Ötən il Almaniyaya 37,5 milyon turist səfər edib ki, bu da 2023-cü illə müqayisədə 7,8 faiz çoxdur. Almaniya bu göstərici üzrə dünyada doqquzuncudur.
“İki sahil” “Zeit” qəzetinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Turizm Təşkilatının məlumatında qeyd olunub.
Almaniyaya səyahət edənlərin sayı artsa da, bu, 2019-cu ildəki göstəricidən aşağıdır. Ölkəyə gələnlər arasında populyarlığın səbəbi şəhər və mədəniyyət turizmi üçün təklif olunan çoxşaxəliliklə izah edilir. Buna Münxendə keçirilən Oktoberfest kimi tədbirlər, eləcə də Köln Katedrali, Vartburq və ya Noyşvanştayn Qəsri kimi tarixi tikililər daxildir.
Ümumilikdə ötən il qlobal turist dövriyyəsi 1,47 milyard nəfər təşkil edərək, pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bir çox ölkələrdə, o cümlədən İtaliya (beşinci) və ABŞ-da (üçüncü) turistlərin sayı əvvəlki illə müqayisədə artsa da, göstəricilər 2019-cu ildəkindən geridir. İspaniyada isə vəziyyət fərqlidir. 2019-cu illə müqayisədə ziyarətçi sayı təxminən on milyon artıb. İspaniya 93,8 milyon turistlə ən çox ziyarət edilən ölkələr siyahısında ikinci yerdə qərarlaşıb. Ən çox turist qəbul edən ölkə isə onilliklər ərzində olduğu kimi Fransadır. Bu ölkəyə ötən il 102 milyon əcnəbi turist səfər edib.