkcə kommunikasiya vasitəsi deyil, həm də milli suverenliyin, dövlətin bütün ərazilərinə sahib çıxma əzminin simvoludur.

Nigar Orucova, “İki sahil”