21 iyun 2025 12:02
81

Azərbaycan ilə Albaniya arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb

İyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Dövlət Turizm Agentliyindən "İki sahil"ə bildirilib ki, sənədi Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit və Albaniya Milli Turizm Agentliyinin baş direktoru Zana Çela imzayıblar.

Memorandum turizm subyektləri arasında əməkdaşlıq, qarşılıqlı təbliğat, yeni təşəbbüslərin dəstəklənməsi, mədəniyyətlərarası dialoq və dayanıqlı turizmin inkişafını hədəfləyir. Sənəddə COP29 çərçivəsində qəbul olunmuş iqlim fəaliyyəti prinsiplərinə uyğun olaraq ekoloji cəhətdən məsuliyyətli turizm təşəbbüslərinin dəstəklənməsi, dənizkənarı və dağlıq ərazilərdə ilboyu turizmin inkişafı əsas prioritetlər sırasındadır.

Həmçinin memorandumda ölkələrin turizm potensialının tanıdılması və qarşılıqlı turist axınının artırılması məqsədilə məlumat və təcrübə mübadiləsi, marketinq əməkdaşlığı, peşəkar bacarıqların artırılması, turizm yarmarkaları, ixtisaslaşmış “turizm günləri”, təlim, sərgi və forumların təşkili, media nümayəndələri üçün tanıtım turlarının keçirilməsi kimi birgə fəaliyyətlər əksini tapır.