02 iyun 2025 13:18
191

Latviya strateji obyektlərin yaxınlığında əmlakı olan rusların ölkəyə girişini qadağan edib

Latviya Dövlət Təhlükəsizlik Xidməti son illər ölkədə strateji əhəmiyyətli obyektlərin yaxınlığında mülk sahibi olan bir neçə Rusiya vətəndaşını yoxlayıb.  Xidmət rusların bir qisminin Latviyanın milli təhlükəsizliyi üçün risk yaratdığına qərar verib.

“İki sahil” xəbər verir ki,  bu barədə yerli "TV3" kanalı məlumat yayıb.

Qeyd edilir ki, həmin Rusiya vətəndaşları xidmətin tövsiyəsi ilə "qara siyahı"ya salınıb. Siyahıya nə qədər rusiyalının daxil olduğu açıqlanmayıb.

2024-cü ildə Latviya hakimiyyəti ölkədə yaşayan bütün ruslardan latış dilindən imtahan verməyi tələb etdi. 2025-ci ilin yanvarında Latviya Daxili İşlər Nazirliyi Rusiya və Belarus vətəndaşlarına ölkənin mühüm infrastruktur obyektlərinin idarəetmə strukturlarında vəzifə tutmağı qadağan etməyi təklif edib. Nazirlik "Milli təhlükəsizlik haqqında" qanuna müvafiq dəyişikliklər hazırlayıb və bunu "dövlətin və cəmiyyətin təhlükəsizliyi üçün vacib olan mühüm infrastrukturun mühafizəsinin gücləndirilməsi" zərurəti ilə izah edib.