19 iyun 2025 00:57
111

Qərbi Azərbaycan məsələsi artıq sərhədləri aşıb

Politoloq: Bədxah qonşumuzun Qərbi Azərbaycandan olan soydaşlarımızın çağırışlarına reaksiya verməməsi onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir

Müəyyən çətinliklərə baxmayaraq artıq neçə ildir ki, XX əsr ərzində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bütün bu yaşananları beynəlxalq aləmə çatdırmaq üçün səylə çalışır. Odur ki, bu qurum Qayıdış Konsepsiyasına əsasən məsələni beynəlxalq gündəliyə daxil etmək məqsədilə bir-birinin ardınca Azərbaycanda, həmçinin müxtəlif ölkələrdə tədbirlər sərgiləyir. May ayının 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən konfransı buna misal göstərmək olar. Həmçinin TÜRKPA-nın 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında bir daha Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlıq ifadə olunub və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququ dəstəklənib. Azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri də əhatə edib. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan məsələsi artıq sərhədləri aşıb.

Amma təcavüzkar ölkə hələ də bu reallıqla barışmaq istəmir. Hətta Ermənistan rəsmiləri hər vasitə ilə məsələnin beynəlxalq müstəviyə daşınmasının qarşını almaq üçün süni maneələr yaratmağa çalışırlar. Rəsmi İrəvan utanıb-qızarmadan dezinformasiyalar yayır ki, guya azərbaycanlılar Ermənistanı könüllü şəkildə tərk ediblər. Halbuki onların zorakılıqlara məruz qalmaları ilə bağlı kifayət qədər tutarlı faktlar var. Digər tərəfdən, Ermənistan rəsmiləri Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Amma unudurlar ki, Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüquqa tam uyğundur, bu, sadəcə ərazi deyil, insan haqları məsələsidir. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq Azərbaycanın heç bir dövlətə, o cümlədən təcavüzkar ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur. Şübhəsiz, belə münasibət özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin, xüsusilə Fransanın azərbaycanlıların qayıdış hüququna biganəliklə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir. Halbuki Prezident İlham Əliyevin "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində bildirdiyi kimi, Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır: “Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir”.

Politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “İki sahil” qəzerinə açıqlamasında bildirdi ki, deportasiya edilmiş xalqların öz tarixi torpaqlarına qayıtması beynəlxalq hüquqda nəzərdə tutulub: “Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınır və onu bütün dövlətlər, o cümlədən deportasiya edilmiş xalqların yerləşdiyi ölkələr üçün hüquqi məcburi tələbə çevirir. Münaqişələr, etnik təmizləmə və ya məcburi repatriasiya səbəbindən insanların köçkünə çevrildiyi və ya deportasiya edildiyi bir çox hallarda bu hüquq tətbiq edilir”.

Politoloq, həmçinin vurğuladı ki, BMT-nin əsas prinsiplərindən biri də Yerli Xalqların Hüquqları Haqqında Bəyannaməsidir: “Burada təsbit edilən hüquqların hamısı fundamental insan haqları kimi müdafiə olunan bəşəri dəyərlər toplusuna aiddir. BMT konvensiyasının vacib prinsiplərindən biri də bütün dünya dövlətlərinin yerli xalqların hüquqlarını, onların tarixi və mədəni irsinin qorunması və hörmət edilməsini təmin etməkdir ki, son illər bunun üçün təsirli tədbirlər görülməsinə ehtiyac yarandığı sözügedən qurumun özü tərəfindən etiraf edilir. Bunun üçün BMT İnsan Hüquqları Şurasında Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizmi kimi köməkçi orqan təsis edilib. Onun mandatı BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində təsbit edilən yerli xalqların hüquqları, dini, tarixi və mədəni irsinə hörmət edilməsi və qorunması ilə bağlı şuraya ekspert rəyi və məsləhətlər verməklə üzv dövlətlərə bəyannamənin məqsədlərinə nail olmaqda vasitəçilik etməkdir”.

Müsahibimizin fikrincə, bu məsələdə üzv dövlətlərin problemlərə yanaşmasında səmimiyyəti vacib rol oynayır: “Bu mənada bədxah qonşumuzun Qərbi Azərbaycandan olan soydaşlarımızın çağırışlarına reaksiya verməməsi onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”