22 iyul 2025 12:01
141

Azərbaycan Üzgüçülük Federasiyasının inkişaf strategiyası 4 ili əhatə edir

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) inkişaf strategiyası 4 ili əhatə edir.

“İki sahil” xəbər verir ki, bunu ASF-nin prezidenti Zaur Əliyev qurumun konfransında deyib.

O, yeniliklərdən danışıb: "Strategiya növbəti 4 ili əhatə edir. 4 prinsip üzərində işləyəcəyik. Bunlar Azərbaycanda üzgüçülüyün inkişafı, kütləviliyin artırılması, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanmaqdır. Bu prosesə məktəbliləri daha çox cəlb etmək istəyirik. Təbii ki, bu, könüllülük əsasında olacaq. Bundan əlavə, ölkədə həvəskarlar arasında yarışlar, festivallar keçirmək, bu yolla insanlarda üzgüçülüyə marağı artırmaq istəyirik".

Qurum rəhbəri ad dəyişikliyinə ehtiyac görülmədiyini vurğulayıb:

"Başqa ölkələrin də təcrübəsini öyrənmişik. Əksər yerlərdə ad Üzgüçülük Federasiyası şəklində gedir. Bu səbəbdən dəyişikliyə ehtiyac görmədik. Gələcəkdə ehtiyac duyularsa, həyata keçirilər".

ASF prezidenti su polosu millisinə yeni əcnəbi baş məşqçi təyin olunacağını söyləyib:

"Su polosu yığmasının əcnəbi baş məşqçisi ilə yolları ayırdıq. Hazırda bu istiqamətdə işlər davam edir. Yeni baş məşqçi də əcnəbi olacaq. Əməkdaşlarımız yaxın zamanlarda Xorvatiyaya səfər edəcəklər. Bu ölkənin təcrübəsindən yararlanmaq istəyirik və axtarışları davam etdirəcək, uyğun namizəd seçəcəyik. Üzgüçülük millisində isə Rəşad müəllim işini uğurla davam etdirir. Hazırda dəyişiklik barədə düşünmürük".

Z.Əliyev məktəblərdə təbliğat aparılacağını bildirib:

"Təəssüflər olsun ki, üzə bilməyən gənclər dənizə gedərkən dostlarının yanında qəhrəmanlıq göstərmək istəyərkən əksər hallarda boğulurlar. Buunla bağlı sosial mediada daim təbliğat aparacağıq. Amma bunun nə dərəcədə effektli olacağını deyə bilmərəm. Çünki digər qurumlar da təbliğat aparmalıdır. Məktəbdən başlayaraq uşaqların üzməyi öyrənmələrini istəyirik və bununla bağlı işlər görürük. Bu sahədə Fövqəladə Hallar Nazirliyi də çox iş görür".