16 iyul 2025 12:30
122

Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib

Subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur. Sadəcə faktlar ictimaiyyətlə paylaşılır ki, bu sahədə qərar verənlər düşünərək daha məqsədyönlü qərarlar qəbul etsinlər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.

Məleykə Abbaszadə bildirib ki, məsələyə iki mümkün yanaşma mövcuddur: “Birinci yanaşma subbakalavrların təhsil aldıqları orta ixtisas məktəblərində tədris prosesi köklü şəkildə dəyişdirilməlidir.  Tədris proqramları yenilənməli, müəllim heyətinin bilik və bacarıqları artırılmalı, müasir və effektiv tədris metodları tətbiq edilməlidir. Bu zaman subbakalavrlar daha yaxşı bilik və vərdişlərə yiyələnə, ali təhsildə uğurla davam edə bilərlər. Həmçinin bu yanaşma onların imtahansız ali məktəbə qəbul imkanlarına da müsbət təsir göstərə bilər. Düşünürəm ki, bu yol daha vacib və perspektivlidir. Artıq bəzi ali məktəblərin nəzdində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri var. Onlarda islahatların aparılması mümkündür. Bəli, bu yol asan deyil, lakin daha səmərəli və məqsədəuyğundur. İkinci yanaşma isə odur ki, əgər mövcud sistem işləmirsə və ali məktəblər subbakalavr məzunlarını tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirsə, bu zaman qəbul qaydalarına yenidən baxılmalı və bəzi məhdudiyyətlər tətbiq edilə bilər. Hazırda bu istiqamətdə heç bir dəyişikliyin edilməsi nəzərdə tutulmur”.