29 aprel 2026 22:14
145

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var

Davamlı şəhər inkişafı sahəsində ekspert, amerikalı urbanist Maykl Mehaffi Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa proseslərini AZƏRTAC-a şərh edib.

“İki sahil” xəbər verir ki, onun sözlərinə görə, hazırda həyata keçirilən yenidənqurma yeni keyfiyyətli şəhər və yaşayış məntəqələrinin – daha komfortlu, dayanıqlı və estetik baxımdan cəlbedici məkanların yaradılması üçün “nadir və həqiqətən unikal imkan” yaradır. Ekspert bildirib ki, mövcud ciddi çağırışlara, xüsusilə ərazilərin minalardan təmizlənməsi zərurətinə baxmayaraq, əsas məsələ onilliklər və hətta əsrlər üçün nəzərdə tutulan infrastrukturun formalaşdırılmasına strateji yanaşmanın tətbiqidir. O, polisentrik inkişafın vacibliyini vurğulayıb. “Şəhərlər və yaşayış məntəqələri qarşılıqlı bağlantılı mərkəzlər sistemi kimi formalaşdırılmalıdır. Bu mərkəzlərin hər biri daxili bağlılığa malik olmalı, eyni zamanda regionun ümumi strukturuna inteqrasiya edilməlidir”.

Ekspert “15 dəqiqəlik şəhər” konsepsiyasına da xüsusi diqqət yetirib. Bu konsepsiya gündəlik əsas xidmətlərə qısa müddətdə, yəni yalnız avtomobillə deyil, piyada, velosipedlə və ya müxtəlif nəqliyyat vasitələri ilə rahat çatmaq imkanını nəzərdə tutur. Onun fikrincə, bu yanaşma şəhər fəallığının daha bərabər paylanmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.

Nəqliyyat strukturundan danışan M.Mehaffi qeyd edib ki, səmərəli şəhərlər tarixən dəqiq küçə şəbəkəsi əsasında formalaşıb. Belə ki, daha sürətli nəqliyyat magistralları təxminən 400 metr interval ilə yerləşir, onların arasında isə daha sakit, təhlükəsiz və piyadalar üçün nəzərdə tutulmuş məkanlar yaradılır. O, həmçinin keyfiyyətli ictimai məkanlar sisteminin həlledici rolunu vurğulayıb: “Buraya yalnız parklar və meydanlar deyil, həm də hərəkət, ünsiyyət və sosial fəallıq üçün rahat olmalı küçələr daxildir”.

Amerikalı ekspertin sözlərinə görə, mühüm amillərdən biri də binaların memarlığıdır. Fasadlar insanların qarşılıqlı əlaqəsinə və ictimai həyatın inkişafına şərait yaradan cəlbedici və “canlı” şəhər mühiti formalaşdırmalıdır. O, “ağıllı şəhər” həlləri də daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini qeyd edib. Bununla yanaşı vurğulayıb ki, bu texnologiyalar şəhər həyatının əsasını təşkil edən insanlararası münasibətləri zəiflətməməli, əksinə gücləndirməlidir.

Sonda Maykl Mehaffi bildirib ki, şəhərsalmanın bir çox uğurlu prinsiplərini tarixi təcrübədən götürmək mümkündür. Onun sözlərinə görə, ənənəvi memarlıq və planlaşdırma həlləri məhz insana və sosial qarşılıqlı əlaqəyə yönəldiyi üçün yüksək səmərəlilik nümayiş etdirir.

“Bu gün Qarabağın iki dünyanın ən yaxşı cəhətlərini birləşdirmək üçün unikal imkanı var – müasir texnoloji innovasiyaları və komfortlu şəhər mühitinin yaradılması üzrə zamanın sınağından çıxmış prinsipləri”, - deyə ABŞ-li ekspert yekunlaşdırıb.