“Skopye-2025” Avropa Gənclər Yay Olimpiya Festivalının ilk yarış gününə yekun vurulub.
Milli Olimpiya Komitəsindən “İki sahil”ə verilən məlumata görə, ilk yarış günündə Azərbaycan komandasının 4 idman növündə 16 idmançısı mübarizəyə başlayıb.
Təmsilçilərimizdən 8-i atletika, 4-ü üzgüçülük, 2-si güllə atıcılığı, 2-si isə badminton yarışlarında iştirak edib.
Komandamızın nəticələrini təqdim edirik:
Üzgüçülük
Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən “Centar” Olimpiya Üzgüçülük Mərkəzində üzgüçülük yarışlarına da start verilib. İlk yarış günündə dörd üzgüçümüz mübarizə aparıb.
Təmsilçilərimizdən ən yaxşı nəticəni 200 metr məsafəyə batterflay üsulu üzrə yarışda mübarizə aparan idmançımız Mehri Əbdülrəhmanlı göstərib. O, 2:35.07 saniyə nəticə ilə yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə 2.37.32 nəticə göstərən idmançımız finala yüksələ bilməyib.
Digər təmsilçilərimizdən Ramal Sadıqlı 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında 4:17.51 nəticə ilə 26-cı, Fərhad Şirməmmədli isə 4:23.76 saniyə nəticə ilə 30-cu olaraq finala yüksələ bilməyib.
Komandamızın digər üzvü Vlastilina Xasyanova isə arxasıüstə üzgüçülük yarışında 2:29:31 nəticə göstərib. Bu nəticə ilə 30-cu olan idmançımız yarımfinal mərhələsindən kənarda qalıb.
Atletika
Bu gün atletika yarışlarında 8 idmançımız mübarizə aparsa da, onlardan heç biri mərhələ adlaya bilməyib. Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda təşkil olunan yarışda ilk olaraq Safiya Kərimova mübarizəyə başlayıb. O, I mərhələnin III təsnifat yarışında 100 metr məsafəyə qaçışda 13,09 nəticə göstərib. Təəssüf ki, bu nəticə idmançımızın yarımfinala vəsiqə qazanmaq üçün ilk “səkkizliyə” düşməsinə kifayət etməyib.
Digər təmsilçimiz Həmid Nəbiyev isə 100 metr məsafəyə yarışda 11.38 saniyə nəticə ilə təsnifat mərhələsini keçə bilməyib.
İsgəndər Əsgərov isə 800 metr məsafəyə qaçışda təsnifat yarışını 1:59.41 saniyəyə qət edib ki, bu da onun növbət mərhələyə yüksəlməsi üçün yetərli olmayıb.
Komandamızın digər üzvü Mələk Hüseynova uzunluğa tullanma yarışlarında mübarizəyə başlayıb. O, 4.90 metr nəticə ilə A qrupunda sonuncu olub.
Bu gün axşam sessiyasında isə daha dörd idmançımız mübarizəyə başlayıb.
Təmsilçilərimizdən Əmir İsmayılov I mərhələnin II təsnifat yarışında 110 metr sədlərlə qaçışda 14.44 nəticə göstərib. Bu, idmançımızın növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib.
Digər idmançımız Mədinə Hüseynzadə isə 400 metr məsafəyə qaçış yarışında mübarizə aparıb. Təmsilçimiz I mərhələnin III təsnifat yarışında 1:02.23 nəticə göstərib. Bununla da o, növbəti mərhələ şanslarını itirib.
Nihat Tağıyev isə I mərhələnin II təsnifat yarışında 400 metr məsafəyə qaçışda 51.11 saniyə nəticə göstərərək növbəti mərhələyə yüksələ bilməyib.
Komandamızın bu gün çıxış edən sonuncu iştirakçısı Fərhad Quliyev isə nüvəitələmə yarışında mübarizə aparıb. O, 14.76 metr nəticə ilə bu kateqoriyada mübarizəni dayandırıb.
Badminton
Bu gün “Skopye-2025”in badminton üzrə fərdi yarışlarına da start verilib. Yarışlar Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunub. 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına birbaşa lisenziya qazandıracaq yarışda komandamızın iki üzvü mübarizəyə başlayıb. G qrupunda yarışan təmsilçilərimizdən Əli Gözəlov ilk görüşdə çexiyalı Petr Briza ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 (21:11, 21:7) hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz ikinci görüşünü isə kosovalı Dionis Morinaya qarşı keçirib. Görüş idmançımızın 2:0 (21:8, 21:5) hesablı qələbəsi ilə başa çatıb.
Bu gün mübarizəyə başlayan komandamızın digər üzvü Viktoriya Kumanyayeva isə ilk görüşdə danimarkalı Diya Mari Çeriyan ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 (21:8, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçilərimiz sabah növbəti görüşlərinə çıxacaqlar.
Güllə atıcılığı
Bu gün EYOF-2025 çərçivəsində keçirilən güllə atıcılığı yarışlarına da start verilib.
Yarışların ilk günündə Azərbaycan komandası da mübarizəyə başlayıb. Leyli Əliyeva və Oleq Kerjankindən ibarət cütlüyümüz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında hədəfi nişan alıb. "Partizan" idman zalında keçirilən yarışda cütlüyümüz 379.7 bal toplayıb. Komandamız bu nəticə ilə təsnifatda 16-cı yeri tutaraq final mərhələsindən kənarda qalıb.
Qeyd edək ki, reqlamentə görə bu mərhələdə ilk 8 yeri tutan komandalar finala vəsiqə əldə edib.