26 iyul 2025 22:47
121

Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal qazanıblar

Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarının üçüncü yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə çıxıblar.

“İki sahil” xəbər verir ki, Amin Əliyev (K44, 63 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı bu mərhələdə türkiyəli, finalda isə ispaniyalı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Amin Şıxalıyev (K44, 63 kiloqram) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medala yiyələnib.

14 yaşlı uzunluğa tullanma üzrə paraatlet Ayşə Arabova (T11) 3,47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Hüseyn İsmayılzadə (J2, 70 kiloqram) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək oyunlarının bürünc medalını qazanıb.

16 yaşlı paraüzgüçü Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.

Qeyd edək ki, Milli Paralimpiya komandamız ötən gün Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.