Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə heyətinin sədr müavini Mətin Əsgərin “İki sahil”ə müsahibəsi:
- Son illər ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb, bu islahatların nəticələri, o cümlədən pensiya təminatının gücləndirilməsi sahəsində əldə olunan uğurlar barədə məlumat verərdiniz.
-Bildiyiniz kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və sosial sahədə atılan mühüm addımlar bir daha bunu təsdiq edir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”. Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən ötən dövrdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatlar üçün 7,6 milyard manat əlavə illik vəsait ayrılıb. Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamı sosial islahatların 2025-ci ildə də uğurla davam etdirilməsinə, 5-ci sosial islahat paketinin reallaşdırılması ilə sosial ödənişlərdə növbəti artımlara imkan verib. Bu Sərəncamla 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqı da 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.
Həmin artımlarla birgə 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqı 3,1 dəfə artırılıb. Minimum əməkhaqqı artımına uyğun olaraq Vahid Tarif Cədvəlinin 19 pilləsinin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla, digər pillələrdə də maaşlar orta hesabla 16 faizədək artımlarla əksini tapıb. Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin və s. maaşlarında da müvafiq artımlar edilib. Beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyə yaxın, əmək haqqı fondu 3 dəfə artıb.
İslahatların əsas istiqamətlərindən biri də əhalinin mühüm bir hissəsini, yəni 1,1 milyon insanı əhatə edən pensiya təminatının daim gücləndirilməsi, pensiyaların davamlı artırılmasıdır. Yeni sosial islahat paketi çərçivəsində minimum pensiyanın 2025-ci il fevralın 1-dən etibarən 280 manatdan 40 manat (14,3 faiz) artırılaraq 320 manata çatdırılması təmin edilib. Beləliklə, 2025-ci il fevralın 1-i tarixinə məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən avtomatik olaraq artırılaraq 320 manata çatdırıldı. 2025-ci il fevralın 1-dən pensiya hüququ yaranan şəxslərə təyin olunan pensiyanın minimum məbləği 320 manat olub və ölkədə bu səviyyədən aşağı pensiya yoxdur. 2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində minimum pensiya 3 dəfəyədək artırılıb.
Ümumilikdə 2025-ci ilin əvvəlindən pensiyalara iki istiqamətdə artımlar tətbiq olunub. Birinci istiqamət, sosial islahat paketi çərçivəsində minimum pensiya artımıdır. İkinci istiqamət isə pensiyaların 2025-ci ilin yanvar ayından indeksləşdirilərək artırılmasıdır. Ölkə Prezidentinin Sərəncamları ilə hər ilin əvvəlindən pensiyaların ölkə üzrə orta aylıq nominal əməkhaqqının əvvəlki il üzrə illik artım tempinə uyğun indeksləşdirilərək artırılması təmin olunur. Bu il də dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.
Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı da 2,2 faiz indeksləşdirilərək artırılıb. İndeksləşmə ilə bağlı qeyd olunan hər iki artımlar da elektron sistem üzərindən avtomatik olaraq həyata keçirilib.
-Pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçid pensiyaçılara hansı üstünlüklər qazandırdı?
-Qulluq stajına görə əlavə alan pensiyaçıların pensiyalarının artımı əgər əvvəllər vaxtilə işləmiş olduqları sahələrdə əməkhaqqı artımını bağlı idisə, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçid yalnız ümumi qaydada deyil, xüsusi şərtlərlə təyin edilmiş pensiyaların, yəni bütün növ pensiyaların da hər ilin əvvəlində indeksləşdiriləcək artırılmasına imkan yaradıb. Bu da qulluq stajına görə əlavə alan, yəni xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərin də pensiyalarında da hər il artım baş verməsini və nəticədə pensiyalarında mütəmadi olaraq daha çox artımlar olmasını təmin edir. Bu ilin əvvəlində bütün kateqoriyalardan olan pensiyaçıların, yəni 1,1 milyon pensiyaçının hər birinin pensiyasının indeksləşdirilərək artırılması təmin edilib. Fevral ayının pensiyası qeyd olunan hər iki istiqamət (minimum pensiya artımı və indeksləşdirmə əsasında pensiya artımı) üzrə artımlar nəzərə alınmaqla ödənilib. Eyni zamanda indeksləşdirmə əsasında yanvar ayı üzrə artım məbləği fevral ayının pensiyası ilə birgə verilib.
-Bu artımlarla pensiyaların orta aylıq məbləğinda hansı artımlar özünü göstərib? Pensiya artımlarına ayrılan illik vəsaitlərdə hansı artımlar var?
-Yeni sosial islahat paketi üzrə pensiyaların məbləğinin artırılması nəticəsində cari ilin əvvəlinə münasibətdə pensiyaların orta aylıq məbləği 496 manatdan 537 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 530 manatdan 573 manata, əlilliyə görə 402 manatdan 435 manata və ailə başçısını itirməyə görə 500 manatdan 541 manata yüksəlib.
Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir.
2024-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 13,4 faiz çox olmaqla 6,5 mlrd. manat yönəldilib. 2025-ci ildə isə pensiyaların ödənilməsi xərcləri üçün 7 mlrd. 210 mln. 530 min manat nəzərdə tutulub ki, bu da 2024-cü ildə müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 mln. manat (11 faiz) çoxdur. Ümumən 2018-ci ildən ötən dövrdə pensiyaların ödənişi üçün ayrılan illik vəsait 2 dəfə artıb.
- Pensiya sisteminə əlçatanlığın artırılması üçün də son illər mühüm islahatlar aparılıb. Bu barədə…
- 2019-cu ilin əvvəlindən reallaşdırılan islahat vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan yaradıb. Yəni, şəxs pensiya yaşına çatdıqda müvafiq pensiya kapitalı və ya 25 illik stajı olmadıqda belə, 2006-2018-ci illər üzrə ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda da pensiya hüququ verilir. Qanunvericilikdə daha erkən dövrdə pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş analar, zərərli işlərdə çalışanlar və b.) nəzərdə tutulub. Son illər həmin şəxslərin sırası daha da genişləndirilib.
2024-cü ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən yeni dəyişiklik isə uşaqlara görə güzəştli şərtlərlə erkən pensiya hüququ yaranan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradıb. Ümumilikdə, təkcə son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib. Hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub.
Həmçinin pensiya qanunvericiliyində ötən il edilmiş dəyişikliyə əsasən vətəndaşların bir neçə pensiya hüququ olduqda sənədlər toplayıb müraciət etmələrinə ehtiyac qalmadan onlara elektron sistem üzərindən, proaktiv qaydada onlardan daha yüksək olan pensiya növü təyin edilir.
- Pensiya və müavinət, təqaüd təminatı sahəsində proaktiv təyinat mexanizmləri qurulub, yeni proaktiv mexanizmlərin qurulması prosesi davam edurmi?
- Bəli. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Bu il mayın 1-dək həmin sosial təminat növləri üzrə 929 min (o cümlədən pensiya üzrə 154 min, müavinət və təqaüdlər üzrə 775 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
Həmçinin pensiya qanunvericiliyində ötən il edilmiş dəyişikliyə əsasən, vətəndaşların müxtəlif pensiya hüququ olduqda sənəd toplayıb müraciət etmələrinə ehtiyac qalmadan onlara elektron sistem üzərindən proaktiv qaydada daha yüksək olan pensiya növü təyin edilir. Pensiyaların indeksləşdirilərək artırılması da elektron sistem üzərindən avtomatik olaraq həyata keçirilir, hər hansı sənəd təqdim edilməsinə, müraciət olunmasına ehtiyac qalmır.
Sosial sığorta əsaslı müavinətlərin (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə, doğuma görə və s. müavinətlərin) də elektron qaydada, proaktiv təyin edilməsi mexanizmləri yaradılır.
-Ünvanlı dövlət sosial yardım sistemində bu sistemə əlçatanlığın artırılması üçün son illər üçün hansı addımlar atılıb?
- Son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla yardım üçün müraciət proseduru xeyli sadələşdirilib. Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları qeyd etmələri tələb olunmur. Eyni zamanda ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda bu məlumatlara yerindəcə düzəliş edilməklə müraciətə yenidən baxılır.
Sosial yardım almış ailə sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciət etdikdə həmin ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 1 (bir) və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, yaxud 3 (üç) və daha çox uşaqları varsa, həmin ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.
Fond tərəfindən ünvanlı sosial yardım üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi 2018-2024-cü illərdə 3,6 dəfə artırılmışdır. Ümumilikdə bu dövrdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə 1,7 milyard manat vəsait ödənilib.
- DSMF-nin ”Sosial tərəfdaş” layihəsi hazırda davam edirmi?
- Bu günədək Dövlət Sosial Müdafiə Fondu bir sıra uğurlu sosial layihələr reallaşdırıb. Onlardan biri də 2023-cü ilin sonlarında icrasına başlanılmış sosial ödəniş alan şəxslərə dəstək məqsədi daşıyan “Sosial tərəfdaş” layihəsidir. Bu layihə davam edir.
Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan bu layihə çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər sosial ödəniş aldıqları bank kartları vasitəsilə tərəfdaş şirkətlərdən nağdsız şəkildə alış-veriş edərək 35 faizədək endirimlərdən faydalanırlar. Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən-mağaza, market, klinika, aptek, restoranlardan nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyon 500 mindən çox xidmətlərdən yararlanıb, yaxud alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
Fond paralel olaraq daim diqqət mərkəzində saxlanılan şəhid və müharibə iştirakçılarının ailə üzvləri ilə bağlı sosial layihələr də reallaşdırır. Həmin layihələr çərçivəsində şəhid və müharibə iştirakçılarının övladlarının tibb müəssisələrində müalicə və müayinəsinin təşkili, onların müxtəlif beynəlxalq olimpiadalarda, intellektual yarışlarda, ekskursiya və düşərgələrdə iştirakı təmin olunur.
Yaqut Ağaşahqızı, “İki sahil”