06 iyul 2025 15:39
132

Srebrenitsa soyqırımı qurbanı olan daha 7 nəfər dəfn ediləcək

Bosniya və Herseqovinanın qərbində - Srebrenitsa şəhərində törədilmiş soyqırımında qətlə yetirilmiş daha 7 nəfər dəfn olunacaq.

“İki sahil” xəbər verir ki, qətliam zamanı öldürülən və kimlikləri müəyyənləşdirilən 7 nəfər iyulun 11-də - soyqırımının 30-cu ildönümündə Potoçari Memorial Qəbiristanlığında keçiriləcək anım mərasimində torpağa tapşırılacaq.

Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun məlumatına görə, şəxsiyyətləri müəyyən edilən digər cəsədlərin dəfn olunması üçün olanların yaxınlarının razılığı gözlənilir və bu say arta bilər.

Qeyd edək ki, BMT Baş Assambleyası ötən il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı vəhşicəsinə qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. Soyqırımı zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6800-dək insan dəfn edilib. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb.

Srebrenitsa soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb. Soyqırımı qurbanlarının sümükləri tapılan və şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.