23 iyul 2025 20:15
234

32 il əvvəl xəyanətin qurbanı olan Ağdam bu gün yenidən qurulur, inkişaf edir

Ötən əsrin 90-cı illərində müstəqilliyini yenicə elan etmiş Azərbaycan ağır, gərgin günlərini yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. 1992- ci ildə respublikada hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü ölkənin inkişafı, torpaqların müdafiəsi naminə bir addım belə atmadılar, ən ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər. Bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa-qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər.

İnkaredilməz həqiqətdir ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində və digər rayonlarımızın işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda, ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət davasına qarışmışdı. 1992-ci ildə ölkədəki faktiki hakimiyyətsizlikdən istifadə edərək silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu bir il ərzində ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu savadsız, naşı qaragüruhçu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra müstəqilliyimiz təhlükə altına düşmüşdü.

AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıtdılar. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələndilər. Qeyd edək ki, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu var idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayonlarımızın işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirib ki, torpaqlarımızın işğal altına düşməsində o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi məsuliyyət daşıyır: “1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır.”  

2020-ci il sentyabrın 27-də səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin məntiqi nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli Bəyanatı imzalandı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları bu sənəd Ermənistanın kapitulyasiyası idi. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və Bəyanata uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı. Qırx dörd gün davam edən müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, və nəhayət, Şuşa şəhəri işğaldan azad edildi.  Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı.

Müharibədən dərhal sonra azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri gündən-günə genişlənir. Ölkəmizin başçısının rəhəbrliyi ilə Böyük Qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün işğaldan azad edilmiş digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezidentimiz Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Ağdam tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Zahid Rza, İki sahil”