Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə tədris olunan 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək, müvafiq akkreditasiya sertifikatları ilə təltif olunub. “İki sahil” xəbər verir ki, proqramların akkreditasiyası Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olan Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən aparılıb.
Ötən ay keçirilən akkreditasiya prosesi çərçivəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 ixtisaslaşma (“Bərk cisim elektronikası”, “Biofizika”, “Diskret sistemlər”, “Ekoloji kimya”, “Geokimya”, “Mikrobiologiya”, “Molekulyar biologiya”, “Nanomateriallar kimyası”, “Radiasiya materialşünaslığı”, “Riyazi analiz” və “Riyazi modelləşdirmə”) üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən Universitetdə kompleks və genişmiqyaslı qiymətləndirmə aparılıb. Prosedurlara uyğun olaraq keçirilən sahə səfəri zamanı ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və Universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər. Beynəlxalq ekspertlər Universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Eyni zamanda, akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı da təmin edilib. Yekun qiymətləndirmə nəticələrinə əsasən, təbiət-dəqiq və texniki istiqamətlərə aid magistratura səviyyəsində tədris olunan 11 proqramın 5 il (27 mart 2031-ci il tarixinədək) müddətinə tam akkreditasiyadan keçirilməsi barədə qərar Akkreditasiya Komissiyaları tərəfindən qəbul edilib.
Qeyd edək ki, akkreditasiya prosesi BDU-da həyata keçirilən təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləməklə yanaşı, Universitetin akademik mühitinin inkişafına və qlobal rəqabətqabiliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verir.
Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş Basketbol turniri keçirilib