20 iyul 2025 12:10
150

Ədalət bərpa olunmalıdır

2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. İnsanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradıldı, ölkədə bir günlük (26 dekabr) matəm elan olundu. AZAL-ın təyyarəsinin vurulması məsələsi bu gün də gündəliyimizdədir.

Amma bu hadisədən 7 ay keçməsinə baxmayaraq, rəsmi Bakı hələ də Moskvadan nəinki beynəlxalq hüquq normalarına, hətta ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə uyğun gələn heç bir cavab almayıb. Qarşı tərəfin Azərbaycana verdiyi izahat yalnız ondan ibarətdir ki, Rusiyada istintaq tədbirləri davam edir. Bildirirlər ki, istintaq tədbirləri başa çatdıqdan sonra daha detallı məlumatlar təqdim edəcəklər. Lakin ortada heç bir irəliləyiş yoxdur.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq: “Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, nə baş verdiyini bilirik. Biz bunu sübut edə bilərik və bilirik ki, Rusiya rəsmiləri də məsələdən xəbərdardırlar. Onlar da nə baş verdiyini gözəl bilirlər. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir”. 

Prezident, həmçinin bildirib ki, bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir: “Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Qeyd edək ki, ilkin hesabatlara görə, sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıblar. Təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Müəyyən olunub ki, təyyarəyə kənardan müdaxilə edilib. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması bu faktı təsdiqləyir. Hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası alıb.  Amma Rusiy uşaq bağçası səviyyəsində hekayələr uydurmaqdadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”