16 iyul 2025 16:42
157

İİTKM-in nümayəndəsi Çində keçirilən beynəlxalq media seminarında iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Zənurə Talıbova Çin Xalq Respublikasının Çzinxua (Sinhua) şəhərində keçirilən beynəlxalq seminarda iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbir Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin media nümayəndələri üçün Çin Xalq Respublikasının Ticarət Nazirliyi və Çjeczyan Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

İki həftə davam edən seminar çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan nümayəndələr Çin mediasının müasir vəziyyəti, inkişaf trendləri ilə tanış olublar. Sessiyalarda yeni media mühitinin formalaşması, kino və televiziya sənayesində media brendlərinin yaradılması, süni intellektin tətbiqi və rəqəmsal həllər kontekstində media qurumlarının iş prinsipləri kimi mövzularda fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni media dövründə fərdi davranış modelləri və dövlət imicinin təşəkkülü ilə bağlı tendensiyalar müzakirə olunub.

Səfər proqramı çərçivəsində iştirakçılar Çin Elmi və Texnoloji İnnovasiyalar Mərkəzində olublar və ölkədəki texnoloji inkişaflarla yaxından tanış olublar. Bundan əlavə, iştirakçılar üçün Çinin tarixi və mədəni irsinin təqdim edildiyi müxtəlif tədbirlər və ekskursiyalar da təşkil olunub.

Beynəlxalq seminarda Azərbaycanı Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərini təmsil edən yeddi nəfərlik nümayəndə heyəti təmsil edib.