05 iyun 2025 08:47
146

Londonda Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Azərbaycan Cəmiyyəti (LSESU Azerbaijan Society) Azərbaycan Tələbə və Məzunlar Təşkilatının (ASAP) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Last Tune in London” adlı musiqi və mədəniyyət gecəsi təşkil edib.

“İki sahil” xəbər verir ki, tədbir həm akademik ilin sonunu qeyd etmək, həm də Böyük Britaniyada yaşayan azərbaycanlı tələbə və mütəxəssisləri bir araya gətirmək məqsədi də daşıyıb. Müstəqillik Gününə həsr olunan gecədə xalq musiqisi və səmimi ünsiyyət ruhu ön planda olub.

Tədbirin açılış hissəsində LSE Azərbaycan Cəmiyyətinin üzvləri Zeytunə Sultanzadə və Bəxtiyar Salmanov çıxış edib. Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında bu kimi təşəbbüslərin Azərbaycan gəncləri arasında milli kimliyin qorunması və təbliği baxımından əhəmiyyətini vurğulayıb, xaricdə təhsil alan tələbələrin ölkəmizin mədəniyyət elçiləri olduğunu qeyd edib.

Gecənin əsas qonağı Beynəlxalq Müsabiqələr Laureatı, Prezident təqaüdçüsü, istedadlı pianoçu Vüsalə Babayeva olub. O, ifa etdiyi əsərlərlə tədbir iştirakçılarına yüksək emosional ovqat bəxş edib. Repertuarında Vaqif Mustafazadənin “Mart”, Sevda Məmmədlidən “Azərbaycan naxışları” və Fikrət Əmirov ilə Vaqif Mustafazadənin “Ömrün səhifələri” kimi əsərlər xüsusilə alqışla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar üçün tanışlıq və fikir mübadiləsi məqsədilə qeyri-rəsmi hissə təşkil olunub. Bu səmimi mühit, gənclər arasında mədəni dialoq və yeni əlaqələrin qurulmasına şərait yaradıb.

Qeyd edək ki, tədbir LSE-nin tarixi məkanlarından biri olan “Shaw Library”də, həm də “Founders’ Room” kimi tanınan zalda baş tutub. Bu otaq London İqtisadiyyat Məktəbinin banilərindən biri, yazıçı və ictimai xadim Bernard Shavun həyat yoldaşı Şarlotta Shavun adını daşıyır.

“LSESU Azerbaijan Society” London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən tələbə cəmiyyətidir və əsas məqsədi Azərbaycan mədəniyyətini beynəlxalq tələbə auditoriyasına tanıtmaq, azərbaycanlı tələbələr arasında birlik və həmrəylik yaratmaqdır.