2025-ci ilin birinci yarımilinə dair “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyəti ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) geniş tərkibdə iclas keçirilib.
“İki sahil” xəbər verir ki, Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, BP, SOCAR və agentliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi polkovnik Nail Dadaşov bildirib ki, SOMDA tərəfindən mühafizəsi təmin edilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsiz fəaliyyəti ötən dövrdə tam təmin olunub, hər hansı təxribat və ya kənar müdaxilə faktı qeydə alınmayıb. Tədbirlər Planının müddəalarının icrası davamlı şəkildə nəzarətdə saxlanılıb.
İclas zamanı 2025-ci ilin ötən dövründə görülmüş işlər təhlil edilib, cari vəziyyət dəyərləndirilib, həmçinin yaxın perspektiv üçün prioritet istiqamətlər müəyyən olunub. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əməliyyat şəraitindəki dəyişikliklər, təhlükəsizlik riskləri və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.
İclasın sonunda Tədbirlər Planının icrası üzrə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.