03 iyul 2026 18:46
93

Bakı-Brüssel münasibətləri yeni mərhələdə

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Avropa İttifaqı (Aİ) ilə əlaqələr enerji, nəqliyyat və ticarət sahələrində strateji tərəfdaşlıq səviyyəsində inkişaf edib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm qüvvədir. Hazırda əməkdaşlıq yaşıl enerji və transkontinental logistika istiqamətlərində dərinləşdirilməkdədir. Aİ hazırda Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı olmaqla yanaşı, ölkənin ümumi ticarət dövriyyəsinin əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan təbii qazının Avropaya nəqli İttifaqın enerji şaxələndirilməsində həlledici rol oynayır.

 Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş nəqliyyat infrastrukturunun mövcudluğu ölkəmizin Avropa üçün əhəmiyyətin daha da artırır. Azərbaycan Avropa-İttifaqı əlaqələri çoxşaxəli strateji tərəfdaşlığa əsaslanır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin 40 faizdən çoxu Aİ-yə üzv dövlətlərlə aparılır. Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ölkələrinin Cənubi Qafqazda ticarətinin təqribən 70 faizi Azərbaycanla aparılır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. İllik 25.2 milyard kubmetrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir. Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10-nu Avropa İttifaqının üzvüdür.  

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə iyulun 1-də mətbuata birgə bəyanatında bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir: “Biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir”.

Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində (xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə) əsas tərəfdaşdır. Enerji əməkdaşlığı Azərbaycan-Aİ münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları və əlverişli coğrafi mövqeyi Avropanın enerji təhlükəsizliyi siyasətində xüsusi yer tutur. Ölkəmizin Aİ-nin enerji təminatındakı rolu son illər daha da artıb. Aİ və Azərbaycan bərpaolunan enerji və “yaşıl iqtisadiyyat” istiqamətlərində də tərəfdaşlıq perspektivlərini nəzərdən keçirirlər. Məsələn, külək və Günəş enerjisi potensialı yüksək olan Azərbaycan bir sıra Avropa şirkətləri ilə külək elektrik stansiyalarının qurulması və rəqəmsal enerji həllərinin tətbiqi sahəsində əməkdaşlıq edir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib ki, Aİ “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər: “Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada-Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.

Göründüyü kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni mərhələyə qədəm qoyan münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır. 

Zahid Rza, “İki sahil”