12 oktyabr 2026 20:40
127

Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi

Azərbaycan modelində dünyəvilik prinsipi heç bir halda dini inancların sıxışdırılması anlamına gəlməməlidir, əksinə, dini etiqad azadlığının və fərdi hüquqların ən təhlükəsiz zəmanəti məhz dünyəvi dövlət modelində mümkündür

Azərbaycan Respublikası dünyəvi dövlət quruluşuna malik olmaqla yanaşı, dövlət-din münasibətlərinin harmonik tənzimləndiyi, dini etiqad azadlığının və milli-mənəvi dəyərlərin ən yüksək səviyyədə qorunduğu müasir bir model nümayiş etdirir. Ölkədə etiqadına, inancına və ya dini həyat tərzinə görə heç bir məhdudiyyət qoyulmur, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və dözümlülük mühiti ardıcıl olaraq dəstəklənir.

Azərbaycan tarixən Türk-İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri olmuşdur. Bu gün də dövlət səviyyəsində İslam dininin zəngin adət-ənənələrinə və mənəvi dəyərlərinə böyük ehtiramla yanaşılır. Ölkə rəhbərliyinin birbaşa diqqəti və himayəsi sayəsində respublika ərazisindəki qədim məscidlər, ziyarətgahlar və tarixi-dini abidələr bərpa olunur, yeni ibadətgahlar tikilərək dindarların istifadəsinə verilir. İşğaldan azad edilmiş torpaqlarda 67 məscidin düşmən tapdağından qurtarılması Azərbaycan dövlətinin İslam dini və milli irsimiz qarşısında tarixi xidmətinin bariz nümunəsidir. Zəfərdən dərhal sonra həmin ərazilərdə quruculuq işlərinə məhz dağıdılmış ibadət evlərinin bərpası ilə başlanılması bu mənəvi missiyanın davamlılığını təsdiq edir. İslam dininə aid əlamətdar günlər və bayramlar hər il dövlət səviyyəsində təntənə ilə qeyd olunur, ölkə rəhbərliyi tərəfindən dindarlara təbrik müraciətləri unvanlanır.

Azərbaycan modelində dünyəvilik prinsipi heç bir halda dini inancların sıxışdırılması anlamına gəlməməlidir. Əksinə, tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının və fərdi hüquqların ən təhlükəsiz zəmanəti məhz dünyəvi dövlət modelində mümkündür. Ölkədə müsəlman dindar qadınların baş örtüsü (hicab) və ya öz seçimlərinə uyğun dini geyim geyinməsi ilə bağlı heç bir ümumi qadağa və ya məhdudiyyət tətbiq edilmir. Azərbaycan Konstitusiyası və "Dini etiqad azadlığı haqqında" Qanun hər bir vətəndaşa istədiyi dini həyat tərzini seçmək və sərbəst yaşamaq hüququ verir. Dövlət dini etiqad azadlığını tam təmin etməklə yanaşı, milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin ümumi hüquqi qaydalarını qoruyur. Dini simvollar və ya inanclar digər şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, ayrı-seçkiliyə və ya daxili intizam pozuntularına bəraət qazandıra bilməz.

Təhsil müəssisələrinə gəlincə, burada da dünyəvilik prinsipi uşaqların dini kimliyini inkar etmək və ya İslama qarşı çıxmaq məqsədi daşımır. Dünyəvi təhsilin əsas məqsədi gənc nəslin hər cür kənar ideoloji təsirlərdən, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan və kənar simvolikalardan uzaq, azad və obyektiv mühitdə formalaşmasına şərait yaratmaqdır. Məlumdur ki, məktəb yalnız fənlərin tədris olunduğu təhsil müəssisəsi deyil, eyni zamanda, gələcək cəmiyyətin təməlini qoyan, uşaq və gənclərə sosial həyatda birgə yaşamaq vərdişlərini aşılayan mühüm bir sosial institut rolunu oynayır. Bu baxımdan təlim-tərbiyə ocaqlarında həm şagirdlər, həm də müəllimlər üçün müəyyən edilən geyim normaları sırf zahiri görünüş məsələsi olmayaraq, dərin pedaqoji fəlsəfəyə, sosial adaptasiyaya və daxili intizam qaydalarına dayanır.

Müəllim təhsil ocağının rəsmi nümayəndəsi və peşəkar dəyərlərin daşıyıcısıdır. Onlar üçün vahid geyim qaydalarının tətbiqi məktəbdə peşəkar iş mühitinin formalaşmasına və idarəetmənin effektivliyinə xidmət edən əsas amillərdəndir. Şagirdlərin vahid forma geyindiyi mühitdə müəllimlərin də işgüzar üsluba riayət etməsi məktəbdaxili nizam-intizama hörmət hissini gücləndirir. Bu yanaşma müəllim heyətində komanda ruhunu inkişaf etdirir və təhsil müəssisəsinin imicini yüksəldir. Həmçinin sadə və səliqəli geyim seçimi şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını alır. Bu baxımdan müəllimin görünüşü mühitə uyğun olmalı, onun hərəkət dinamikasına və dərs idarəçiliyinə maneə yaratmamalıdır. Ən əsası isə geyim standartlarının müəyyənləşdirilməsi təhsil mühitində sosial-iqtisadi fərqlərin qabarmasının qarşısını alır və ayrı-seçkilik risklərini minimuma endirir. Tələblərə əməl olunması şagirdlərdə, müəllimlərdə və valideynlərdə təhsilə daha ciddi və məsuliyyətli münasibət formalaşdırır, məktəbdaxili münasibətlərdə peşəkarlığı artırır.

Məktəblərdə geyim norma və standartlarının tətbiqi həm milli qanunvericiliyə, həm də beynəlxalq təcrübəyə əsaslanır. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, dövlət təhsil siyasətinin əsas prioritetlərindən biri milli və ümumbəşəri dəyərlərin sintezinə dayanan dünyəvi təhsil sisteminin inkişafıdır. "Uşaq hüquqları haqqında" Qanun isə uşaqların dini etiqada məcbur edilməsini qadağan edir və dini tərbiyənin uşağın sağlamlığına mənfi təsir göstərməməsini tələb edir. Nazirlər Kabinetinin müvafiq qərarı (21 sentyabr 2026-cı il, № 309 Qərar) ilə şagirdlərin geyim vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipi ilə ziddiyyət təşkil edən geyim elementlərindən istifadəsi məhdudlaşdırılıb. Məktəbin Pedaqoji Şurasının qərarı ilə yalnız milli-mədəni tədbirlər zamanı milli geyimlərdən istifadəyə icazə verilir. Valideynlər bu tələblərə riayət olunmasını təmin etməyə borcludurlar.

Müəllimlərin əmək fəaliyyəti zamanı və məktəbi təmsil etdikləri rəsmi tədbirlərdə sadə, səliqəli, mövsümə uyğun işgüzar geyimdə olmaları təsbit edilib (6 oktyabr 2026-cı il, № 325 Qərar). Geyim elementləri dünyəvilik prinsipinə tam cavab verməlidir. Müəyyən praktiki və spesifik fənlərin (fiziki tərbiyə, kimya, biologiya, fizika, texnologiya, çağırışaqədərki hazırlıq) tədrisi zamanı isə iş şəraitinə uyğun rahat və funksional geyimlərə icazə verilir.

Təhsil müəssisələrində uniforma və geyim standartlarının tətbiqi beynəlxalq aləmdə, xüsusən də region ölkələrində geniş yayılmış təcrübədir. Məsələn, Qazaxıstanda Təhsil və Elm Nazirliyi tərəfindən məcburi məktəbli forması tələbləri 16 fevral 2016-cı ildə rəsmiləşdirilmişdir. Qırğızıstanda hökumətin vahid məktəbli forması haqqında tələbləri 1 sentyabr 2015-ci ildən qüvvədədir. Özbəkistanda dövlət ümumi təhsil məktəblərində şagirdlərin müasir forma ilə təmin olunması barədə qərar 15 avqust 2018-ci ildə qəbul edilmişdir. Türkmənistanda da dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə Prezidentin 1 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənmişdir.

Nəticə etibarilə, Azərbaycan dövlətinin təhsil və ya idarəetmədə tətbiq etdiyi daxili qaydalar İslama və ya dini inanclara qarşı yönəlməyib. Bu addımlar dünyəvi dövlətçilik prinsiplərini, qanunun aliliyini, ictimai intizamı və milli-mənəvi irsin sağlam zəmində gələcək nəsillərə ötürülməsini təmin edən kompleks idarəçilik modelinin tərkib hissəsidir. Bir daha vurğulayaq ki, geyim normativləri təhsil ocaqlarında nizam-intizamın gücləndirilməsinə, korporativ idarəetmə mədəniyyətinin yüksəldilməsinə və təhsilin dünyəvi mahiyyətinin qorunub saxlanılmasına yönəlmiş kompleks və hüquqi baxımdan əsaslandırılmış tədbirlər sistemidir.

Sevinc Azadi, “İki sahil”