05 iyun 2025 00:28
203

Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik problemini elmi cəhətdən araşdırır

Milli Məclisin deputatı: Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti reallıqlara biganə qalmamalı, yeni müstəmləkəçilik tendensiyalarına qarşı birgə səylərlə mübarizə aparmalıdırlar

Fransa və Niderland Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətlərində saxlayırlar. Onlar bu ölkələrin təbii sərvətləri hesabına öz varidatlarını artırır, xalqların milli kimliklərini məhv edirlər. Bir çox tərəqqipərvər ölkələr Afrika ölkələrinin hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan isə bu məsələdə ən aktiv mübarizə aparan bir ölkədir. Belə ki, ölkəmiz Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi addımlar atır. Kolonializmdən əziyyət çəkən xalqlar üçün ümid mənbəyinə çevrilmiş BTQ-nin təşkilatçılığı ilə iyunun 3-də Bakıda keçirilən “İmperial sistem: ideologiyalar və müstəmləkəçilik reallıqları” mövzusunda beynəlxalq elmi konfrans da bunu bir daha təsdiq edir. Müstəmləkəçilik probleminin elmi cəhətdən müzakirə edildiyi bu tədbirdə BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Sent-Lüsiya) xanım June Christine Marie Soomer, ABŞ-ı təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin, PFPAD üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez, “Əlcəzair-2” Universitetinin professoru Chakib Benhafri və digərləri bildiriblər ki, müstəmləkəçilik təkcə siyasi və iqtisadi təzyiq vasitəsi deyil, eyni zamanda, ideoloji əsaslarla bəraət qazandırılmış və uzun müddət davam etdirilmiş idarəetmə sistemidir. Eyni zamanda, kolonializmin davam etməsinin BMT Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və digər çoxsaylı qətnamələrə zidd olduğunu bir daha vurğulayıblar.

Qeyd edək ki, bu beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı da qəbul edilib.

Yeri gəlmişkən, son iki il ərzində BTQ kolonializmə həsr olunmuş 10-dan çox beynəlxalq tədbir təşkil edib. BTQ hesab edir ki, müasir müstəmləkəçiliyin istənilən forması ciddi beynəlxalq hüquqi mexanizmlərlə, ictimai idarəetmə və çoxtərəfli əməkdaşlıq vasitəsilə aradan qaldırılmalı, zülm altında olan xalqların səsləri beynəlxalq təşkilatların,  dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mili Məclisin deputatı Tural Gəncəliyiev mövzu ilə bağlı “İki sahil”ə açıqlmasında bildirdi ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransı idi: “Bununla da BTQ yeni bir ilkə imza atıb. Sözügedən tədbirdə BMT-nin institutlarında təmsil olunan və bu qurumlarla sıx əməkdaşlıq edən ekspertlər müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları elmi və metodoloji yanaşmalar əsasında təhlil edilib. Qeyd olunub ki, müstəmləkəçilik və onunla mübarizə yolları həm də tədris proqramına əlavə edilməli, xüsusilə universitet səviyyəsində tədris edilməlidir. Onu da bildirək ki, müstəmləkəçiliyin ideoloji əsaslarının ifşası və bu siyasətin nəticələrinin beynəlxalq aləmdə müzakirəyə çıxarılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir”.

Müsahibimiz, həmçinin xatırlatdı ki, BTQ müasir dövrdə bəzi Avropa və Qərb ölkələrinin hələ də davam etdirdiyi müstəmləkəçilik siyasətinin ifşa olunması və bu məsələnin beynəlxalq gündəmə çıxarılması istiqamətində çox fəal rol oynayır: “Tədbirin iştirakçısı kimi, mən də bununla bağlı fikirlərimi iştirakçılara çatdırdım. Hətta XX əsr fransız filosofu, yazıçı və dramaturq Jan-Pol Sartrın fikirlərinə də istinad etdim. O, vaxtilə  demişdi ki, kolonialzm və neokolonialzm sistemi bir  sistem kimi fəaliyyət göstərir ki, onu ləğv etmək lazımdır. Əlavə etdim ki, Fransa bir vaxtlar Şimali Afrika və Yaxın Şərqin böyük hissəsini işğal etmişdi. Bu ölkə hazırda da keçmiş müstəmləkəçilik dövrünün siyasətini müxtəlif formalarda davam etdirir. Onların müstəmləkəçilik siyasətinin həmin ölkələrin siyasətinə, iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsirlər göstərir.  Fransa və bəzi digər Avropa ölkələri hələ də müstəmləkəçilik siyasətini insan haqları, demokratiya və digər dəyərlər adı altında davam etdirirlər. Təəssüf ki, müstəmləkə siyasətindən əziyyət çəkən ölkələrin bu siyasətə qarşı mübarizə aparmaq üçün geniş imkanları yoxdur. Bu baxımdan, Bakıda keçirilən beynəlxalq konfrans onların səsini dünyaya çatdırmaq üçün mühüm platformadır. Onu da qeyd edim ki, Fransa Azərbaycanın bu kimi fəallığına olduqca qısqanclıqla yanaşır. Ona görə də ölkəmizə qarşı apardıqları iyrənc siyasətlərinə yeni çalarlar əlavə etməyə çalışırlar. Şübhəsiz, bütün bunlar BTQ-ni haqq yolundan döndərə bilməz. Yəni, ölkəmiz müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərə dəstək verməkdə davam edəcək”.

Milli Məclisin deputatı, həmçinin bildirdi ki, İkinci Dünya müharibəsindən sonra bəşəriyyət yeni bir dünya düzəninin olacağına ümid edirdi: “Amma Fransa kimi dövlətlərin ucbatından bu gözlənti özünü doğrultmadı. Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti reallıqlara biganə qalmamalı, yeni müstəmləkəçilik tendensiyalarına qarşı birgə səylərlə mübarizə aparmalıdırlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”