16 iyul 2025 12:01
109

“Hürriyet” qəzeti: Ermənistan Rusiyanı nəqliyyat layihələrindən kənarlaşdıra bilər

Ermənistan dəmir yolu şəbəkələrini milliləşdirmək də daxil olmaqla, Rusiyanı nəqliyyat layihələrindən kənarlaşdıra bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin “ABŞ niyə Zəngəzur layihəsində iştirak etməyə can atır?” sərlövhəli məqaləsində qeyd olunur.

Nəşr xatırladır ki, Ermənistan dəmir yolları “Rusiya Dəmir Yolları”nın törəmə şirkətinin konsessiya idarəçiliyində yer alır. Ona görə də Zəngəzur dəhlizinin Ermənistan hissəsinin bərpası məsələsi Moskvanın mövqeyindən asılıdır.

Türkiyə nəşri ABŞ-ın Zəngəzur dəhlizində fəal marağı olduğunu xatırladaraq yazır: “Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolunu milliləşdirə və bununla da Rusiyanı yeni nəqliyyat marşrutundan tamamilə “çıxara” bilər”.

“Hürriyet” qəzeti bu barədə ötən həftə Nyu-Yorkda Vaşinqtonun “Zəngəzur dəhlizinin ermənilərə məxsus hissəsinin 32 kilometrini 100 il müddətinə icarəyə götürməyə” hazır olduğunu bəyan edən ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın bəyanatına istinadla xəbər verir.

Qəzet qeyd edir ki, “ABŞ səfirinin bəyanatı Paşinyanı ölkəni satmaqda ittiham edən Ermənistan müxalifətinin kəskin tənqidinə səbəb olub”.

Nəşr 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın mətnini xatırladır. Həmin sənədə görə, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarətində olacaq nəqliyyat əlaqələrini blokdan çıxarmağı öhdəsinə götürüb.

Qəzet yazır ki, İrəvan bu gün hətta dəmir yolu şəbəkələrinə nəzarət kontekstində də Moskvanın iştirakını istəmir.

Məqalənin sonunda vurğulanır: “Ankaranın mövqeyi ondan ibarətdir ki, yeni nəqliyyat marşrutu bütün tərəflərin razılığı əsasında və onların maraqlarına uyğun olaraq açılmalıdır”.