ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi "Truth Social" hesabında paylaşıb. Bu, Ağ Ev tərəfindən Azərbaycana verilən növbəti dəstək kimi qiymətləndirilir.
Prezident Donald Trampın bu addımı yüksək qiymətə layiq olan bir yanaşmadır. İlk dəfədir ki, ABŞ Prezidenti Azərbaycan Prezidentindən sitat gətirir. Özü də bu sitat bir-iki söz deyil, Prezident İlham Əliyevin iki dəqiqəyə yaxın olan çıxışını Prezident Donald Tramp özünün sosial media hesabında yayımlayır və açıq dəstək ifadə edir. Bu, adi bir siyasi hadisə deyil. Sözsüz ki, burada toxululması vacib olan məqamlar az deyil. Çünki biz vaxtilə deyirdik ki, amerikalı ermənipərəst senator Bob Menendez rüşvətxordur. Ancaq o vaxt bizim diplomatların fikirlərinə əhəmiyyət verən və inanan yox idi. Fikirləşirdilər ki, sadəcə arqumenti olmayan ittihamlar irəli sürürük. Amma tamahkar Menendez erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə edilmək üçün satın alınmış şəxs idi. Hətta deyəndə ki, konqresmen Adam Şiff də rüşvətxordur, buna da inanmırdılar. Zaman isə hər şeyi sübuta yetirdi. İndi bu adamlardan biri həbsdədir, digərini isə Tramp özü birbaşa maliyyə maxinasiyalarında ittiham edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülən faktlar həmişə mötəbər olub, həqiqətə söykənib. Sadəcə, Azərbaycan həmin vaxt o səviyyədə deyildi ki, onun dediklərinə beynəlxalq müstəvidə diqqət və münasibət bildirsinlər. Uzun illər aparılan erməni təbliğatı bizə olan inamı seyli sarsıtmışdı. İndi, yəni, Azərbaycan yüksəldikdən, beynəlxalq təşkilatlarda haqlı olduğunu arqumentlərlə sübut edəndən sonra onun sözü eşidilməyə başlayıb. Məlum olub ki, dediklərimizin hamısı həqiqətmiş. Əsl reallıqları qəbul edən bugünkü ABŞ hökuməti Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təklif və rəyləri ilə razı olduğunu dəfələrlə açıqlayıb.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin ağıllı siyasəti, sarsılmaz qətiyyəti və başqalarına səmimi münasibəti okeanın o tayında razılıqla qarşılanır. Azərbaycan iyirmi səkkiz il işğal altında qalan ərazilərini azad etmək üçün müharibə aparanda ABŞ heç kəsə himayə göstərmədi, yəni, Azərbaycanla Ermənistanı baş-başa buraxdı. Nəticədə döyüş qabiliyyəti daha yaxşı, müasir silahlara malik olan Azərbaycan Ordusu Ermənistanın altı ilə zəbt etdiyi torpaqları cəmi 44 gün müddətində azad etdi. İldırımsürətli müharibədə tətbiq edilən yeni taktika o qədər effektiv oldu ki, ABŞ ordusunun Baş Qərargahı ondan istifadə etməyi məqbul hesab etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın nəyə qadir olduğunu, ancaq illər boyu səbir göstərdiyini, dövlətimizin başçısının qan tökülməsinə razı olmadığını bir daha sübut etdi.Əlbəttə, bunların hamısı xarici ölkələrdə Azərbaycan rəhbərinin imicini və reytinqini yüksəltdi.
Erməni təbliğatı tamamilə iflasa uğradı, hərb maşını sındırıldı, ilğıma oxşayan imici ayaqlar altına düşdü və “böyük Ermənistan” xülyası darmadağın edildi. Həmişə ədalətli mövqe tutan ölkəmiz beynəlxalq arenada özünə yaraşan yüksək mövqeyə yüksəldi. Nəticədə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirdi. Bu isə məhz Prezidentimizin uğurlu siyasətinin nəticədir. Sözsüz ki, bu yüksək səviyyəli yanaşmalar Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir edəcək. Bu, onu göstərir ki, Donald Trampda Azərbaycan liderinə simpatiya yaranıb. Çünki Ağ evin sahibi hələ heç bir dövlətin başçısına belə xoş münasibətini açıq biruzə verməyib. Bu, eyni zamanda, Prezident Donald Trampın Azərbaycan dövlətinə və xalqına verdiyi müsbət siyasi qiymətdir.
Vəli İlyasov, “İki sahil”